22.11.2024, 09:04
AZ EN
26.04.2024, 09:46 95

Görkəmli alim Zərifə Əliyevanın xatirəsi yad edilib

XƏBƏRLƏR
  • Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şuşa Rayon Mərkəzi Xəstəxanasında Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın əziz xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Şuşa Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə rəhbərləri, Şuşa Rayon Mərkəzi Xəstəxanasının həkimləri və tibb işçiləri iştirak ediblər.

Tədbirdə Şuşa Rayon İcra Hakimiyyətinin Şuşa şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nigar Eyvazova çıxış edərək bildirib ki, Zərifə xanım Əliyevanın çoxcəhətli elmi və tibbi fəaliyyəti təkcə öz dövrü üçün deyil, bu gün üçün də mühüm əhəmiyyət kəsb edir və aktuallığını qoruyur. Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri o qədər zəngin və çoxcəhətlidir ki, onun fəaliyyətinə nəzər salarkən, bir daha bu dahi insanın genişmiqyaslı şəxsiyyət olması qənaətinə gəlmək olur. Zərifə xanımın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim, həkim üçün həyat və mənəviyyat dərsi, kamillik, müdriklik məktəbidir. Onun elmi, tibbi və pedaqoji fəaliyyəti, hər kəs üçün örnək olan yüksək mənəvi keyfiyyətləri haqqında çoxsaylı məqalə, kitab və əsərlər yazılıb və yazılacaq. Çünki Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir.

Şuşa Rayon Mərkəzi Xəstəxanasının direktoru Kəmalə Səfərova görkəmli alimin həyat və fəaliyyətindən söz açaraq bildirib ki, Zərifə xanım Əliyevanın elmi fəaliyyətinin əsas istiqamətlərindən biri də peşə oftalmologiyasına həsr edilmişdir. Zərifə xanım, sözün əsl mənasında, bu sahənin ilk pioneri olmuşdur. Alim dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmış və praktik olaraq elm aləmində yeni bir istiqamətin, "peşə oftalmologiyası"nın əsasını qoymuşdur. Oftalmologiyada peşə xəstəlikləri problemi Zərifə xanımın adı ilə bağlıdır. Oftalmologiyanın sənaye ilə bağlı problemlərinin öyrənilməsinə həsr etdiyi fundamental tədqiqatları alimə böyük şöhrət gətirmiş və onu dünya oftalmologiyası məkanında məşhurlaşdırmışdır. Zərifə xanım elmdə ilk dəfə olaraq yod və şin sənayesi işçilərinin görmə orqanında yaranan peşə xəstəliklərini öyrənmiş və bu xəstəliklərin profilaktika tədbirlərini işləyib hazırlamışdır. Onun bu istiqamətdə apardığı elmi-tədqiqat işləri dünya ədəbiyyatında analoqu olmayan nadir tədqiqatlar sırasındadır.

Böyük alimin əziz xatirəsi daim anılacaq, qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR