Qərbi Azərbaycanın Loru mərzində, Allahverdi (Tumanyan) rayonu ərazisində, Ağtala dəmiryol stansiyasından 2.5-3 km aralıda yerləşən Ağtala abidə kompleksi ilkin quruluşunu indiki dövrə qədər saxlamışdır. Bu qala Şəddadilərin və Azərbaycan Atabəylərinin hakimiyyəti dövründə bölgənin müdafiə sistemində mühüm rol oynamışdır. Məbədin adı türkcə "ağ", "tala" sözlərinin birləşməsindən əmələ gəlmişdir. Məbədin yerləşdiyi Ağtala kəndi tarixən türk tayfalarının yurdu olmuşdur. XX əsrin ortalarına kimi burada yalnız Azərbaycan türkləri, yunanlar və gürcülər yaşamışdır. Ermənilər kəndə 1922-ci ildə gəlməyə başlamışlar. Sonralar erməni mənbələrində həmin abidə erməni-gürcü monastırı kimi qeyd edilmişdir. Ağtala kompleksinin yerləşdiyi ərazinin əhalisi sak-skif tayfalarının burada məskunlaşmasından sonrakı dövrdə davamlı olaraq türklər olmuşdur. Qala üç tərəfi dərin dərə ilə əhatə olunmuş yüksək qayalıq ərazidə inşa edilmişdir. Bu qala Gədəbəydəki Namərdqala ilə oxşarlıq təşkil edir. Ağtala qalasının divar və bürcləri mavi bazalt daşlarından inşa olunmuşdur. Bölgədə hakimiyyət Azərbaycan türk sülalələrinin əlində olmuşdur. Burada Hülakilərin, Qaraqoyunluların hakimiyyəti iki əsrə qədər davam etmişdir. Əmir Teymurun Azərbaycana yürüşü zamanı qalanın yerləşdiyi ərazilər də işğal olunmuşdur. Ağtaladakı məşhur qayalardan biri də Teymurləng qayası kimi tanınmışdır.
İsa Musayev