Bu fikirləri müsahibəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Yalçın Adıgözəlov deyib.
İki gün əvvəl Türkiyənin İzmir şəhərində çox gözəl konsert proqramı ilə tamaşaçıların qarşısına çıxdıqlarını bildirən Xalq artisti “Dədə Qorqud” kamera orkestrinin bu qastrol səfərinə Türkiyənin dünya şöhrətli fleyta ustası, dövlət solisti Şəfiqə Kutluerin “Şərq Qərblə görüşür” festivalı çərçivəsində dəvət aldığını da deyib: “Bu gün İstanbul Süreyya Operasında daha bir çıxışımız oldu. Sonrakı konsertimiz isə Ankaranın məşhur Türkiyə Prezidenti Administrasiyasının Simfonik Orkestr Salonunda keçiriləcək. Hər üç proqram Vətən müharibəsində qazanılan Qələbənin dördüncü il dönümünə həsr edilib. Şəfiqə xanımla birgə fəaliyyətimizin davam edəcəyini düşünürəm. Fərqli ölkələrə birgə səfərlərə çıxmağa da hazırlaşırıq. Fikrimcə, proqram tamaşaçılar tərəfindən bəyənildi. Bunu alqışlardan hiss etmək o qədər də çətin deyildi. Burada əsas məqsəd günümüzdə dünyanın ehtiyac duyduğu dostluğu, sülhü Azərbaycan, Türkiyə və Avropa bəstəkarlarının əsərlərinin simasında musiqinin dili ilə tamaşaçıya çatdırmaqdır”. (AZƏRTAC)