Bu fikirləri müsahibəsində konsertin təşkilatçısı Mədəniyyətlərarası Əlaqə Dərnəyinin sədri, Azərbaycanəsilli vəkil Nərgiz Attar ifadə edib. Qardaş ölkə Türkiyədə bu kimi tədbirlərin keçirilməsinin onda fərqli hisslər doğurduğunu qeyd edən müsahibimiz deyib: “Bu tədbirlərlə insanlar Qarabağın azadlığa qovuşması Zəfərini təkrar xatırlayır, onun coşğusunu yaşayır, Azərbaycanın sevincini bölüşürlər. Dünyaşöhrətli fleyta ustası, Türkiyənin Dövlət solisti Şəfiqə Kutluer və dirijor, Xalq artisti Yalçın Adıgözəlov kimi olduqca məşhur sənətkarlarla belə tədbirlərin keçirilməsi isə insanı daha da qürurlandırır”.
Türkiyədə, xüsusilə İstanbulda turistlərin sayının çox olduğunu xatırladan vəkil bildirib ki, bu baxımdan belə mərasimlər Qarabağ Zəfərini daha geniş ictimaiyyətə çatdırmaq imkanı da verir: “Bir qarabağlı olaraq Zəfərimizi burada təkrar qeyd edilməsinə vəsilə olduğum üçün özümü olduqca xoşbəxt və qürurlu hiss edirəm. Qarabağın azadlığı uğrunda canından keçən şəhidlərimizə rəhmət diləyir, qazilərimizə isə təşəkkür etmək istəyirəm”.
Qeyd edək ki, Mədəniyyətlərarası Əlaqə Dərnəyi bundan əvvəl azərbaycanlı caz pianoçu, Əməkdar artist Şahin Növrəslinin Ankarada Türkiyə Prezidenti Administrasiyasının Simfonik Orkestri Salonunda konsertinin keçirilməsinə maddi dəstək göstərib, dünyanın aparıcı mətbuat qurumlarının nümayəndələrinin işğaldan azad olunmuş Azərbaycan torpaqlarına səfərini təşkil edib. (AZƏRTAC)