İndi isə eyni beynəlxalq birlik və bəzi dövlətlər Laçın sərhəd-keçid məntəqəsinin açılmasını tələb edirlər.
Milli Məclisin deputatı Elnur Allahverdiyev məsələ ilə bağlı “Real” TV-yə açıqlamasında bildirib ki, inandırıcı deyil, ancaq ola bilsin yadlarından çıxıb, amma bizim isə yadımızdan çıxmayıb: ”ABŞ-ın BMT-dəki nümayəndəsi bunu başqa ölkənin ərazisinə birbaşa müdaxilə kimi qiymətləndirmişdir. ATƏT sədrinin dili ilə o zamanda bəyan edildi ki, humanitar yardım ərazi bütövlüyünə hörmət edilməklə həyata keçirilə bilər. Necə olur ki, özlərinə lazım olanda ərazi bütövlüyündən danışırlar, birtərəfli aksiyanı işğal çəhdi kimi qiymətləndirirlər? Bizdən isə Ermənistandan göndərilən yükləri mütləq şəkildə müəyyən bir sərhəddən, yəni Laçın keçid-məntəqəsindən keçməsini tələb edirlər. Rusiya o vaxt məsələni BMT təşkilatında qaldırmışdı. Xarici işlər naziri bununla bağlı müraciət etmişdi. İndi isə Ermənistan nə müraciət edir, nə icazə alır. İrəvandan naməlum yükləri Azərbaycan sərhədinə doğru yollayır. Həmin beynəlxalq birliyin təmsilçiləri isə tökülüşüb gəlib sərhədə ki, bir ovuc separatçı acdır. Yüklər təcili buraxılmalıdır. Hansı məntiqlə? ATƏT sədrinin dedikləri Ukraynada işləyir, Azərbaycanda yox? Avropa birliyi Rusiyanın bu cəhdini hətta humanitar məqsədilə olasa belə birtərəfli hərbi müdaxilə kimi qiymətləndirir. Bu gün isə birdən-birə Avropa birliyi ayrı-ayrı dövlətləri 9 il öncəki mövqelərinin tam əksini sərgiləyirlər, Nə dəyişib?
Elnur Allahverdiyevin sözlərinə görə, Azərbaycan xalqı 30 il ərzində dünya birliyinin beynəlxalq hüququ ayaq altına alıb, tətbiq etdiyi ikili standartlardan əziyyət çəkib: “Ərazimizin 1/5 hissəsi işğal olunub, bir milyonadək qaçqın və məcburi köçkün vətəndaşlarımız çətin şəraitdə yaşamaq məcburiyyətində qalıblar. Qarabağdan və Şərqi Zəngəzurdan qovulmuş və öz ölkəsində məcburi köçkün olaraq ehtiyac içində həyatlarını davam etdirən on beş ildən çox müdətdə quru torpağın üstündə, çadır şəhərçiklərində yaşayan camaatımızın halına yanan olmayıb. Biz beynəlxalq təşkilatların xalqımızıa qarşı bu ögey münasibətini unutmuruq. Əksinə, adlarını vasitəçi qoyanlar üzərlərinə götürdükləri missiyanı yerinə yetirmək bir yana, hələ bizi məcbur etmək istəyirlər ki, reallıqla barışaq. Yurdiumuzu işğal etmiş erməniyə göz yumaq, beynəlxalq hüququ bir kənara, onların hansı mənəvi haqları çatır ki, bizdən bir ovuc separatçının şıltaqlığına görə sərhədlərimizin açılmasını tələb edirlər? Bu, böyük bir sualdır. Bu gün BMT-nin baş katibi bizə müraciət edir ki, bütün hüquqi presudurlara, yerli qanunvericiliyə və beynəlxalq hüquqa uyğun şəkildə fəaliyyət göstərən sərhəd-keçid məntəqəsini açıb Ermənistandan heç bir müraciət və icazə almadan göndərilən yükü öz ərazimizdən burxaq. Görəsən, onun, BMT-nin özünün qəbul etdiyi 4 qətnamənin 30 il ərzində icrasız qaldığından xəbəri varmı? Yoxsa unudub”?,- deyə Elnur Allahverdiyev vurğulayıb.
Millət vəkili hesab edir ki, Laçın sərhəd-keçid məntəqəsinin yaradılması hər hansı dövlətin öz sərhədlərinin təhlükəsizliyini və mühafizəsini təmin etmək, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinin təhlükəsizliyini təmin etmək hüququ kimi, Azərbaycanın da suveren hüququdur.
Hazırladı: Tahirə AĞAMİRZƏ