Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonu öz gözəl təbiəti, meşələri, çayları, bulaqları və digər sərvətləri ilə məşhurdur. Rayonun kəndləri içərisində Avazlar kəndi də mühüm yer tutur. Laçın rayonu, Hoçaz kənd inzibati ərazi dairəsinə mənsub olan kəndin tarixi haqqında yazılı mənbələrə rast gəlinmir. Lakin sonrakı dövrlərdə bir çox araşdırmaçı alim, tədqiqatçı kəndin adı ilə bağlı bəzi fikirlər irəli sürmüşlər. Professor Teymur Əhmədov qeyd edir ki, 6-ci əsr Suriya mənbələrində Şimali Qafqazın Hun əyalətində yaşayan tayfalar arasında Sabirlər, Bulqarlarla yanaşı Avazlar türk tayfaları da üstünlük təşkil edirdi. Professor Ziyadxan Nəbibəyli isə "Zəngəzurun altun tacı Laçın" kitabında yazır: "Mənbələrin araşdırılması bu qənaətə gəlməyə imkan verir ki, Zəngəzurdakı, Yuxarı Qarabağdakı, Qərbi Azərbaycandakı və onların bir parçası olan Laçın bölgəsindəki Avazlar yaşayış məskəninin adı buradakı Avazlar adı ilə məlum olan yer-yurd adları Xəzər və Peçeneqlərin tərkibində olan Xəzərlərdə Avaz, Peçeneqlərdə isə Abas kimi işlənən Avaz türk tayfasının adındandır. Deməli, bu yaşayış yerinin adı "Avaz türk tayfalarının torpağı, yurdu, kəndi, avazların məskunlaşdığı yer kimi başa düşülməlidir". Mənbələrdə o da qeyd olunur ki, Avaz pəhləvan kimi tanınan bir şəxs İran şahının qardaşını qətlə yetirdiyi üçün Şimali Azərbaycana gəlir və təhlükəsiz yer kimi buranı seçir, ərazidə məskən salır. Ona görə də kəndin adını Avazlar adlandırırlar. Avaz Novruzovun iki oğlu olub, Həsənəli və Fərzəli. H. Novruzovun törəmələri Bərdə, F. Novruzovun törəmələri isə Tərtər rayonu ərazisində yaşayırlar. Rayon mərkəzindən 25 km şimal - qərbdə yerləşən Avazlar kəndində məktəb, klub, kitabxana, mağaza fəaliyyət göstərmişdir. Əhalinin əsas təsərrüfatı heyvandarlıq idi.
İsa MUSAYEV