Murğuz Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonradan Sisyan rayonunda kənddir.
Rayon mərkəzindən 31 km cənubda, Sofulu kəndinin yaxınlığında yerləşir. 1590-cı il tarixli “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə Muxris, 1728-ci il tarixli ”İrəvan əyalətinin icmal dəftəri”ndə Mahrus, Qafqazın 5 verstlik xəritəsində Murqus, erməni mənbələrində isə Murxuz formasında qeyd edilmişdir.
Toponim türk dilində “təpə” mənasında işlənən mar sözünün fonetik variantı olan mur sözü ilə ğuz (oğuz etnonimi ərəb mənbələrində adı) etnonimi(8) (9) əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Murğuz kəndində 1886-cı ildə 138 nəfər, 1897-ci ildə 60 nəfər, 1908-ci ildə 170 nəfər, 1914 - cü ildə 190 nəfər azərbaycanlı türk yaşamışdır.
1918-ci ildə azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya edilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanları öz evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 101 nəfər, 1926-cı ildə 164 nəfər, 1931-ci ildə 177 nəfər, 1987-ci ildə 826 nəfər azərbaycanlı türk yaşamışdır.
1988-ci ilin sonlarında kəndin sakinləri Ermənistanistan tərəfindən tarixi-etnik torpaqlarından yenidən deportasiya olunmuşdur. Hazırda orda ermənilər yaşayır.
Hazırladı: Tahirə AĞAMİRZƏ