Bunu AMEA-nın Tarix İnstitutunun böyük elmi işçisi Ramin Əlizadə deyib.
Tarixçi alim bildirib ki, yeni yaşayış məntəqəsi qısa müddət ərzində Xanlıq adı ilə tanınmağa başladı. Lakin Mehdiqulu xanın Qarabağda taxta oturmasından sonra regionda o zamanın böyük gücləri olan Osmanlı, Rusiya və Qacar imperiyaları arasında müharibə alovu qızışdı. Müharibə alovu Qarabağ və Zəngəzurdan da yan keçmədi.
Rusiya imperiyası 1805-ci il mayın 14-də İbrahimxəlil xan Cavanşirlə imzaladığı Kürəkçay müqaviləsini pozaraq 1822-ci ildə Qarabağ xanlığını ləğv etdi və onun ərazisində yeni inzibati ərazi vahidi olan Qarabağ əyaləti yaradıldı. 1823-cü ildə Rusiyanın Gürcüstanda Baş hakimi polkovnik A.P.Yermolov və həqiqi mülki müşavir K.İ.Mogilevskinin göstərişi ilə tərtib edilmiş “Qarabağ əyalətinin təsviri” adlı rəsmi hesabatdan məlum olur ki, Qarabağ və Zəngəzur ərazilərində yaşayış məntəqələri əsasən Qarabağ xanına və onun yaxın adamlarına məxsus olub. 1866-cı ildə Tiflisdə nəşr edilən bu sənəddə Qarabağın və Zəngəzurun bəzi yer-yurd adları təhrif edilsə də, bölgənin qədim xristian etnosu olan albanların yaşadıqları bir çox yerlər erməni kəndi kimi qeydə alınsa da, bu ərazilərin irsi hakimlərinin əslən Azərbaycan türkü olan Qarabağ xanı və onun ailə üzvləri olduğu açıq-aydın göstərilir:
"1823-cü ildə hazırlanan “Qarabağ əyalətinin təsviri” adlı rəsmi hesabatda Zəngəzurun bir hissəsində (müasir Qubadlı rayonunun ərazisində) xan ailəsinin mülkləri içərisində bir çox kəndlərin adları çəkilir. Bu hesabatı hazırlayan müəlliflər onların bir çoxunun adlarını təhrif etsələr də, diqqətlə nəzər saldıqda hansı kəndlərdən söhbət getdiyi aydın olur. Qeyd edək ki, Azərbaycan türkləri XIX-XX əsrin əvvəllərində “tatar” və ya “müsəlman tatar”, “yarıköçəbə elat” adları ilə tanınırdılar. Bu hesabatda “tatar” və “yarıköçəbə elat” dedikdə məhz Azərbaycan türkləri nəzərdə tutulur". Tarixçi alim sonra qeyd edir ki,1823-cü ildə hazırlanan “Qarabağ əyalətinin təsviri” adlı rəsmi hesabatda Qubadlı ərazisində 24 yaşayış məntəqəsi qeyd edilib: Xəndək, Kevdadıx-Bərgüşad, Bərgüşatlı, Əlyanlı, Tatar, Kubbatı (Qubadlı) (Hesabatın müəllifləri Qubadlı haqqında yazırlar: “Bu kəndə məxsus torpağı Qarabağ xanı İbrahimxəlil xan satın alıb özünün azyaşlı oğlu Mehdiqulu xana hədiyyə edib. General P.S. Kotlyarevskinin xahişi ilə bu ərazinin idarəçiliyi Hacı Ağalar bəyə həvalə olunub. O zaman bu torpaqlar dağıdılmış və əhalisiz qalmışdı. Hacı Ağalar bəy isə İrəvandan, Naxçıvandan və Qaradağdan əhalini gətirib burada məskunlaşdırdı. Bu xidmətinə görə xana heç bir ödənc vermirdi və torpaq sahibi kimi bütün gəliri özünə götürürdü”. R.Əlizadə daha sonra yazır ki, Mehdiqulu xanın 1763-cü ildə anadan olduğunu nəzərə alsaq Qubadlı ərazisinin atası İbrahimxəlil xan tərəfindən ona hədiyyə edilməsinin təqribən XVIII əsrin 70-ci illərindən gec baş vermədiyini deyə bilərik. “Qarabağ əyalətinin təsviri” adlı rəsmi hesabatda bu ərazidən “dağıdılmış və əhalisiz qalmış” yaşayış məntəqəsi kimi bəhs edilməsinə gəlincə, Qubadlı ərazisi şübhəsiz ki, Birinci Rusiya-İran müharibəsinin (1804-1813-cü illər) gedişi zamanı Qarabağın və Zəngəzurun hər yerində olduğu kimi ciddi dağıntıya məruz qalıb, əhalisi isə qonşu bölgələrə məcburi köçkün kimi getmişdir: "Müharibə qurtaran kimi bir çox ərazilərdə olduğu kimi