16.12.2024, 04:56
AZ EN
13.05.2024, 09:00 297

Mehrab arzusuna çatdı...

XƏBƏRLƏR
  • Bu n Xüsusi Təyinatlı Qüvvələrin baş giziri, kəşfiyyatçı-istehkamçı şəhid Mehrab Söhrab oğlu Niftəliyevin doğum günüdür. O, 1985-ci il mayın 13-də Quba rayonunun Qamqam kəndində anadan olub. 2003-cü ilin iyulunda müddətli hərbi xidmətə yollanıb. Elə hərbi xidmətdə olarkən Xüsusi Təyinatlı Qüvvələrin kursundan keçən Mehrab ümumilikdə 2005-ci ildən 2020-ci ilə qədər Xüsusi Təyinatlı Qüvvələrin döyüşçüsü kimi Vətənə xidmət edib. “Qafqaz qartalı” və EFES kimi çətin hərbi təlimləri uğurla tamamlayaraq kəşfiyyatçı-istehkamçı kimi ixtisaslaşmışdı.

Xidməti dövründə müxtəlif hərbi əməliyyatlarda uğurla iştirak edib. Mehrab Niftəliyev 2016-cı il Aprel döyüşlərində də yüksək şücaət göstərib. Qüsursuz xidmətlərinə və şücaətlərinə görə dəfələrlə medal və diplomlarla təltif olunub. Vətən müharibəsinin ilk günündən ön cəbhədə olan Mehrab Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Xocavənd, Hadrut qəsəbəsi, Şuşa uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıq nümunələri göstərib. O, düşmənin xeyli sayda canlı qüvvəsini məhv edib və texnikalarını sıradan çıxarıb, hərbi qənimət kimi ələ keçirib.

Aprel döyüşlərindən sonra Qamqam kəndinə su çəkdirib. Vətən müharibəsindən əvvəl ailə üzvlərinə kənddə məscid tikdirmək arzusunda olduğunu deyib. Lakin ömrü bu arzusunun gerçəkləşməsi üçün vəfa etməyib.

Mehrab Niftəliyev noyabrın 7-də Şuşa uğrunda gedən döyüşlərdə artilleriya qəlpəsi yarası alıb. Noyabrın 8-də isə şəhadətə yüksəlib. Noyabrın 11-də Sumqayıt Şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Mehrab Niftəliyev ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Həmişə üstündə bayraq gəzdirən kəşfiyyatçımız Cəbrayılda bayrağı ilə düşmən hərbi hissələrinə ilk girənlərdən biri olub. Şəhid qəhrəmanın xanımı Vüsalə Niftəliyeva həyat yoldaşı haqqında qürurla danışır: “Mehrabla 12 il çox xoşbəxt bir ailə həyatımız olub. Onunla bir-birimizi sevib ailə qurmuşduq. Mehrabla ailə quranda bilirdim ki, 2005-ci ildən Xüsusi Təyinatlı Qüvvələrin giziridir. Mehrab döyüş üçün yaranmışdı. Heç bir zaman heç nədən qorxmadı. O qədər güclü idi ki, bizi də güclü görmək istəyirdi. Bizim də hər zaman hər şeyə hazır olmağımıza çalışırdı. O, bizə çox soyuqqanlı, iradəli olmağı, heç nəyin fikrini çəkməməyi, hər şeyi olduğu kimi qəbul etməyi öyrətdi. Çünki özü də elə idi. Fiziki cəhətdən də, psixoloji cəhətdən də hər şeyə hazır idi. Mən onu hər zaman güclü gördüyümdən ölümsüz olacağını təsəvvür edirdim. Həqiqətən də ölümsüz oldu... Mən bir şəhid xanımı kimi fəxr edirəm ki, ərazi bütövlüyümüzün bərpasında, məcburi köçkünlərin torpaq həsrətinə son qoyulmasında Mehrabın da böyük əməyi var. O torpaqların hər qarışı şəhidlərimizin qanı ilə yoğrulub. Şəhidlərin xanımlarına səslənirəm ki, biz güclü olmalıyıq. Çünki bizim həyat yoldaşlarımız çox güclü idi. Ayaqda durub övladlarımızı atalarının istədiyi kimi böyütməliyik. Xalqımız sağ olsun, şəhidlərin əmanətlərini unutmurlar. Sonuncu dəfə sağollaşıb gedəndə aşağı düşmək üçün liftin düyməsini basdı və sonra əlini çəkib geri qayıtdı. Heç vaxt kövrəlməmişdi. Bu dəfə kövrəldi. Dedi, mənə söz ver ki, necə güclü olmusansa, elə də güclü olacaqsan. Gözü doldu və getdi. Hər dəfə mənə deyirdi ki, özündən muğayat ol, uşaqlara yaxşı bax, övladlarımız sənə əmanətdir. Mən şəhid olacağam, amma sən heç vaxt ağlama. Deyirdi şəhid qardaşlarımıza görə məyus olmayın, onlar ən ali zirvəyə yüksəliblər. Mən təkcə həyat yoldaşımı deyil, ən yaxın və sadiq dostumu da itirmişəm. Bu itki, ayrılıq cisməndir. O ruhən hər zaman mənimlədir. Bilirəm ki, yanımızdadır. Tez-tez yuxularıma gəlir. Mehrab elə bir insan idi ki, 35 illik ömrünə hər şeyi sığdırdı. Onun qismətində şəhidlik var imiş. Mən Mehraba adi ölüm yaraşdırmırdım. Allah ona ölümlərin alisini nəsib etdi. O, ən yüksək zirvəyə ucaldı. Şuşanı çox arzulayırdı, muradına çatdı. Şuşa Zəfərini yaşayaraq əbədiyyətə qovuşdu".

Döyüş yoldaşları onun qəhrəmanlıqlarından ağızdolusu danışırlar. Onlara Mehrab kimi silahdaşı itirmək çox çətindir. Bildirirlər ki, dağa dırmaşanda Mehrab üstündə ərzaq yox, ancaq silah götürürmüş və yorulmadan qisasını alırmış.
Mehrab Niftəliyevin ən böyük arzusu işğal altında olan torpaqlarımızı azad etmək və Xocalı faciəsinin qisasını düşməndən almaq idi. O, bu amal uğrunda qəhrəmancasına vuruşaraq arzusuna çatdı...

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, qəhrəman Şəhidim!

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər