Data mərkəzləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC-nin balansında olacaq. Abşeron və Hacıqabul rayonlarında tikiləcək əsas və ehtiyat data mərkəzlərində karbon emissiyalarını minimuma endirmək üçün bir sıra qabaqcıl texnologiya və metodlardan istifadə olunacaq. Ekoloji tarazlığın qorunması məqsədilə hər iki tikilidə enerji səmərəliliyi, sulardan səmərəli istifadə, tullantıların utilizasiyası və təbii soyutma sistemləri kimi innovativ yanaşmalar tətbiq ediləcək.
Artıq hər iki data mərkəzinin inşası üçün dayanıqlılıq və etibarlılıq üzrə beynəlxalq keyfiyyət standartlarını müəyyən edən “TIER 3 Design” sertifikatı alınıb. “AzInTelecom”, eyni zamanda bu data mərkəzləri üçün infrastrukturun ekoloji cəhətdən dayanıqlı olmasını müəyyən edən “LEED v4” beynəlxalq sertifikatı üçün tələb olunan ilkin “LEED” Hesabatı da əldə edib.
Tikinti zamanı torpaq eroziyasını və suyun çirklənməsini minimuma endirmək üçün ətraflı plan hazırlanıb. Bundan başqa tikinti zamanı toz və kimyəvi təsirlərin, dolayı yolla havanın çirklənməsinin qarşısını almaq da prioritet məsələlərdəndir. Data mərkəzlərində günəş enerjisindən istifadəni təmin etmək üçün günəş panelləri quraşdırılacaq ki, bu da dolayı yolla karbon emissiyasının minimuma endirilməsinə kömək edəcək.
2024-cü ildə BMT-nin Qlobal Sazişinə qoşulan “AzInTelecom” fəaliyyətini ekoloji idarəetmə prinsiplərinə uyğunlaşdırmağı, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə və ekosistemə daha geniş dəstək verməyi özünə hədəf qoyub. Şirkət texnoloji inkişaf və ekoloji məsuliyyət arasında tarazlığı qorumağı hədəfləyir.
“AzInTelecom” Azərbaycanın ən böyük “bulud” provayderi, Cənubi Qafqazda isə “TIER 3” sertifikatını alan ilk qurumdur. Şirkət hazırda 200-dən çox dövlət qurumu və özəl şirkətə “bulud” xidmətləri göstərir. (Report)