Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilir ki, nazirliyin təşkilatçılığı ilə keçirilən növbəti tibbi aksiya martın 13-də Ağdam şəhərində baş tutub. Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun həkim heyəti — artroloq, nevroloq, travmatoloq, pediatr, dermatoveneroloq, fizioterapevt-reabilitoloq və tibb bacıları tərəfindən sakinlər üçün səyyar tibbi müayinələr təşkil edilib.
Aksiya çərçivəsində vətəndaşlar nevroloji, artroloji, travmatoloji, dermatoloji, fizioterapevtik və pediatrik reabilitasiya istiqamətləri üzrə müayinələrdən keçirilib. Eyni zamanda, nevroloqlar tərəfindən EMQ (elektromioqrafiya) müayinələri də aparılıb.
Müayinələr zamanı səhhətində müəyyən problemlər aşkarlanan sakinlərə həkimlər tərəfindən ətraflı tibbi məsləhətlər verilib və zəruri hallarda müvafiq müalicə tədbirləri təyin olunub.
Tibbi baxışlar əsasən orta yaşlı əhali arasında onurğa, sinir sistemi, dayaq-hərəkət aparatı, dəri-zöhrəvi və serebrovaskulyar xəstəliklərin erkən aşkarlanmasına yönəlib. Bundan əlavə, 16–65 yaş arası şəxslər arasında skolioz və digər vertebrogen problemlərin diaqnostikası və bərpası aparılıb, 14 yaşadək uşaqlar isə pediatr müayinəsindən keçirilib.
Aksiya iştirakçılarına institutun fizioterapevt və reabilitoloqları tərəfindən profilaktik tövsiyələr də verilib. Bildirilib ki, fizioterapiya prosedurlarının tətbiqi zamanı pasiyentin yaşı, əsas və yanaşı xəstəlikləri, eləcə də gündəlik həyat fəaliyyəti mütləq nəzərə alınmalıdır.
Aksiya çərçivəsində 215-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib.
Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunmuş digər ərazilərdə də əhali üçün mütəmadi olaraq maarifləndirici tədbirlərin və səyyar tibbi müayinə aksiyalarının keçirilməsi nəzərdə tutulur. (Trend)