30.04.2024, 09:27
AZ EN
11.08.2023, 17:23 153

Kəlbəcər rayonu, Xaçın knyaz sarayı

ŞƏRQİ ZƏNGƏZUR
  • Kəlbəcər rayonunun Vəngli kəndində yerləşən Xaçın knyaz sarayı XIII əsrə aid tarix-memarlıq abidəsidir. Saray, Xanabert qalasından şimalda, Gəncəsər monastırı yaxınlığında yerləşir. Saray, Həsən sülaləsindən olan Aşağı Xaçın knyazlarının iqamətgahı olmuşdur.

XIII əsrdə inşa edilmiş Xaçın knyaz sarayı dövrümüzə yarıdağınıq vəziyyətdə çatmışdır. Vaxtilə yaxşı müdafiə olunmuş qəsr tipli saraydan qalan hissələr dörd ədəd yarımdairəvi künc qüllələri, giriş qapısı, divarların binə hissəsinin qalıqları, iki zalın divarları və saray otaqlarının əsas divarlarıdır.

Xalq memarlığı ənənələrindən istifadə ilə yaradılmış Xaçın sarayı, sonrakı dövrlərdə yaxın ərazilərdə inşa edilən digər knyaz və məlik saraylarının memarlığına ciddi təsir etmişdir.

Sarayın qismən yaxşı qorunmuş künc qüllələrinin inşasında qonulmamış kvars daşlarından istifadə olunmuşdur. Divarların qalınlığı 1.6-1.8 metrdir. Hazırda dağınıq vəziyyətinə görə qüllələrin neçə mərtbəli olduğunu demək çətin olsa da, daha kiçik ölçülü qüllənin daha qədim olduğu dəqiqdir.

Mənbələrdə yazılıb: "Saray Çoxlu sayda otaqlardan təşkil olunmuş sadə tikili, əhəng məhlulu ilə tikilmiş qala divarları ilə əhatə olunub. Həsən Cəlal sarayının ən cəzbedici hissəsi qəbul otağı və dövrün memarlıq xüsusiyyətlərini qoruyub saxlamış otaqlardan biridir. Otaqlar etibarlı və hündür divarlara malik olmaqla, tağtavanla örtülmüşdür. Yaxşı yonulmuş daşlardan hörülmüş daşıyıcı tağlar, zərif və incə işləmiş kapitellərə söykənir. Otaqlarda nadir hallarda dar pəncərələrə rast gəlinir. Sarayda ümumilikdə neçə otağın olduğunu müəyyən etmək mümkün deyil, çünki bütün tikili sıx ağaclar və moruq kolları arasında qalmışdır. Bitkiləri təmizləməmiş tədqiqatı davam etdirmək mümkünsüzdür.”

Mənbələrdə qeyd edilir ki, tikili qalıqlarına əsasən tağların yaxşı yonulmuş iri kvars bloklarından inşa edildiyini söyləmək mümkündür. Tağtavan dörd dəstək tağı ilə dörd hissəyə bölünürdü. Qərb tağı iki qatlı qalın divara söykənir, digər üç tağ isə zalı və nişdə yerləşən kiçik otağı bərabər hissələrə bölür. Daşıyıcı tağlar iki-üç sıra monolit və bərabər ölçülü daşlardan inşa edilməklə, kəməri bölən silindrik təmələ söykənir. Əsas zalın daşıyıcı tağlarını inşa edərkən Gəncəsər monastırının günbəzini saxlayan iki mərkəzli tağ prinsipindən istifadə olunmuşdur.

Böyük zal dar dəhliz vasitəsiylə tağtavana malik, kvadrat formalı kiçik otaqla əlaqələndirilmişdir. Bu otaqda divarlarda ev əşyalarının yığılması üçün nişlər və buxarı vardır. Otağın bu cür tərtibi onun daha çox məişət xarakteri daşıdığını göstərir.

Müdafiə divarlarının cənub tərəfində digər tikililərin də qalıqları aşkarlanmışdır. Kompleksin şimal tərəfində yerləşən daxili həyətə geniş yer ayrılmışdır. Həyət kompleksi müdafiə edən qala divarları arasındakı hissənin demək olar ki, yarısını tutur.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər