22.11.2024, 00:35
AZ EN
24.11.2022, 15:18 503

Ağdamda tikiləcək Qarabağ Universitetində 10 min tələbə təhsil alacaq

QARABAĞ
  • İki ildir Ağdam düşmən tapdağından azad olunub. Bədnam ermənilər tərəfindən yerlə-yeksan olan Ağdam bu iki ildə yeni dövrə qədəm qoyub, şəhər yenidən qurulur. Azadlığının iki yaşını qeyd edən qədim şəhər 27 illik ayrılıqdan sonra sahiblərinə qovuşdu.  Qocaman şəhərin sakinləri Eloğlu-Əfətli yolundan şəhərə daxil oldular.  Qeyd edək ki, Eloğlu-Əfətli yolundan Ağdamın mərkəzinə təxminən on beş dəqiqəlik olan yolu keçmək üçün 27 il gözlədik. 2020-ci il 10 noyabr tarixdə imzalanan bəyanatdan sonra bu yoldan Ağdamın mərkəzinə bizim hərbi texnikalarımız, tanklarımız, üstündə də qələbəyə imza atan Azərbaycan Ordusunun əsgərləri keçdi və o gündən Ağdam işğaldan azad  olundu. İndi isə həmin yol yenidən qurulur ki, əhalimiz rahat şəkildə Ağdamın mərkəzinə gedib-gələ bilsinlər.

Doğrudur, xatirələrdə və fotolarda qalan, gözəlliyi ilə dillərdə dastan olan Ağdamdan bu gün heç bir əsər-əlamət qalmayıb. 27 il ərzində bədnam ermənilər iranlı qardaşları ilə birgə evlərin damını, daşını da oğurlayıb aparıblar. Lakin azad günlərini yaşayan Ağdamda yenidən ağ damlı evlər tikilir. Özü də bu şəhəri Ağdamın öz vətəndaşları tikir.

Prezidentin xüsusi nümayəndəsinin müşaviri Bəşir Hacıyev bu barədə məlumat verib ki, növbəti ildə Ağdam şəhərində iki yaşayış massivinin  inşasına başlanılacaq. Daha sonra 3 yaşayış massivinin inşası planlaşdırılır. Ağdamda Dövlət Proqramının sonuna qədər 12 kəndin təhvil verilməsi planlaşdırılıb.  Onlardan 3 kəndin inşasına növbəti ildə başlanılacaq. Ümumilikdə, 2026-cı ilin sonuna kimi 5 yaşayış massivi, 12 kənd təhvil veriləcəkdir.

Qeyd edək ki, iki il az vaxt olsa da şəhərdə böyük işlər görülüb və görülür. Zavodlar tikilir, iş yerləri qurulub. Təhsil və səhiyyə müəssisələrinin tikintisi də öz yerində. Əhalinin sayına görə hər kəndin özünün məktəbi və uşaq bağçası olacaq.

Bəşir Hacıyev daha sonra bildirib ki, 3 mərtəbədən ibarət olan 1 saylı Ağdam şəhər məktəbi şəhərin mərkəzində iki hektar ərazidə yerləşir və  960 yerlik şagird üçün nəzərdə tutulub. Ağdam şəhərinin təsdiqlənmiş baş planında Qarabağ Universitetinin inşası da nəzərdə tutulub. Bu universitetdə 10 min tələbə təhsil alacaq. Ölkəmizdən və digər ölkələrdən burda təhsil almağa gələn tələbələr müxtəlif sahələr üzrə təhsil almaq imkanı əldə edəcəklər.

Artıq həcmi 23 milyon kubmetr, hündürlüyü 44, uzunluğu 190 metr olan Xaçınçay su anbarının təmirinə də başlanıldığını vurğulayan Bəşir Hacıyev onu da deyib ki, su anbarının təmir və bərpa işləri növbəti ilin sonuna kimi yekunlaşdırılması planlaşdırılıb. Su anbarından əlavə olaraq uzunluğu 7 km su kanalının da bərpası yekunlaşacaqdır. Su hövzəsinin zənginləşməsi üçün eyni zamanda balıq populyasiyasının artması üçün Xaçınçay su anbarına xeyli sayda körpə balıq buraxılmışdır.

Tarixi-mədəni abidələrimizin bərpasının da diqqət mərkəzində olduğunu bildirən B.Hacıyev əlavə edib ki,  Cümə Məscidinin bərpa işlərinə bu ilin əvvəlindən başlanılıb və növbəti ilin sonuna kimi yekunlaşacaq. Paralel olaraq digər abidələrimizdə də işlər gedir. Bəzi abidələr də layihələndirmə prosesindədir, digərləri isə növbəti ildə həm layihələndiriləcək, həm də bərpa işləri görüləcəkdir. “Hal-hazırda yerləşdiyimiz mərkəz Ağdamın tarixi mərkəzinə çevriləcək. Burada açıq səma altında İşğal və Zəfər Muzeyi inşa olunacaq. Muzeyin ümumi ərazisi 22 hektar yarımdır, bunun 15 hektarı açıq səma altında olacaqdır”,-deyə B.Hacıyev bildirib.

Hazırladı: Tahirə AĞAMİRZƏ  

Oxşar xəbərlər