ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbinin COP29-da çıxışı zamanı Azərbaycan və Ermənistanın hidroloq və mühəndislərinin bölgədə sərhəd çaylarının su ehtiyatlarının vahid idarəetmə sxeminin yaradılması istiqamətində birgə işlə bağlı bəyanatını Ermənistan dərhal təkzib edib. Belə ki, Ermənistan Xarici İşlər Nazirliyi sərhədyanı su ehtiyatlarının idarə edilməsində İrəvanla Bakı Azərbaycan arasında rəsmi əməkdaşlığın olmadığını bildirib. Lakin Ermənistan həmin cavabında iki ölkənin qeyri-hökumət təşkilatları səviyyəsində təmasların olduğunu da gizlətməyib.
Bəs, Ermənistan Xarici İşlər Nazirliyi ABŞ-ın Bakıdakə səfirinin sözlərini niyə dərhal təkzib etmək qərarına gəlib?
"Vətən səsi" xəbər verir ki, politoloq Elxan Şahinoğlu mövzunu şərh edərkən maraqlı bir məqama toxunub. O, qeyd edib ki, ABŞ səfiri öz açıqlamasında sərhədyanı su ehtiyatlarının idarə edilməsi sahəsində təmasların hər iki ölkənin qeyri-hökumət təşkilatları səviyyəsində olduğunu nəzərdə tutub: "Səfir çıxışında məhz bu təmasları nəzərdə tutub. O deməyib ki, su ehtiyatlarının birgə idarə olunması mövzusunda iki ölkənin rəsmiləri danışıqlar aparırlar. Səfir hətta Vaşinqtonun bu təmasları dəstəklədiyini də söyləyib. Çünki Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayarkən, bölgənin ekologiyasına böyük zərər vurub. İndinin özündə Ermənistan Araz çayını çirkləndirir və rəsmi Bakı bu məsələni beynəlxalq təşkilatlar qarşısında qaldırır. Ermənistandakı müəssisələr və mədənlər çirkli sularını və tullantılarını Araz çayına axıdırlar. Ona görə bu problem də iki ölkə arasında müzakirə predmeti olmalıdır. Rəsmi İrəvan bilir ki, ətraf mühitin çirklənməsində məsuliyyəti var. Bu səbəbdən rəsmi danışıqlardan yayınmağa çalışır".
Elxan SALAHOV