20.04.2024, 03:40
AZ EN
02.12.2022, 13:16 275

Türk Ordusunun Qubadlıya gəlişi

ŞƏRQİ ZƏNGƏZUR
  • Qubadlı rayonu Çardaqlı kənd tam orta məktəbinin direktoru, əməkdar müəllim, bir çox kitab və dərsliklərin müəllifi Çingiz Salmanov "Osmanlıda doğulub, Qubadlıda uyuyanlar" kitabında yazır:

-1918-ci ilin yazında Türk qoşunları Qubadlının Dondarlı, Dəmirçilər kəndinin yaxınlığında olan Dağbaşı düzünə gecə ikən çatırlar. Həmin ərazidə çoxlu çadırlar qurulur. Qoşun heyəti (atlı) suvari dəstələrindən təşkil edilmişdi.

Nuru Paşanın tapşırığı ilə İzzət Paşa heyətə rəhbərlik etmişdir. Onu da qeyd etməliyik ki, türk qoşunlarının komandir heyətində Əhməd İzzət Paşa, Süleyman İzzət bəy, Ənvər İzzət Paşa kimi güclü komandirlər olmuşdu. O da məlumdur ki, 1918-ci ilin may ayının 12-dən 25-nə qədər irəliləyǝrǝk türk ordusunun bir hissəsi sal ilə Arazın üzərindən keçǝrǝk Zəngəzurun Aran bölgəsinə çatırlar. Bu bölgədə hərbi mülki quruculuq işləri görmək üçün İzzət bəylə birlikdə iki zabit də göndərilmişdir. Qoşun bölgəyə daxil olanda yerli xalq tərəfindən böyük coşqu ilə qarşılanmışdır. Ermənilər silahlı qüvvələrə malik olduğundan bu bölgǝdə müsəlmanlara nisbətən üstün vəziyyətdə idilər. O səbəbdən qoşun hissələrinin ərazidə yerləşdirilməsi vacib idi. Dəmirçilər kəndindən olan dünyagörüşlü Bəhlul Əfəndi və Hacı Bədəl bir necə ağsaqqalla Seyid Məhyəddin, Seyid Möhü və başqaları ilə birlikdə türk qoşunlarının yerləşdiyi əraziyə gəlirlər və qoşun heyətin rəhbərliyinə İzzət Əfəndiyǝ gəlişlərinə görə də öz minnətdarlıqlarını və kömək üçün nə lazımdırsa edə biləcəklərini bildirirlər.

Həmin gün İzzət Əfəndi Hacı Bədəlin qonağı olur.

İsmayıl Haqqı bəy Qarabağda və Aran Zəngəzurda komandirlik etmiş, orada quruculuq işləri aparmışdır. Gorus istiqamətində aparılan döyüşlərə birbaşa rəhbərlik etmişdir.

Cəmil Cahid bəy bir neçə zabitlə Zəngəzurun Aran bölgəsində quruculuq işləri ilə əlaqədar olmuşdur. O, birinci Azərbaycan firqəsinin komandiri idi. Qarabağda, Zəngəzurda erməni quldur dəstələrinə qarşı döyüşlər aparmış və ermənilərə ciddi zərbələr vurmuşdur. Türk qoşunlarının Azərbaycandan çıxarılması ilə bağlı olaraq Cəmil Cahid bəy 1-ci Azərbaycan firqəsinin komandanlığını general-mayor Usubova təhvil verdi və Qarabağı tərk etdi.

Yerli yaşlı nəslin nümayəndələrinin gördükləri, eşitdiklərini nəzərə alsaq, onda məlum olur ki, Zəngəzurun bütün bölgələrində Qarabəkir Paşanın rəhbərliyi ilə ən çox əməliyyatlar aparılmışdır.

Qara Bəkir Paşanın Hacı Qaraman Çələbinin evində qalması, dəfələrlə əsgər heyəti ilə birlikdə görüşləri haqqında məlumatlar var. Hətta əsgərlərlə birlikdə gəlmiş əsgərlik yaşı çatmayan oğlanı ona tapşıraraq, onunla dinlə məşğul olmasını xahiş etmişdir.

Qarabǝkir Paşanın Əyin kəndi istiqamətində hərəkət edərkən Xələcdə Mir Əhəd ağanı bir dəstə ağsaqqalın onu qarşılaması, bir neçə gün qalması buna əsas verir. 1937-ci ildə Sovet Höküməti Mir Əhməd ağanı tutmaq istəyərkən o, İrana qaçmış ordanda Türkiyəyə Qarabəkir Paşanın yanına getmiş və onun yanında işə düzəlmişdir.

Məzrə istiqamətdə türk ordusunun hərəkəti zamanı Əli Əfəndinin Əziz Əfəndinin onlarla birlikdə döyüşlərdə iştirakları haqqında məlumatlar var.

Qubadlı ərazisindən Ordubada, ordan Naxçıvana keçməsi sübut edir ki, Zəngəzurun aran bölgəsində ən çox Qara Bəkir Paşa döyüşlər aparmışdır.

Türk qoşunlarından Qubadlıda qalan zabit və əsgərlərin övladları onların atalarının Qarabəkir Paşa ilə birlikdə döyüşdüklərini deyiblər.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər