Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid öz FB səhifəsində olkə başçısının müsahibəsinə öz fikirlərini bildirib. Həmin yazını “Vətən səsi”nin oxcularına təqdim edirik.
”Şuşa elə bir şəhərə çevriləcək ki, bunun dünyada bənzəri olmayacaq, memarlıq və təbiət bir vəhdət təşkil edəcək.
Ona görə bizim özəl sektorumuz Bakıda, Sumqayıtda hər bir tində ev tikməkdənsə, getsinlər orada evlər tiksinlər və görərlər ki, o iqtisadi cəhətdən də səmərəli olar və eyni zamanda, biznesin sosial məsuliyyəti nöqteyi-nəzərindən də önəmli olar. “
“Ədalətə inam hissi zəifləyəndə bədbinlik və pessimistlik yaranır” sözləri ilə torpaqlarımızın işğal altında olduğu illərin ovqatını xatırladan cənab Prezident lokal antiterror əməliyyatının nəticələri, suverenliyimizin tam bərpası barədə “Azərbaycanın çoxəsrlik tarixində buna oxşar Zəfər olmamışdır” fikirlərini səsləndirdi, bunu epoxal hadisə və parlaq qələbə, yeni dövrün başlanğıcı adlandırdı. Ölkəmizin gələcək inkişafı ilə bağlı fikirlərini bildirən Prezident cəmiyyəti bu məsələ ətrafında ictimai müzakirələrə çağırdı: “Bizim əsas milli ideyamız ərazilərimizi azad etmək idi. Yəni, bütün xalq bu ideya ətrafında, bu amal ətrafında birləşmişdi, biz bunu artıq əldə etmişik. Ona görə gələcək inkişafla bağlı, əlbəttə ki, mənim fikirlərim var və bir çox hallarda onlar həlledici olacaq təbii ki. Ancaq mən istərdim ki, cəmiyyətdə də bu məsələ ilə bağlı diskussiyalar getsin, siyasətçilər, politoloqlar, elm adamları, ziyalılar, yəni, bizim gələcək inkişafımızla bağlı əsas milli ideya və ideyalarımız nə olmalıdır. Bu, bir ictimai müzakirə mövzusu olmalıdır.”
Proseslərə, keçmiş və gələcəyə işıq salan geniş və dərin məzmunlu cavablarına, müsahibə zamanı həm də jurnalistlərin fəaliyyətini yüksək qiymətləndirdiyinə, səmimiyyətinə, ümumilikdə, yerli televiziya kanallarına verdiyi bu ətraflı müsahibəyə görə cənab Prezidentə sonsuz təşəkkürümüzü bildiririk.
Hazırladı: Mina RƏŞİD