10.06.2025, 00:18
AZ EN
30.05.2024, 11:41 356

"Qarabağ" ordenli qəhrəman

XƏBƏRLƏR
  • Tural şəhid olmamışdan bir həftə əvvəl anasına zəng edərək üç oğul övladını ona əmanət etmişdi. Döyüşlərdə böyük şücaət göstərən gizir gözünü qırpmadan düşmənin üzərinə gedirdi və buna görə də bir gün şəhid olacağına inanırdı…   

Bu gün Xüsusi təyinatlı bölüyün giziri, qəhrəman şəhidimiz Tural Fazil oğlu Rəşidovun doğum günüdür. O, 1989-cu il mayın 30-da Balakən rayonunun Tülü kəndində anadan olub. 1995-2006-cı illərdə Balakən rayonunun İ.Nəsimi adına 2 saylı tam orta məktəbində təhsil alıb. Tural Rəşidov 2007-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2007-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.

Tural Rəşidov 2010-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Cəlilabad rayonuna yerləşən “N” saylı hərbi hissəsində “gizir” hərbi rütbəsində xidmət edirdi.

Azərbaycan Silahlı Qüvvələrinin giziri Tural Rəşidov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ, Füzuli, Cəbrayıl və Hadrut istiqamətlərində gedən döyüşlərdə iştirak edib.

Vətən müharibəsində böyük şücaət göstərən Tural Rəşidov oktyabrın 16-da Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimiz Balakən Şəhidlər Xiyabanında böyük izdiham və ehtiramla torpağa tapşırılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Tural Rəşidov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", “Füzulinin azad olunmasına görə", “Kəlbəcərin azad olunmasına görə" medalları və "Qarabağ" ordeni ilə təltif edilib.
Şəhidimiz ailəli idi, onun üç övladı Vətənə yadigar qalıb.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər