İrəvan hakimləri və xanları üçün tikilən ilk iqamətgahlar haqqında tarixdə məlumatlar azdır. Bunun əsas səbəbi İrəvanın Səfəvi – Osmanlı müharibələrində üç əsrə yaxın müddətdə dəfələrlə əldən-ələ keçməsi, 1679-cu il zəlzələsində dağılmasıdır. İrəvan şəhərinin mülki memarlıq nümunələrindən ən diqqət çəkəni Sərdar sarayı, yaxud Xan sarayı İrəvan qalasının şimal-qərb hissəsində yerləşib. Saray kompleksi vaxtilə bura gələn səyyahları heyran edib. İrəvan qalası tikilən vaxtdan, 1510-cu ildən mövcud olan saray İrəvan sərdarı Əmirgünə xan Qacar tərəfindən ucaldılıb. 1760-1770-ci illərdə İrəvan xanı Hüseynəli xan tərəfindən təkmilləşdirilib. 1791-ci ildə Hüseynəli xanın oğlu Məhəmməd xan sarayın Güzgülü salonunu və yay imarətini inşa etdirib. Saray kompleksi Zəngi çayının qorxunc uçurumu kənarında qərar tutmuş, çayın digər sahili boyunca isə müxtəlif gül-çiçək və meyvə ağacları ilə zəngin olan Xan bağı salınmışdı. Sarayın 1837-ci ildə tərtib edilmiş mükəmməl planına əsasən, onun 1 hektar ərazini əhatə etdiyi mənbələrdə qeyd olunur. İrəvan xanlarının iqamətgahı qala kompleksinin şimal-qərb hissəsində yerləşib və qaladan saraya qapı açılıb. Saray kompleksi bir neçə binadan ibarət olub. Rəsmi tədbirlər üçün nəzərdə tutulmuş ikimərtəbəli saray trapesiya formasında tikilib. Sarayın ortasında şahın təntənəli qarşılanması üçün böyük eyvan olub. Eyvanın qurtaracağında Zəngi çayına açılan və rəngli şüşələrlə bəzədilmiş, şəbəkələrlə ayrılan yataq yerləri – taxçalar düzəldilib. Düzbucaqlı formalı ikimərtəbəli hərəmxana binası cənub-qərb tərəfdən saraya bitişik tikilib. Hərəmxananın həyətində hamamın yanında isə uzunluğu 32, eni 9 metr olan böyük hovuz olub. Həmin dövrdə təsviri sənətin geniş yayılmış növü olan divarüstü boyakarlıq və memarlıq abidələri burada da əksini tapmışdır. Avropa səyyahlarını və rəssamlarını valeh edən də Sərdar sarayının memarlığından daha çox, onun zəngin bədii tərtibatı, divarları bəzəyən portret və süjetli kompozisiyalardan ibarət monumental boyakarlıq əsərləri olub. İrəvan Xan sarayının daxili tərtibatı haqqındakı yazılar, 1828-ci ildə rus rəssamı akademik V.Maşkovun, 1840-cı illərdə arxeoloq alim və rəssam Q.Qaqarinin, XIX əsrin 60-cı illərində fotoqraf D.Yermakovun, əsrin sonunda ingilis səyyahı H.Linçin bilavasitə naturadan çəkdiyi rəsm və fotolar sarayın bədii tərtibatı, divar rəsmlərinin məzmunu, forma və üslubu, professional sənətkarlıq və estetik xüsusiyyətləri haqqında fikir söyləməyə imkan verir. Güzgülü zal və yay köşkünün divarlarını bəzəyən ilkin rəsmlərin müəllifi bəlli deyil. Dekorativ və süjetli divar rəsmləri həmin dövrdə mövcud olmuş sənət kanonlarına və ənənəyə əsaslanır. Divarların yuxarı səthində taxçalarda və taxçalararası pannolarda həndəsi və stilizə edilmiş nəbati motivlərdən ibarət dekorativ kompozisiyalar, gül-çiçəklərin, heyvan və quşların canlı, real təsvirləri verilib. Sarayın bədii tərtibatının əsasını portret təsvirləri və çoxfiqurlu süjetli kompozisiyalar təşkil edib. Bir sıra Avropa səyyahları müxtəlif vaxtlarda İrəvanda olmuş, Xan sarayını, onun Güzgülü zalını, qaladakı və şəhərdəki məscidləri, hovuz və hamamları, Zəngi çayından enib keçən yeraltı mərmər pilləkənli yolu öz əsərlərində təsvir ediblər.
İngilis səyyahı H.Linç İrəvan sarayın Güzgülü zalını belə təsvir edib: “Şəbəkəli tağların saysız-hesabsız güzgüləri ətrafa büllur kimi şölə saçır. Salonun tavanı başdan-başa bəzəyə qərq olub. Tavanın aşağısı bolluca nəbati naxışlarla bəzənib ki, bunlar da əsasən süsən və qızılgüllərdən ibarətdir”. Güzgülü zalın dərin çatma tağlı ön divarında ornamental pannolarla tavan arasında qalan zolaqda oxşar və eynibiçimli çərçivə daxilində Fətəli şahın, onun oğlu Abbas Mirzənin, İrəvan xanı Hüseynqulu xanın və qardaşı Həsən xanın, dastan qəhrəmanları Rüstəm Zalın, onun oğlu Zöhrabın portretləri, İran-rus müharibəsindən döyüş səhnələri təsvir olunubmuş. İrəvanın rus qoşunları tərəfindən işğalından (1829) sonra tədricən baxımsızlıq üzündən yararsız hala düşən, nəmişlikdən divar rəsmləri korlanan, karniz və tavanın güzgüləri qopub tökülən Xan sarayında qismən də olsa bərpa işləri aparılıb. Bərpa işlərini Azərbaycan dəzgah boyakarlığının banisi Mirzə Qədim İrəvani (1825-1875) həyata keçirib. Mənbələrdə vurğulandığına görə, xüsusi rəssamlıq təhsili almayan Mirzə Qədim İrəvani bu sənəti bədii oyma ustası olan atasından öyrənib. Yaradıcılığının ilk dövrlərində dekorativ sənətlə məşğul olmuş, bir sıra portretlər – “Süvari”, “Rəqqasə”, “Dərviş” və s. yaratmış, İrəvan sərdarının sarayındakı pannoları və süjetli kompozisiyaları bərpa etmiş, sarayın Güzgülü zalında yağlı boya ilə bir neçə monumental portret (Fətəli şah, Abbas Mirzə və s.) çəkmişdir. Onun 1860-1870-ci illərdə yaratdığı “Vəcihulla Mirzə”, “Ayaq üstə dayanmış qadın”, “Oturmuş qadın”, “Gənc oğlan” rəsmləri Azərbaycan Milli İncəsənət Muzeyində, “Şah Tələt” əsərləri Gürcüstan Dövlət İncəsənət Muzeyində, “Çiçəklər və quşlar” isə Sankt-Peterburqda Ermitajda saxlanılır. Sarayın bərpadan əvvəlki və sonrakı tərtibatına aid əyani materialın müqayisəli təhlili göstərir ki, divar rəsmlərinin ancaq bir hissəsi – portretlər və dekorativ pannolar bərpa edilib. Qalan rəsmləri bərpa etmək mümkün olmadığından onların yerində yeni ornamental-dekorativ pannolar çəkilib. Portretləri bərpa edərkən M.Q.İrəvani yeni texniki vasitələrlə, əvvəlkilərdən fərqlənən yeni əsərlər yaradıb. Böyük ölçülü kətan üzərində yağlı boyalarla işlənilib sonradan divara yapışdırılmış bu əsərlər əslində realist monumental boyakarlığın ilkin nümunələri idi.
Uzun illər ermənilər məqsədyönlü şəkildə türk-müsəlman aləminə məxsus olan tarix və mədəniyyət abidələrini yer üzündən silməyə çalışıblar. Erməni vandalları bu məqsədlərini Qərbi Azərbaycan torpaqlarında tam olaraq həyata keçirə biliblər. Qərbi Azərbaycanda 1800-dən çox türk-müsəlman mənşəli tarixi-mədəniyyət abidəsi ya erməniləşdirilib, ya da tamam məhv edilib. Bunların arasında İrəvan sərdarlarının və xanlarının iqamətgahı olmuş İrəvan qalasındakı Sərdar sarayı və ya İrəvan Xan sarayı da var.
Saray hələ 1913-cü ildə ermıni millətçilərinin təcavüzünə məruz qalaraq qismən dağıdılmışdı. 1918-ci ildə ermənilər sarayın binasını yerlə-yeksan etmişdilər. Bununla da Səfəvi və Qacar dövrünə məxsus olan saray memarlığının gözəl və dəyərli bir nümunəsi yer üzündən silinib.
Hazırladı: Tahirə AĞAMİRZƏ