Verilişdə Pəmbək mahalının Qarakilsə rayonunun (indiki Quqark) Hallavar kəndi haqqında məlumat verilir: “Pəmbək, yəni “pambıq” anlamını verdiyi üçün, uzaqdan, yuxarıdan baxanda sanki bir pambıq dağlarını xatırladır. Hallavar kəndi dağların arasında, dərədə qurulmuş ecazkar bir yurd idi. Kəndin ortasından axan Pəmbək çayı bu təbiətə rəngarənglik verməklə bərabər, eynən onun xalçalarına və həyat tərzinə də rəngarənglik verirdi”.
Bildirilir ki, Pəmbək mahalı, xüsusən də Hallavar kəndinin yerləşdiyi strateji əhəmiyyətli nöqtə və ətrafının Azərbaycan mahalları ilə zəngin olması erməni millətçilərinin hər zaman diqqətində idi: “1918-ci il qanlı hadisələrində erməni quldur, cinayətkar dəstələri bu ərazidə, bu dağlarda soyqırım törətdilər. Çox keçmədi ki, 1948-1953-cü il köçürülməsi buradakı əhalinidən də yan keçmədi və öz təsirini göstərdi. Kəndləri boşaltmaq, ziyalıları oradan uzaqlaşdırmaq, düşünən, düşünməyi bacaran, inkişaf etmək istəyən hər bir insanı oradan perik salmaq, uzaqlaşdırmaq əsas hədəf idi və Hallavar tədricən bir qəribsəmə hiss edirdi. 1988-ci ildə azərbaycanlılar oradan birdəfəlik deportasiya olundular”
Verilişdə Hallavarın kənd təsərrüfatı, təbiəti onun xalçalarına xüsusi çalarlar və rənglər bəxş etdiyi vurğulanır: “Bu rənglər içində, əlbəttə ki, əhatə etdiyi insanların gördüyü gözəllik və eyni zamanda, tez-tez gedib-gəldikləri Borçalı, Qazax elinin istər ornamentləri, istər naxış, rəng kompozisiyası fəal iştirak edirdi. Amma çox ciddi şəkildə demək olar ki, Anadolu xalçaçılıq məktəbinin xüsusən rənglərin həllində bura təsiri var idi. Bəzi hallarda Orxon-Yenisey qrafikasında istifadə olunan hərflərin özündən naxışlar yaradıb, bəzən bir tayfanın, bir məqsədin, bir niyyətin adını çox ustalıqla bu naxışların içərisində gizlədirdilər. Əlbəttə, türk inancında xüsusi yer tutan zoomorf elementlər də xalçalarda öz əksini tapırdi. Hallavar xalçaları öz fərqli dəsti-xətti ilə seçilirdi”.
Hallavar sakini Səfayə Rüstəmova deyir ki, Hallavar gözəl təbiətə malik kənd idi. Dərənin içində idi, gözəl yaylaqlarımız, bulaqlarımız vardı. Ali təhsilli cavanları var idi, yaxşı adlı-sanlı ağsaqqalları, ağbirçəkləri var idi. Nədiralı Kəndirbazlar. Qoşabulaq, Mustavaran, Mələkqaçan bizim gözəl yaylaqlarımız olu. Qarabulağımız, soyuqbulağımız, dəyirman dərəsindən axan bulağı, çayı olub. Ley dağı, bizim öz torpağımız elə tomar idi. Bizim yaxşı tomar alması, söyüd alması, ümumiyyətlə, dadlı meyvələrimiz var idi.İki, üç mal qurban kəsərdilər. Ziyarətgahlarımız var idi. Miskin Abdal, Qaradon, Baymax. Hər il avqusun 22-23-ü dördüncü günə hansı düşərdi. Onda hərə evindən bir heyvan götürərdi. Kimdə yox idisə, aparan adamlar da kəsib gətirər, olmayan camaata verədilər. Adətlərimizdən biri də gözəl yuxa bişirmək idi. Yuxa bişirib ehsan edərdik: “Bir qurban yeddi qadanı qaytarır”,- deyərdilər...
Sonda verilişdə Hallavar camaatının ürəyində, arzusunda vətənə, öz torpaqlarına qayıdışın əsas yeri tutduğu diqqətə çatdırılır: “Bu əhali nə qədər müxtəlif yerlərə köçsə də, Bakıda Azərbaycanın digər ərazilərlərində yaşasa da öz adət-ənənələrini, məişətini, vərdişlərini, əsasən də dekorativ tətbiqi sənəti, Hallavar naxışlarını, mədəniyyətini qoruyub saxlayır ki, biz o torpaqlara dönəndə, böyük qayıdış olanda Hallavar elinin yaddaşı da, yaratdığı mədəniyyət abidələri də onunla birlikdə qayıtsın”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Hazırladı: Tahirə AĞAMİRZƏ