Rəşid Behbudov adınay Azərbaycan Dövlət Mahnı Teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Musiqi sənəti fakültəsinin Aşıq sənəti kafedrası tərəfindən hazırlanmış “Sazlı, sözlü Göyçəm” adlı konsert proqramı keçirilib.
Bu tədbir, Qərbi Azərbaycanın zəngin aşıq sənəti irsinin qorunması və daha geniş tanıdılması baxımından mühüm mədəniyyət hadisəsi kimi dəyərləndirilir. Konsertdə ADMİU rəhbərliyi, tanınmış mədəniyyət xadimləri, incəsənət nümayəndələri və saz sənətinə maraq göstərənlər iştirak ediblər.
Əməkdar artist, ADMİU-nun professoru Azad Şükürovun aparıcılığı ilə təqdim olunan proqramda Aşıq sənəti kafedrasının müdiri, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aşıq Samirə Əliyeva, dosentlər Hafiz Kərimov, Fəzail Orucov, Nemət Qasımov, Altay Məmmədov, ADMİU-nun müəllimi, “Beynəlxalq Baxşı festivalı”nın Qran Pri mükafatçısı Qəlbinur İbrahimli, həmçinin onların tələbələri və əslən Qərbi Azərbaycandan olan məzunlar çıxış ediblər.
Sənətkarların ifasında Qərbi Azərbaycanın müxtəlif bölgələrinə aid toponimlərlə bağlı aşıq havaları, həmçinin Qərbi Azərbaycan aşıq məktəbinin ustad nümayəndələrinin irsini əks etdirən dastan parçaları təqdim olunub. Bu musiqi nümunələri Qərbi Azərbaycan torpaqlarının əsrlər boyu formalaşdırdığı aşıq sənəti ənənəsinin bu gün də yaşadığını göstərib.
“Sazlı, sözlü Göyçəm” konserti Qərbi Azərbaycanın mədəni irsinin yaşadılması və gələcək nəsillərə ötürülməsi yolunda mühüm addımlardan biri kimi dəyərləndirilir. Konsertin bədii rəhbəri Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aşıq Samirə Əliyevadır.
Qeyd edək ki, tədbirdə Qərbi Azərbaycan İcmasının rəhbərliyi də iştirak edib. İcma Qərbi Azərbaycanın zəngin aşıq irsinin yaşadılması, həm də bu irsin gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən mədəni təşəbbüsləri özünün milli-mənəvi borcu və tarixi məsuliyyəti kimi dəyərləndirir, bu istiqamətdə layihə və tədbirləri ardıcıl şəkildə həyata keçirməyi prioritet hesab edir.
Tahirə AĞAMİRZƏ