20.03.2026, 03:12
AZ EN
19.03.2026, 18:50 113

Müdafiə naziri: Xalq-dövlət-ordu birliyi ən yüksək səviyyəyə çatıb

XƏBƏRLƏR
  • Prioritet istiqamətlərdən hesab edilən ölkəmizin hərbi qüdrətinin və ordumuzun peşəkarlığının daha da artırılması məqsədilə atılan addımlar həyata keçirilən islahatların əsas hissələrindəndir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dövlət və ordu quruculuğu istiqamətində görülən mühüm işlər sayəsində Azərbaycanın dünyada nüfuzu daha da artıb, xalq-dövlət-ordu birliyi ən yüksək səviyyəyə çatıb.

Bu barədə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun Novruz və Ramazan bayramları münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətinə təbrikində bildirilib.

Qeyd olunub ki, bu inamlı fəaliyyətlərin məntiqi nəticəsidir ki, Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə 44 günlük Vətən müharibəsində, eləcə də sonrakı döyüş əməliyyatlarında Azərbaycan Ordusunun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqlar, fədakarlıq nümunələri sayəsində 30 ilə yaxın müddətdə düşmən işğalında olan tarixi torpaqlarımız azad edilib. Müzəffər Ali Baş Komandanın inamlı və uzaqgörən siyasəti, qətiyyətli mövqeyi, ordumuzun qüdrəti sayəsində parlaq Qələbə qazanılıb, respublikamızın ərazi bütövlüyü və suverenliyi tam təmin edilib.

Təbrikdə vurğulanıb ki, ötən il Bakı şəhərində möhtəşəm şəkildə keçirilən 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş hərbi parad gündən-günə qüdrətlənən Azərbaycan Ordusunun yenilməzliyinin bir daha təsdiqidir. Həmçinin Azərbaycanda 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamı işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı yenidənqurma, bərpa və abadlıq işlərinin aparılmasında mühüm rol oynayacaq: “Rəşadətli Azərbaycan Ordusu işğaldan azad olunmuş ərazilərdə Vətənimizin keşiyində mətinliklə dayanmaqla genişmiqyaslı bərpa-quruculuq işlərinin icrasına layiqli töhfələr verməkdədir.

Azərbaycanın müstəqilliyinin qorunması, ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda canlarından keçən bütün şəhidlərimizin xatirəsini hər zaman olduğu kimi, Novruz və Ramazan bayramları ərəfəsində də dərin hörmət və ehtiramla yad edirik. Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, qayğılarının həlli istiqamətində mühüm addımlar atılır”. (AZERTAC)

Oxşar xəbərlər