Böyük Qayıdışa dair I Dövlət Proqramı və onun icrasını təmin etmək üçün müəyyənləşdirilmiş tədbirlər Azərbaycan xalqının, dövlətinin və Prezidentinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını yüksək inkişaf etmiş regionlara çevirmək istəyinin və əzminin ifadəsidir. Dövlət Proqramında öz əksini tapan prioritet fəaliyyət istiqamətləri üzrə bır sıra tədbirlərin həyata keçirilməsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) də əsas və əlavə icraçı kimi iştirakı nəzərdə tutulub.
Dövlət Komitəsi, əsas icraçı kimi, məcburi köçkünlər arasında aparılacaq sosioloji sorğu əsasında əhalinin geri qayıdışı ilə bağlı ilkin proqnozların hazırlanmasını, məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılmasını, tərtib edilmiş planlar üzrə bərpa qrafikinə uyğun olaraq mərhələli formada inşa edilmiş evlərə ailələrin köçürülməsini, geri qayıdan əhaliyə dəstək məqsədilə xüsusi qaynar xəttin yaradılmasını və onların adaptasiyası ilə bağlı tədbirlərin daha səmərəli həyata keçirilməsi üçün müvafiq dövlət orqanları əməkdaşlarının peşəkar təlimlərə cəlb olunmasını, əhalinin yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin təşkilini təmin edəcəkdir.
Bundan başqa, hər bir rayon üzrə yaşayış məntəqələrinin salınacağı ərazilərin və ona dəstək infrastrukturlarının (yerüstü və yeraltı ehtiyatlar, əlavə sahələr) xəritələrinin hazırlanmasında, yaşayış məntəqələrində çoxmənzilli binaların və fərdi evlərin inşası ilə bağlı mərhələli şəkildə tədbirlər görülməsində, ərazilərdə psixo-sosial reabilitasiya, o cümlədən köçürüləcək şəxslərin əvvəlcədən tibbi yoxlanışdan keçirilməsi üçün tədbirlərin təşkilində, mədəni xidmətlərin təşkili üçün bədii kollektivlərin yaradılmasında, əhalinin yaşayış məntəqələrinə qayıdışının asanlaşdırılması və gənclərin bu prosesdə iştirakının təşviqi üçün işğaldan azad olunmuş ərazilərdə məcburi köçkün gənclərdən ibarət könüllü proqramlarının icrasında, yaşayış məntəqələri üzrə qayıdışı dəqiqləşdirilmiş şəxslərin məşğulluğunun təmin edilməsi üçün aktiv məşğulluq tədbirlərinin həyata keçirilməsində, geri qayıdışın ilkin mərhələsində həyətyanı və yaşayış sahələri üzərində istifadə hüquqlarının tanınması ilə bağlı tədbirlər görülməsi üçün və torpaq islahatlarının aparılması ilə bağlı təkliflər verilməsiində, iribuynuzlu və xırdabuynuzlu heyvan fermalarının qurulması, quşçuluq, baramaçılıq, arıçılıq təsərrüfatlarının və s. təsərrüfatların yaradılması üçün güzəştli kreditlərin verilməsində, gənclərin, qadınların və əlilliyi olan şəxslərin sahibkarlıq fəaliyyətinə cəlb olunmasının dəstəklənməsində Dövlət Komitəsinin iştirakı nəzərdə tutulub.
Onu da qeyd edək ki, Dövlət Proqramında nəzərdə tutulan bir sıra tədbirlərin icrasına ərazilərin işğaldan azad edilməsindən dərhal sonra başlanılıb və bu istiqamətdə işlər davam etdirilir. Belə ki, Prezident İlham Əliyevin “Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunun işğaldan azad olunmuş Zabux və Sus kəndlərinin layihələndirilməsi və tikintisi işləri ilə bağlı tədbirlər haqqında” və “Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonunun işğaldan azad olunmuş Şükürbəyli kəndinin layihələndirilməsi və tikintisi işləri ilə bağlı tədbirlər haqqında” 20 sentyabr 2022-ci il tarixli Sərəncamlarının icrası istiqamətində Dövlət Komitəsi tərəfindən zəruri tədbirlər həyata keçirilir.
Ümumiyyətlə, komitə Böyük Qayıdışa dair I Dövlət Proqramı və onun Tədbirlər Planında qarşıya qoyulmuş vəzifələrin vaxtında və tələb edilən səviyyədə icrasına əvvəlcədən ciddi hazırlıq görüb, müvafiq fəaliyyətlər üzrə texniki-təşkilati baza yaradılması istiqamətində zəruri iş aparıb.
Əminliklə demək olar ki, Dövlət Proqramının icrası məcburi köçkünlərin doğma yurda geri qaydışını sürətləndirəcək, işğaldan azad edilmiş ərazilərin tezliklə dirçəldilməsinə, respublikanın sosial-iqtisadi həyatına inteqrasiyasına əlverişli şərait yaradacaqdır.