Məndən inciməsin, qoy ulu Göycəm.
Göyçə naləsinə əlim yetmədi.
Bütün arzularım o yurdda qaldı.
Haqqın ünvanına ünüm yetmədi...
Söhbətinə Hüseyn Arifin bir bənd şeiri ilə başlayan Vətən həsrətli ilə alışıb yanan Fazilə Hüseynova əslən Göyçə mahalındandır. Çəmbərəkənd mahalı, Cil kəndindən. Hüseyn Arifin "Göyçəlilər, dağılmayın Göyçədən"- vəsiyyət etdiyi şeirində, "Zodda Zodu, Cildə Cili saxlayın",- dediyi Cil kəndindən. O kənddəki azərbaycanlılar öz doğma ata-baba yurdunda o torpaqlara sonradan gətirilən ermənilər tərəfindən hər cür zülmlərə məruz qalmışlar. Fazilə xanım da hələ gənc yaşlarından bu hadisələrin içində olmuşdur.
Az.TV-nin qonağı olan xanım yaşadıqlarını danışarkən yenidən həyəcanlanır. Deyir ki, o vaxt mitinqlər bir Zodda, bir də Cəmbərəkənd mahalının Cil kəndində baş verdi. Biz Şorcada toplaşdıq. Çünki Şorca qəsəbə kimi idi, ora Toxlucadan da, Ağbulaqdan da gəldilər. Oraya gələrkən bizim din xadimlərini ermənilər öldürmüşdülər.
Ermənilərin türk müsəlmanlarına qarşı nifrətinin kökü çox uzaqlara gedib çıxır. Bu nifrətdən hər nəsil, hər fərd bir cür payını alıb.
Fazilə xanım ermənilərin zalimliyini unutmadığını, onların vurduğu acını canında yaşadığını dilə gətirərək deyir ki, əməliyyat olmuşdum, həmin vaxt bizə kin qusan erməni tibb bacısı yaramın üstündən elə basdı ki, qışqırmaqdan özümü saxlaya bilmədim. Səsimi eşidən qonşuluğumuzda olan ahıl kimi qapını açıb içəri girdi, soruşdu ki, sən neynirsən? Erməni qadın qayıtdı ki, qanınızı içsəm də uf demərəm.
Bəli, Ermənistan tarix boyu azərbaycanlılara qarşı sözün bütün mənalarında qanımızı içmə siyasəti həyata keçirib. Deportasiya vaxtı qarda qanı donanlar, işgəncələrə məruz qalıb al-qanına boyananlar, ya can, ya Vətən seçimi qarşısında hansını seçməsindən asılı olmayaraq, həyatı alt-üst olanlar, didərgin, qaçqın düşənlər. Vətən yarasından bu gün də al-qırmızı qan axan insanlar bu siyasətin qurbanıdırlar.
Fazilə xanım danışır ki, hər şeyi əvvəldən planlaşdıran ermənilər bizim hesabımıza özləri üçün hər cür şərait yaratdılar. Özləri üçün hər şey tikdilər. Kənd yerində 4 mərtəbəli məktəb tikdilər, telefon çəkdirdilər, bulaqlardan su çəkdirdilər. Amma bizlərə heç nə vermədilər...
Əvəzində azərbaycanlılara Göyçənin gözəl balıqlarından tutmağa belə icazə vermədilər. Gecə-gündüz gölü qorudular.
1988-ci ilin sonuna yaxınlaşdıqca Qərbi azərbaycanlılar ermənilərin daha sərt və ağır işhəncələrinə məruz qalırdılar.
Fazilə xanım Kalinoda turbaların içinə doldurulub diri-diri yandırılan, ermənilərin samovarı qaynaya-qaynaya Aşıq Veysəlin kürəyinə yükləyib sazı əlinə verib çal deməsini də xatırlatdı söhbət əsnasında...
Kənddən çıxanda 25 yaşı olub Fazilə xanımın. Həmin ildən isə 35 il keçib... Amma nə doğulduğu yurdunu, nə də yaşadıqlarını unudub. Bircə ona inanır ki, bu həsrətə də son qoyulacaq. Qərbi Azərbaycandan olan soydaşlarımız gün gələcək, sevinclərini Göyçə gölü ilə paylaşacaqlar....
Hazırladı: Tahirə AĞAMİRZƏ