Bu sözləri əslən Laçından olan yazıçı Şərif Ağayar söhbətində deyib.
Yazıçı yurd yeri ilə bağlı acılı-şirinli xatirələrini yada salır: “Laçın mənim uşaqlığım, yeniyetməliyim, gəncliyimdir. Heyf, çox heyf ki, gəncliyimi orada yaşaya bilmədim. İmkan düşdükcə ömrün gündoğanında qalmış xatirələri yenidən yaşamaq, kəndimizin qoxusunu almaq üçün ora tələsirəm. Demək olar ki, hər yay mütləq gedirəm. Bu yay 20 gün doğma yerlərdə qaldım. Keçmişim, uşaqlığım, doğmalarım yenidən gözlərimin önünə gəldi, xatirələrlə qol-boyun oldum. Rayon mərkəzindəki “Simirq” kitabxanasında oxucularla görüşdüm. Laçını tərk edəndə kəndimizdə 120 ev vardı, bu yay isə təxminən 60 evə həyat qayıtmışdı. Kəndimizdə inşaat və quruculuq işləri hələ başlamasa da, yaz-yay aylarında sakinlər doğma yurda dönürlər. Hamı qayıdış həsrəti ilə yaşayır. Təbiət o qədər gözəldir ki, ora ayaq basan geri dönmək istəmir. Sanki torpaqda qəribə bir məhrəmlik var, adamı qoynunda saxlamaq istəyir. Şairanə çıxmasın, kəndə gedəndə daşa, ota, ağaca çevrilib orada qalmaq istəyirəm. Laçın, doğma Ağbulaq mənim üçün bənzərsiz bir nəğmədir. Nə qədər yazıb-yaratsam da, onun gözəllikləri mənim üçün tükənməzdir. İndiyədək qələmə aldığım bütün hekayə və romanların qəhrəmanı kəndimiz və onun adamlarıdır”.
Beş il əvvəl Laçının bir güllə belə atılmadan erməni hərbi birləşmələrindən azad edilməsini Azərbaycan diplomatiyasının və xalqımızın böyük qələbəsi sayan yazıçı Ağbulaq haqqında danışır: “Kəndimiz çox gözəl yerdə idi. Evimizin qarşısında otuz-qırx bulaq vardı. Suyu ağappaq daşların üstündən axdığı üçün bulaqlar dümağ görünürdü. Kəndimizin adı da buradan götürülüb. Bir az yuxarıda isə dağın altından birbaşa çay çıxırdı. Meşələri, qayaları, talaları, çəmənləri təsvirəgəlməz gözəllik idi. Mən oradan daha gözəl coğrafiya təsəvvür edə bilmirəm. Bir də qürub vaxtı sürünün bizim evin qarşısından mələşə-mələşə kəndə tökülməsi… Al-əlvan quzular dağın sinəsində əsrarəngiz bir mənzərə yaradırdı. Düşünürəm ki, kəndimiz tam bərpa olunandan sonra orada turist axınından tərpənmək olmayacaq. Yay boyu yerlilərdən çox qonaq gəlirdi. Bulaqlara getmək üçün növbə tuturduq. Laçın-Minkənd-Kəlbəcər yolu istifadəyə veriləndən sonra ümid edirəm ki, orada yeni həyat başlayacaq. Bunu fikirləşəndə bir az da qısqanıram. Kəndimizin sakitliyini, məhrəmliyini qorumaq istəyirəm. Amma nə etmək olar? Zamanın qarşısına keçmək mümkün deyil. Qoy hamı gəlib o gözəllikləri görsün, doğma yurda, ana təbiətə məftun olsun və həmin gözəllikdən hamıya pay düşsün”. (AZƏRTAC)