21.11.2024, 19:15
AZ EN
09.06.2024, 10:02 375

Qubadlı rayonu, Tatar kəndi

ŞƏRQİ ZƏNGƏZUR
  • Qubadlı rayonunun Tatar kəndi Qarabağ silsiləsində, dağətəyi ərazidə yerləşir. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Qubadlı rayonunun Tatar kəndi Xocahan kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Tatar kənd Soveti yaradılmışdır.

Tatar Toponimi özündə türk tayfaları olan tatarların adını əks etdirir. Erkən orta əsr abidələrinə aid Orxon-Yenisey kitabələrində də tatarların adı çəkilir. Tatar etnonimi ilk dəfə Vll-X  əsrlərdə Baykal gölündən cənub - şərqdə köçəri həyat sürən monqol tayfaları arasında meydana gəlmişdir. XIII əsrdə monqol işğalları dövründə tatarların adı avropalılara da məlum olmuşdur. XIII əsrin 30-cu illərindən monqol işğalları zamanı Azərbaycana gəlmiş tatarların bir qismi sonralar burada məskunlaşdılar. Tatar tayfası monqol işğallarında iştirak edib. Monqol tarixi tədqiqatçısı Rəşidəddin, monqol yürüşlərinin də adını çəkir. XX əsrin əvvəllərində Qafqazda Tatar etnonimi ilə başlayan 14 toponim qeydə alınmışdır. Hazırda Türkiyə və İranda 200 mindən çox Tatar yaşayır. Mənbələrdən məlum olur ki, monqolların "ta-ta" adlı qəbiləsi də olub.

Bəzi tədqiqatçılar belə güman edirlər ki, tatarlar, bəlkə də, monqolların həmin "tata" tayfalarındandır. Tatar sözünün mənası "yoxlamaq", "sınamaq" deməkdir. Tatar sözünün "yad adam" mənası verən "tat" və "kişi" mənası əks etdirən "ar”, "ər" sözlərindən əmələ gəlməsini güman edənlər də var. Bəzi mülahizələrə görə, "tatar" sözü "dağ adamı" mənasındadır.

Monqol əsilli tatar tayfaları Azərbaycana Hülakülərin hakimiyyəti zamanı köçürülüblər.

Tatar etnoniminin adını əks etdirən oronimlərdən aşağıdakılarını göstərmək olar: Tatar kəndi (Cəbrayıl rayonu), Tatarməhlə kəndi (Neftçala rayonu), Tatarlıkəndi (Şəmkir rayonu), Tatar qaya (Laçın rayonu, Haqnəzər kəndi), Tatar dərəsi (Cəbrayıl rayonu, Kürdlər kəndi), Tatarlılar yaylağı (Laçın rayonu, Alxaslı kəndi), Tatar düzü (Cəbrayıl rayonu, Nüsüs kəndi), Tatargöl (Abşeron yarımadasında göl), Tatar çayı (Şəmkir rayonu) və s.

Alagöz dərəsi - rayonun Tatar kəndinin ərazisindədir. Ala rəng mənasında, daş isə müsbət relyef formasını ifadə edir. Belə oronimlər Zəngilan rayonu  (Aladaş dərəsi, Aladaş dağı), Abşeron, Şamaxı, Xızı rayonlarında (Aladaş kəndi) da var.

Qaraqoyunlu Piri - Tatar kəndi ərazisində yerləşir. Yaxın kəndlərin əhalisi tərəfindən ziyarət olunardı.

Ala dağ - deyilən təpə, Tatar kəndindən Zəngilan istiqamətində olan təpənin adıdır. Torpaq çalarlarının rəng dəyişkənliyinə görə adlandırılmışdır.

Tatar dərəsi - Tatar düzü adlı oronimlərə rayon ərazisində rast gəlinir.

“Kitabi- Dədə Qorqud” dastanının bir neçə boyunda tatar adı qeyd olunmuşdur. IV boyda tatara kafirlər düşmən kimi baxırlar. “Qarıdüşmən tatar oğlu əlimizə düşsəydi cəza ilə öldürərdik”...

Tatar kəndi 1993- cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi.

2020 -ci ildə kənd Azərbaycanın Şanlı Ordusu tərəfindən işğaldan azad olunub.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər