22.11.2024, 19:14
AZ EN
20.12.2023, 12:09 222

Rasim evin tək övladı idi

XƏBƏRLƏR
  • Rasim evin tək övladı idi. Amma buna baxmayaraq Vətən müharibəsinin ilk günlərindən silaha sarıldı. O döyüşlərə qatılanda bir il idi ki, ailə qurmuşdu. Vətən çağıranda 4 aylıq oğul övladını anasının qucağında qoyub getmişdi.

Atası deyir ki, Rasimin döyüş yoldaşları tez-tez onlara baş çəkir və oğlunun döyüş yolundan danışırlar. Deyirlər ki, Rasim olduqca çevik, mərd idi. O, yaralı komandirinin silahını götürüb irəli getmişdi. Bir dəfə döyüş zamanı düşmənin vurduğu tankdan iki yaralı əsgərimizi xilas eləyib. Bundan sonra həmin tank yenidən partladılmışdı.

Bu gün doğum günü olan Azərbaycan Ordusunun əsgəri, qəhrəman şəhid Rasim Mirzəyev 1998-ci il dekabrın 20-də Lənkəran rayonunun Gəgiran kəndində anadan olub. Orta məktəbi bitirib və 2017-ci ildə hərbi xidmətə - Qazax rayonuna yollanıb. Hərbi xidmətini şərəflə başa vurduqdan sonra 2019-cu ilin noyabrında Şəlalə Mirzəyeva ilə ailə qurub.

Azərbaycan Ordusunun əsgəri olan Rasim Mirzəyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində atıcı kimi iştirak edib. O, Füzuli və Qubadlı uğrunda gedən qanlı döyüşlərdə şücaətlər göstərib.

Rasim Mirzəyev 2020-ci il oktyabrın 22-də Qubadlı rayonu istiqamətində ağır döyüşlər zamanı qəhrəmancasına şəhadətə ucalıb. Onun nəşi bir müddət neytral zonada qalıb. Şəhidimiz noyabrın 4-də böyük izdiham və ehtiramla doğma Lənkəran rayonunda torpağa tapşırılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Rasim Mirzəyev ölümündən sonra "Vətən uğrunda", “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və başqa medallara layiq görülüb.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, qəhrəman Rasim balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər