Acıbac kəndi tarixən türk kəndi olub, Sofulu tayfasının qışlaqlarından biri kimi XVI yüzillikdə salınmışdır. 1918-ci ildə Andranik Ozanyanın ordusu kəndi dağıtmış, əhalini qırmış, sağ qalanlar dağlarla Ordubada qaçmışlar. Həmin dövrdə Acıbac kəndinin XVII yüzilliyə aid müsəlman-türk memarlıq üslubunda tikilmiş Tağlı məscidi yandırılıb, dağıdılmışdır. 1922-ci ildən sonra qaçqın əhali yenidən öz doğma kəndinə qayıtmış, təsərrüfatı bərpa etmişdir. 1931-ci ildə Acıbac kəndində kolxoz qurulmuş, lakin kolxoz bir neçə dəfə qonşu Pəyhan kolxozuna birləşdirilmiŞ və nəhayət, 1965-ci ildə Gığı sovxozunun tərkibinə qatılmışdır.
Acıbac kəndində ilk ibtidai məktəb 1930-cu ildə yaradılmış, 1988-ci ilə kimi isə 8 illik məktəb şəklində fəaliyyət göstərmişdir. 1937-39-cu illərdə kənddən ona yaxın adam heç bir günahı olmadan repressiyaya məruz qalmışdır. Acıbac kəndindən 38 nəfər İkinci dünya müharibəsində iştirak etmiş, onlardan 17 nəfəri geriyə qayıtmamışdır.
Osmanlı İmperiyasının 1593-cü ildə tərtib etdiyi "Urud və İskəndər qalası livalarının müfəssəl dəftəri»ndə kəndin adı «Acbacı« şəklində göstərilmişdir. Xalq etimologiyası ilə «acı bacı« kimi izah edilir.
1886-cı ilin statistik məlumatlarına görə kənddə 202 nəfər azərbaycanlı yaşamışdır.
1988-ci il deportasiyasına kimi kənddə bütünlüklə azərbaycanlılar yaşasa da, kənd əhalisinin kəndlərindən çıxarılmasından sonra kəndə ermənilər köçməyə başlamışlar.
Sevda SÜLEYMANOVA