Qubadlının da əhalisi öz doğma el-obasına qayıtmışdır), Xoca-Musaxlı (Xocamsaqlı), Xocahan, Gödəkli (Gödəklər), Sarallı, Məmərli (Məmər), Diləli (Diləli-Müskanlı), Tamirçi (Dəmirçilər), Kayali (Qayalı), Kazianni (Qəzian), Əli Qulu Uşağı (Əliquluşağı), Bəxtiyarlı, Padar (bu kənd Qarabağ xanı Mehdiqulu xanın böyük qardaşı Məhəmmədhəsən ağa Cavanşirin oğlu polkovnik Cəfərqulu xanın mülklərinə daxil idi. “Qarabağ əyalətinin təsviri” adlı rəsmi hesabatda qeyd edilir ki, Cəfərqulu xanın mülkündə Ağa Padarın torpağına İsmayıl Namaz öz iddiasını irəli sürmüşdür), Qaraqoyunlu (“Qarabağ əyalətinin təsviri” adlı rəsmi hesabatda Qaraqoyunlu elatının Qarabağın qədim yarıköçəbə tayfalarından olduğu və böyük hissəsinin Cənubi Azərbaycana Qaradağ mahalına köçdüyü qeyd edilib), Xalaç (Xələc), Xanıxlar (Xanlıq) (Qubadlı ərazisi müharibələr nəticəsində yadellilər tərəfindən tez-tez dağıntıya məruz qaldığından Mehdiqulu xan hələ Qarabağ xanı taxtına oturmazdan əvvəl məhz Qubadlı ərazisində Xanlıq adı ilə özünə yeni iqamətgah seçmiş və burada qərargah inşa etmişdir. “Qarabağ əyalətinin təsviri” adlı rəsmi hesabatda Xanlıq kəndi haqqında verilən arayışdan məlum olur ki, bu yeni salınmış məntəqənin sakinləri qədim Xanlıq kəndindən köçüb gəlmiş əhalidir. Qubadlı ərazisi Azərbaycan türk tayfalarının sıx məskunlaşdığı ərazilərdən biri olduğu üçün yeni Xanlıq kəndinin əhalisi bura yaxınlıqda yerləşən qədim kəndlərdən birindən köçüb gəlib).
Tarixçi alim vurğulayıb ki, hesabatın müəlliflərindən biri olan A.P.Yermolov anti-türk mövqeyi ilə seçilir: "Onun ermənipərəst olması isə açıq-aşkar məlum idi. Buna görə də “Qarabağ əyalətinin təsviri” adlı rəsmi hesabatda Qubadlı ərazisində Azərbaycan türkləri yaşayan kəndlərin qeydiyyatının dəqiq aparılmaması şübhəsiz ki, real demoqrafik faktları saxtalaşdırmaqdan başqa bir şey deyil. Hətta bu siyahıyaalmada Qarabağın və Zəngəzurun yerli xristian əhalisi olan albanlar hamısı erməni adı ilə təqdim edilib.
Qubadlı ərazisində Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin oğlu Mehdiqulu xanın yeni mərkəz kimi inşa etdirdiyi Xanlıq yaşayış məntəqəsi öz dövründə bölgənin mühüm iqtisadi-mədəni mərkəzlərindən birinə çevrilmək ərəfəsində idi. Lakin Xanlıq yaşayış məntəqəsinin daha da inkişaf etdirilməsinə başlıca maneə Rusiya imperiyasının 1822-ci ildə Qarabağ xanlığını rəsmi şəkildə ləğv etməsi oldu. Bununla da Mehdiqulu xan vəzifəsindən kənarlaşdırıldı, Rusiya imperiyasının hakim dairələri tərəfindən yüksək imtiyazlara və vəzifələrə layiq görülmüş erməni şovinist hərbçilərinin və məmurlarının aramsız ciddi təzyiqləri nəticəsində demək olar ki, bütün varidatı əlindən alındı, bir müddət Qarabağdan didərgin düşərək Qacarlar dövlətinə sığınmağa məcbur oldu.
1823-cü ildə Rusiya imperiyasının məmurları tərəfindən hazırlanan “Qarabağ əyalətinin təsviri” adlı rəsmi hesabatda Qubadlı ərazisində ermənilərin hansısa bir qədim yaşayış məskənindən bəhs edilmir, əksinə bu mənbədə yaşayış məntəqələrinin ¾-dən çoxunun əhalisinin Azərbaycan türkləri olduğu qeyd olunub. Qarabağın sonuncu xanı Mehdiqulu xanın Qubadlı ərazisində özünə yeni iqamətgah – Xanlıq yaşayış məntəqəsi inşa etdirməsi bu ərazinin əsl sahiblərinin Azərbaycan türkləri olduğunu bir daha təsdiq edir”, - deyə Ramin Əlizadə qeyd edib.
Hazırladı: Tahirə AĞAMİRZƏ