26.04.2024, 01:34
AZ EN
16.09.2022, 10:03 337

Dəyərli incəsənət nümunəsi

XƏBƏRLƏR
  • "Azərbaycan xalqına müraciət edərək yumruq göstərmişdim düşmənə. Demişdim ki, bu yumruq elə belə yumruq deyil, bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik. Və eyni zamanda bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı yumruq kimi birləşib" – bu fikirləri 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev deyib.

“Dəmir yumruq” dedikdə, ilk olaraq, cənab Prezident İlham Əliyevin yuxarıdakı qeyd etdiyi cümlələr yada düşür. Axı, bu “Dəmir yumruq” bizə qələbələr qazandırıb, torpaq həsrətinə son qoyub. Daha dəqiq ifadə etsək, “Dəmir yumruq” həsrət sözünü yaddaşımızdan silib, bizi vüsalımıza çatdırdı. Məhz bu “Dəmir yumruq” ətrafında xalq olaraq birləşib, bu zəfəri, qələbəni əldə etdik. “Qarabağ Azərbaycandır!” dedik.

Sentyabrın 6-dan 8-dək Bakıda keçirilən 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində - ADEX-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ölkədə bir ilkə imza ataraq “Dəmir yumruq” adlandırdığı maraqlı və cəlbedici kreativ kompozisiya nümayiş etdirdi. Belə ki, dəmir konstruksiyanın tavanına bərkidilmiş nazik şəffaf tellərdən qeyri-mütənasib şəkildə çoxsaylı fotoreproduksiyalar asılmışdı və ilk baxışdan onun “Dəmir yumruq” rəmzi olduğunu görmək olmurdu. Perseptual üslubda 3D formatında hazırlanmış kompozisiyanın bütövlüyünü yalnız bir baxış bucağından görmək mümkün idi.

Kompozisiyanın hazırlanmasında məqsəd xalqımızın birliyini və qələbəsini  rəmzləşdirərək geniş platformada təbliğ etməkdir. “Dəmir yumruq” kompozisiyasındakı şəkillərdə uşaqdan-böyüyə bütün xalqımız əks olunub. Üç gün iştirak etdiyimiz ADEX sərgisində “Dəmir yumruq” kompozisiyasını yüzlərlə insan ziyarət etdi, onun önündə şəkil çəkdirib, öz sosial media hesablarında #idpgovaz,  #44 həştəqləri ilə paylaşdı.

Sərgi ziyarətçiləri arasında “Dəmir yumruq” kompozisiyası ilə şəkil və ya video çəkdirlənərin (müəyyən edilmiş “Zəfər nöqtəsi”ndən kompozisiyaya diqqətlə baxdıqdan sonra)  böyük əksəriyyəti bu sənət əsərinin dəyərli incəsənət nümunəsi olduğunu xüsusi vurğulayırdılar.

Sərgi müddəti ərzində böyük marağa səbəb olan kompozisiyaya baxanlar arasında əcnəbilər vardı. Onlardan bəzilərinin fikirlərini təqdim edirik.

Türkiyəli ziyarətçi: “Bir millət, iki dövlət” deyimdə əks olduğu kimi biz həmişə sizinlə bir yerdəyik. Sərgidəki “Dəmir Yumruq” stendi də çox diqqətimizi çəkdi. Bu bizim birliyimizin bir daha sübutudur. Türkiyə - Azərbaycan bir millətdir. Türklərin hamısının bu qardaşlığı və iş birliyinin genişlədəcəyinə daha da inanıram. Türkiyədən bütün Azərbaycan xalqına dərin hörmətimizi çatdırırıq. Yaşasın Türkiyə - Azərbaycan qardaşlığı!”.

Qazaxıstanlı ziyarətçi: “Kompozisiya çox qeyri-adidir. Ümumilikdə çox gözəl hazırlanıb. Baş vermiş müxtəlif hadisələri əks etdirən şəkillər dostluğu, birliyi və qalib Azərbaycan Dövlətini simvolizə edir. Prezident və onun ətrafında xalq təsvir olunur. Bu yumruğa baxanda düşünürəm ki, gələcəkdə ölkənizdə aydın səma, sülh, əmin-amanlıq olacaq və düşmənləriniz olmayacaq. Sizə xoşbəxtlik, sağlamlıq arzu edirəm”.

İranlı ziyarətçi: “Sərgidə gözəl hazırlanmış stendlər gördüm. Ən gözəl isə “Dəmir yumruq” stendidir. Bu kompozisiyadakı şəkillərə baxdım, gördüm ki, orda cənab Prezident İlham Əliyevin, xanım Mehriban Əliye­va­nın, məcburi köçkünlərin şəkilləri vardı. Bu onu göstərir ki, bütün xalq olaraq birləşdikdən sonra “Dəmir yumruq” əmələ gəlib. Başqa ölkələrdə keçirilən sərgilərdə də olmuşdum, amma bu cür gözəl stend görməmişdim. Torpaqların işğaldan azad olunması bizim hamımız üçün fəxrdir. “Dəmir yumruğ”u görməklə çox şad olduq. Və biz də bu “Dəmir Yumruğ”un bir hissəsiyik”. 

ADEX - 2022 sərgisi zamanı media nümayəndələrinin də diqqətindən kənarda qalmayan “Dəmir yumruq” kompozisiyasına “sərginin ən güclü silahı” adı verilməsi kreativliyi, innovativliyi bir daha özündə əks etdirdi.

Orxan ASLAN

Oxşar xəbərlər