20.04.2024, 11:52
AZ EN
25.11.2022, 10:40 367

Bu gün Kəlbəcərin işğaldan azad olunduğu gündür

ŞƏRQİ ZƏNGƏZUR
  • Ulu Öndərimiz Heydər Əliyev  hələ  1996-cı il aprel ayının 1-də kəlbəcərlilərlə görüşündə “Kəlbəcər yenə də öz keçmiş, gözəl dövrünə qayıdacaq və gələcəkdə ondan da gözəl olacaqdır. O gün həm kəlbəcərlilər üçün, həm də bizim üçün əziz gün olacaqdır”,- demişdir. Bu gün məhz həmin gündür. Bu günü isə xalqımıza Ümummilli Lider Heydər Əliyevin daxili və xarici siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bəxş etdi.

 “Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində (Kevliçer kimi qəbul edilib) “çay üstündə qala” deməkdir. Füsunkar gözəlliyi, atlas geyimli dağlarla əhatə olunmuş Azərbaycanın  bu qala qapısı, zümrüd qaşı – gözəlliklər və möcüzələr diyarı Kəlbəcər ulu tarixə malikdir. 8 avqust  1930-cu ildə rayon statusu alan bu qədim Oğuz yurdu yeraltı və yerüstü təbii sərvətləri, zəngin bulaqları, qaynar mineral çeşmələri, əvəzsiz fauna və florası ilə zəngindir. Elə ona görə də bura Azərbaycanın digər rayonları arasında ərazisinin böyüklüyünə görə birinci yerdədir. Bu yurd yerimizdə işğala qədər mərkəzi Kəlbəcər şəhəri olmaqla, 1 şəhər, 1 qəsəbə, 147 yaşayış məntəqəsi olmuşdur. İşğala qədər rayonun əhalisi 53 478 nəfər idi. Rayonun ərazisi 3054 kv. km. təşkil edir. Kəlbəcərin işğalı zamanı 511 dinc sakin öldürülmüş, 321 adam əsir götürülmüş və itkin düşmüşdür. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşıb. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır.

2020-ci il 10 noyabrı tarixində 3 tərəfli bəyanatdan sonra, noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan, bir şəhid belə verilmədən azad edildi. Bu, Azərbaycanın döyüş meydanında olduğu kimi, diplomatik danışıqlarda da qalib olmasının göstəricisi oldu. Kəlbəcərin azad edilməsi isə Azərbaycanın möhtəşəm tarixi Qələbəsinin təsdiqidir.

Azadlığının ilk günündən “Kəlbəcəri cənnətə çevirəcəyik”,-deyən Müzəffər Ali Baş Komandan bununla həm də kəlbəcərlilərə Böyük Qayıdışa hazırlaşın mesajını verdi.

Bu gün Qarabağı, Şərqi Zəngəzuru başdan yaradan qurucu Lider İlham Əliyev Kəlbəcəri də artıq Azərbaycan və Qafqaz timsalında yox, dünya miqyasında unikal inkişaf məkanına çevirir. Kəlbəcər Azərbaycan iqtisadiyyatına çox böyük gəlirlər vermək imkanlarına malikdir. Bu iki il müddətində  rayonda quruculuq işləri, infrastruktrun qurulması istiqamətində çox ciddi layihələr gerçkləşdirilib və sürətli iş gedir.

Qeyd edək ki, dağlıq ərazidə yerləşən bu rayon üçün yol infrastrukturu mühüm əhəmiyyətə malik  olduğundan, diqqətdə saxlanılır və Kəlbəcərə gedən yollar abadlaşdırılır. İlkin olaraq Göygöl rayonunda Toğanalı-Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində  inşa edilən iki tunelin tikintisi, Göygöl və Kəlbəcər rayonlarını birləşdirən 2-4 hərəkət zolaqlı olmaqla I, II və III texniki dərəcəyə uyğun avtomobil yolunun inşa edilməsi heç də təsadüfi deyil. O, dünyanın ən uzun avtomobil tunellərindən biri olacaq.  Murovdağ tunelinin inşası  və piyadalar və avtomobillər üçün nəzərdə tutulan iki ehtiyat keçidin tikintisi artıq yekunlaşıb. Həmçinin Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi layihəsi çərçivəsində Murovdağ tunelindən əlavə, daha üç tunelin inşası da  nəzərdə tutulur. Uzunluğu 542, eni 12 metr olan birinci və uzunluğu 607 metr olan ikinci tuneldə tikinti işlərinə başlanılıb. Başlanğıcını Göygöl rayonunun Toğanalı kəndindən götürməklə, Kəlbəcərin ərazisindən keçən  Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi sürətlə və həm də keyfiyyətlə davam edirlir. Bərpa edilən regionlarda “yaşıl enerji zonası” konsepsiyasına uyğun,  Kəlbəcərdə  yeni tikilmiş 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası istifadəyə verilib. Bu,  azad edildikdən sonra Kəlbəcərdə tikilərək Lev çayı üzərində istismara verilən ilk enerji istehsalı obyektidir. “Yaşıl enerji zonası” konsepsiyasına uyğun olaraq, ekoloji cəhətdən təmiz enerji istehsal edəcək “Kəlbəcər-1” KSES-də maşın zalı tikilib, yeni aqreqat, generator, idarəetmə panelləri və transformatorlar quraşdırılıb. Burada 110/6 kilovoltluq yarımstansiya da inşa edilib. Görülən işlər nəticəsində Kəlbəcərdə iki istiqamət üzrə 110 kV-luq hava xətləri bərpa edilib, bir istiqamətdə 110 kv-luq, dörd müxtəlif əraziyə isə 35 kV-luq elektrik xətləri çəkilib. Ümumilikdə rayon ərazisində müxtəlif güclərdə 15 komplekt transformator məntəqəsi quraşdırılıb.Bundan başqa, altı müxtəlif istiqamətdə 35 kV-luq müasir izolyasiyalı kabel xətlərinin çəkilməsi nəzərdə tutulub. Həmçinin 110/35 kV-luq “İstisu” yarımstansiyasının, Kəlbəcər və Laçın rayonlarının elektrik şəbəkələrini birləşdirən dairəvi elektrik təchizat sxeminin yaradılması planlaşdırılıb.

