20.11.2025, 02:18
AZ EN
18.11.2025, 08:56 203

Bu gün Beynəlxalq İslam İncəsənəti Günüdür

XƏBƏRLƏR
  • Bu gün Beynəlxalq İslam İncəsənəti Günüdür. Əlamətdar gün 2019-cu ildə UNESCO-nun Baş Konfransının 40-cı sessiyasında elan edilib və hər il noyabrın 18-də keçirilir. Bu günün qeyd edilməsi İslam aləmi tarixi və müasir mədəniyyətinin incəsənət vasitəsilə sivilizasiyaya verdiyi töhfələr haqqında məlumatlılığı artırmaq məqsədi daşıyır.

UNESCO-nun müraciətində deyilir ki, Beynəlxalq İslam İncəsənəti Gününün ümumdünya miqyasında qeyd olunması təkcə digər bədii cərəyanlara ilham verən İslam incəsənətinin qiymətləndirilməsini təşviq etmir, həm də mədəni müxtəlifliyə, ifadə azadlığına, mədəni irsin qorunmasına və mədəniyyətlərarası dialoqa töhfə verir. Bu həmçinin  xalqlar arasında tolerantlığı inkişaf etdirmək və mədəni yaxınlaşmanı dəstəkləmək üçün bir yoldur və onların hər ikisi incəsənətin gücü ilə mümkündür.

Bu əlamətdar gündə qədim və müasir Azərbaycan incəsənətinin də dünya mədəniyyətinə verdiyi böyük töhfələrdən danışmaq yerinə düşər. Müstəqillik illərində Azərbaycanın tarixi maddi-mədəni irs nümunələri olan İçərişəhər Tarixi-Memarlıq Qoruğu, Şirvanşahlar sarayı, Qız qalası, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu UNESCO-nun Ümumdünya Maddi-Mədəni İrs Siyahısına, 11 qeyri-mədəni irs nümunəsi — Azərbaycan muğamı, Azərbaycan aşıq sənəti, Novruz bayramı, Azərbaycan xalçaçılıq sənəti, Azərbaycan tar ifaçılıq sənəti, Qarabağ atüstü oyun ənənəsi — Çövkən, Azərbaycan kəlağayı sənəti, Lahıc misgərlik sənəti, Lavaş, Azərbaycan dolması və Kamança Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına, eyni zamanda, 2017-ci ildə Azərbaycanın Şəki şəhəri UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilib.

Azərbaycan — UNESCO əlaqələrinin inkişafında yaddaqalan və vacib məqamlardan biri 1996-cı ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 500, 2000-ci ildə isə “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileylərinin Parisdə — təşkilatın qərargahında təntənə ilə qeyd edilməsidir.

UNESCO-nun Yubileylər Proqramı çərçivəsində onlarca yubiley tədbiri beynəlxalq səviyyədə qeyd edilib. Onların sırasında böyük alim Nəsirəddin Tusinin anadan olmasının 800 (2001-ci il), şərqşünas alim Mirzə Kazımbəyin 200 (2002-ci il), görkəmli alim, məşhur rəssam, xalça ustası Lətif Kərimovun 100 (2006-cı il), dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının ilk tamaşasının 100 (2008-ci il), görkəmli yazıçı Mir Cəlal Paşayevin 100 (2008-ci il), böyük rəssam Səttar Bəhlulzadənin 100 (2009-cu il), tanınmış alim, akademik Musa Əliyevin 100 (2009-cu il), orta əsrlərin məşhur şairəsi və alimi Məhsəti Gəncəvinin yaradıcılığının 900 (2013-cü il), dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının 100 (2013-cü il), filosof alim Seyid Yəhya Bakuvinin vəfatının 550 illik (2013-cü il), dahi bəstəkar Qara Qarayevin anadan olmasının 100 illiyi və s. yubiley tədbirlərini göstərmək olar. Mədəniyyətlərin qovuşduğu körpü rolunu oynayan Azərbaycan Respublikası UNESCO-nun dəstəyi ilə bir sıra beynəlxalq tədbirlərə də ev sahibliyi edib.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər