"Vətən səsi" xəbər verir ki, noyabrın 28-də Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələri iki ölkənin sərhədindəki Axurik-Akyaka keçid məntəqəsində və Gümrüdə bir araya gəlib. Görüşdə Gümrü-Qars dəmir yolunun bərpası və istismarı ilə bağlı texniki məsələlər ətraflı müzakirə olunub.
Ertəsi gün isə Türkiyənin kənd təsərrüfatı və meşə təsərrüfatı naziri İbrahim Yumaklı İstanbulda Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyanla İstanbulda görüşüb. Tərəflər Ermənistanla Türkiyə arasında müntəzəm təmasların vacibliyini nəzərə alaraq dialoqu davam etdirilməsi barədə razılığa gəlib. Xüsusi nümayəndələriin sərhəddəki müzakirələrində olduğu kimi, bu görüşdə də Qars-Gümrü dəmir yolu xəttinin yenidən açılması imkanları, TRIPP proqramı, o cümlədən Zəngəzur dəhlizi vasitəsilə hər iki ölkə üçün yaranan yeni iqtisadi, logistik və ticarət imkanları geniş müzakirə edilib. Hər iki ölkənin nümayəndələri bazarların şaxələndirilməsi, yeni logistik marşrutların formalaşdırılması, qarşılıqlı iqtisadi maraqların genişləndirilməsinin tərəfdarı kimi çıxış edib.
Türkiyə və Ermənistanla münasibətlərin normallaşdırılmasına dair görüşlərin keçirildiyi ərəfədə İrəvan Bakı ilə də analoji addım atdı. Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın sədrlik etdiyi nümayəndə heyəti noyabrın 28-də ilk dəfə olaraq Azərbaycanın coğrafi mərkəzlərindən olan Qəbələ rayonuna gələrək həmkarı Şahin Mustafayevin başçılıq etdiyi Komissiyanın üzvləri ilə görüşüb. Tərəflər 2025-ci il yanvarın 16-da keçirilmiş əvvəlki görüşün yekunları üzrə əldə olunmuş, delimitasiyası üzrə kompleks işlərin dövlət sərhədinin şimal sahəsindən başlayaraq Azərbaycan Respublikasının, Ermənistan Respublikasının və Gürcüstanın sərhədlərinin qovuşma nöqtəsi ərazisindən cənub istiqamətində, şimaldan cənuba, Azərbaycan Respublikasının və Ermənistan Respublikasının İran İslam Respublikası ilə sərhədinə qədər başlanması barədə razılaşmanı qeyd ediblər. Həmçinin delimitasiya tədbirləri ilə bağlı təşkilati və texniki məsələlər üzrə ətraflı fikir mübadiləsi aparılıb, delimitasiya işlərinin həyata keçirilməsi qaydasına dair təlimat layihələri müzakirə olunub.
Bütün bunların Rusiya və Ukrayna arasında 4 ilə yaxın davam edən qanlı müharibənin dayandırılması və sülh danışıqlarına başlamaq üçün atəşkəsə razılıq verməyə hazırlıqlaşdıqları ərəfəyə təsadüf etməsi də diqqətdən yayınmır. Emənsistanın nümayəndə heyəti Türkiyə ilə olduğu kimi, Azərbaycanla da sərhəd məsələsinin tezliklə və mümkün qədər az ərazi itkisi ilə həll edilməsinin tərəfdarı kimi görünməyə çalışır. Ekspetlərin qənaətinə görə, rəsmi İrəvanın regionda baş verən reallıqlar fonunda həm Türkiyə, həm də Azərbaycanla münasibətlərin normallaşdırılması istiqamətindəki səyləri geosiyasi təhlükələrdən sığortalanmaq üçün son şanslar olduğunun nəhayət ki, anlamağa başlayıb.
Elxan SALAHOV