Yenidənqurma, abadlıq işlərinin davamı olaraq işğaldan azad olunan rayonlarımızın bir-bir Baş planları təsdiq olunur və onlar əsaslı şəkildə yenidən qurulur, abadlaşdırılır. Kəlbəcər şəhərinin Baş planının hazırlanması zamanı onun özünəməxsus simasının formalaşdırılması üçün ərazinin coğrafi yerləşməsinə, quruluşuna uyğun, müxtəlif memarlıq ənənələri də araşdırılıb, tətbiq edilə biləcək nümunələrlə bağlı təkliflər verilib. Baş planın konseptual əsasını sağlamlıq və dağ turizmi imkanlarının inkişafı, təbiətlə vəhdətdə yaşıl şəhər mühitinin yaradılması təşkil edir. Şəhərin mərkəzi hissəsində çoxmənzilli binalar, ətraflara doğru isə həyətyanı sahəsi olan fərdi evlər inşa olunacaq. Növbəti 20 il ərzində Kəlbəcər şəhərinin ərazisinin 237 hektara, əhalisinin sayının isə 17 min nəfərə çatacağı proqnozlaşdırılır.

Statistikaya əsasən, Azərbaycanda mineral suların ümumi ehtiyatının 33 faizi Kəlbəcər və Laçın rayonlarında yerləşir. Bunun da 42 faizi Laçının, 58 faizi isə Kəlbəcərin payına düşür. Öz kimyəvi tərkibinə, müalicəvi əhəmiyyətinə və bir çox digər xüsusiyyətlərinə görə, nəinki Kəlbəcəri, Azərbaycanı dünyaya tanıdan məhşur “İstisu”nun  da yenidən istirahət və müalicə mərkəzinə çevrilməsi nəzərdə tutulan layihələrdən biri və bəlkə də birincisidir. Təbii müalicəvi mineral suyu olan “İstisu” bulağı ətrafında 1928-ci ildə  tikilmiş sanatoriya da, təəssüf ki, işğal dövründə yararsız hala salınıb. Burada başlanılan abadlıq və yenidənqurma işlərinin sürətlə aparılması deməyə əsas veiri ki, yaxın gələcəkdə “İstisu”nun şöhrəti əvvəlkindən də yüksək olacaq. Sanatoriya həm də ölkəmizi xaricdə turizm məkanı kimi tanıdacaq.

”Yaşıl enerji” strategiyasına uyğun olaraq hazırda Kəlbəcər rayonunun ərazisində ümumi gücü 27 meqavat olan 5 kiçik su elektrik stansiyası tikilir.Kiçik su elektrik stansiyalarında ümumilikdə 9 hidroaqreqat fəaliyyət göstərəcək. Stansiyaların enerjisistemə inteqrasiyası üçün 110 və 35 kV-luq xətlər çəkilir. İşlərin böyük hissəsi görülən bu 5 stansiya rəqəmsal qaydada mərkəzi SCADA Dispetçer İdarəetmə Sisteminə inteqrasiya ediləcək. Açılıb-qoşulma, intellektual tənzimləmə, operativ monitorinq və təhlil aparılması mümkün olan yeni stansiyaların idarə edilməsi Kəlbəcərdən olduğu kimi, Bakıdan da həyata keçiriləcək.Kəlbəcərdə yeni tikilən elektrik stansiyalarında il ərzində ümumilikdə 100 milyon kilovat/saata yaxın ekoloji cəhətdən təmiz enerji istehsal olunacaq. Bu isə 50 milyon kubmetr təbii qaza qənaət edilməsi deməkdir.Dördüncü nəsil sənaye inqilabına uyğun süni intellektə adaptasiya edilən müasir texnologiyalar əsasında ölkənin ən böyük su bazası olan bol sulu Kəlbəcər və Laçın çaylarında nəzərdə tutulandan dəfələrlə artıq ekoloji cəhətdən təmiz hidroyaşıl enerji istehsal etmək mümkündür.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR