Bunu jurnalistlərə açıqlamasında şirkətin İdarə Heyətinin sədri Əfqan Cəlilov bildirib.
"Bildiyiniz kimi, ölkə prezidentinin 5 yanvar 2022-ci il tarixli sərəncamı ilə bu il "Şuşa ili" elan edilib. Bundan irəli gələrək Nazirlər Kabineti tədbirlər planı təsdiq edib. Plan çərçivəsində "Şuşa 270 il" adı altında markalar buraxmalı idik. Bu gün təqdim etdiyimiz 21 növ marka Şuşanın memarlığı, ədəbiyyatı, etnik mədəniyyəti, musiqi mədəniyyəti, flora və faunasını əhatə edir. Bu 5 istiqamətin müəyyən edilməsi üçün ciddi seçim oldu. Markaların 3-nü - "Yuxarı Gövhərağa Məscidi", "Saatlı məscidi" və "Vaqifin Məqbərəsi"ni xüsusi qeyd etmək istəyirəm. Çünki bu mədəniyyət obyektləri ilə bağlı vandalizm aktı ilə üzləşmişik. Həmin markalarda Şuşanın işğaldan əvvəlki və işğal dövründəki vəziyyətini göstərmişik. Ölkədən xaricə gedən konvertlərin üzərinə bu markalar vurulduqda insanlar bizim 30 il hansı vandalizm aktı ilə üzləşdiyimizin şahidi olacaqlar", - deyə o qeyd edib. (Report)