Uşi kəndinin adı ilk dəfə 1590-cı ildə tərtib edilmiş “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə, daha sonra isə 1728-ci il tarixli “İrəvan əyalətinin icmal dəftəri”ndə və Qafqazın 5 verstlik xəritəsində qeyd edilib.
Abidə Uşi kəndindən bir kilometr Şimal-Qərbdə, dağın Cənub ətəyində yerləşir. Araşdırmalara görə, qala ərazisində eramızdan əvvəl II-I minilliklərə aid yaşayış yeri qalıqları mövcuddur və bu günədək öz mövcudluğunu qorumaqdadır.
Bu barədə məlumatlar AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun əməkdaşı Faiq İsmayılovun Qərbi Azərbaycan abidəsi olan Uşi qalası ilə bağlı məqaləsində yer alıb.
Uşi toponimi
“Uşi” toponimi türk dilində “yüksəklik, dağın zirvəsi” mənasını verən “uç” (uş) sözündən yaranıb. Türk dilində “uş-uç” sözü “son”, “başlanğıc”, “yuxarı”, “zirvə”, “kənar” kimi müxtəlif mənalarda işlədilir. Toponimin sonundakı “i” isə topoformant rolunu oynayır. Bu ad relyef əsasında formalaşmış sadə toponimdir.
Kəndin tarixi
Uşi kəndində əvvəllər yalnız Azərbaycan türkləri yaşayırdı. 1918–1919-cu illərdə ermənilərin təcavüzü nəticəsində kənd sakinləri deportasiya edildi. 1920-ci ildə kəndə Türkiyədən köçürülən ermənilər yerləşdirildi. Ermənilərin təcavüzündən sağ qalan azərbaycanlılar sovet hakimiyyəti qurulandan sonra öz yurdlarına qayıda bildilər.
Ata yurdlarına dönən azərbaycanlılar kənddə məskunlaşdırılan ermənilərlə birgə yaşamağa məcbur oldular. Lakin bu vəziyyət uzun sürmədi. 1948–1949-cu illərdə SSRİ hökumətinin xüsusi qərarı ilə Uşi kəndinin azərbaycanlı sakinləri zorla köçürülərək Azərbaycana göndərildi. Hazırda kənddə yalnız ermənilər yaşayır.
Qalanın saxtalaşdırılması
Ermənilər XX əsrin sonlarında qaladakı bina qalıqlarından birini bərpa edərək, onu V əsrdə tikilmiş erməni monastırı kimi təqdim etdilər. Lakin binanın memarlıq quruluşundakı nöqsanlar, eləcə də onun erməni qriqoryan kilsəsi ilə heç bir əlaqəsi olmadığını göstərir.
Bərpa zamanı binanın ətraf tikinti qalıqlarından ən azı 2,5 metr hündürləşdirilməsi, divarlarda üzlük daşlardan istifadə edilməsi və tağlı tavanın düzbucaqlı formaya salınaraq hündürləşdirilməsi bu iddiaların saxtalığını sübut edir. Qalaya ümumi nəzər yetirdikdə onun istehkam xarakterli olduğu aydın şəkildə görünür və dini məqsədlərə xidmət etmədiyi məlum olur.
Arxeoloji qazıntılar
1999-cu ildə Ermənistan Respublikasının Arxeologiya və Etnoqrafiya İnstitutu qala ərazisində qazıntılara başladı. Qazıntılara Frina Babayan rəhbərlik edirdi, elmi məsləhətçi Aram Kalantaryan, memarlar isə Qriqor və Koryun Qafadaryan qardaşları idi. Aparılan qazıntılar zamanı torpaq qatının altında dini xarakterli heç bir əşya tapılmadı.
Bu səbəbdən qala ərazisindəki tikililərin “bərpa” prosesi yarımçıq dayandırıldı. Hazırda qala tamamilə dağılmaq təhlükəsi ilə üz-üzədir. (AZƏRTAC)