Özünü etibarlı və mühüm neft-qaz tədarükçüsü kimi təsdiq etmiş Azərbaycan, beynəlxalq dekarbonizasiya səylərinə töhfə verməklə "yaşıl" enerjini də fəal şəkildə inkişaf etdirir. Bu gün bütün ölkə ərazisində xarici kapitalın iştirakı ilə alternativ enerji ilə bağlı mühüm layihələr həyata keçirilir. Bunun bariz nümunəsi kimi "Masdar" şirkətinin həyata keçirdiyi 230 meqavatt gücündə Qaradağ günəş elektrik stansiyasının və "ACWA Power" şirkəti tərəfindən tikilən Xızı-Abşeron külək elektrik stansiyası layihəsini göstərmək olar. Bundan əlavə, bp-nin yaxın vaxtlarda azad edilmiş Cəbrayılda" Şəfəq" günəş elektrik stansiyası tikəcəyi gözlənilir.
Bu günə kimi işğaldan azad edilmiş bütün ərazilərdə elektrik enerjisi təchizatı bərpa olunub. İlkin təhlilə görə, burada bərpa olunan enerji potensialı on min meqavatt təşkil edir. Prezident İlham Əliyevin "Azərbaycanın azad edilmiş ərazilərində "yaşıl enerji" zonasının yaradılması ilə bağlı tədbirlər haqqında" Sərəncamı işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələrindən səmərəli istifadəni nəzərdə tutur.
Qarabağda enerji sektorunda həyata keçirilən layihələr işğaldan azad edilmiş ərazilərin vacib enerji qovşağına çevrilməsi istiqamətində mühüm investisiyalardır. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın bu ərazilərə səfəri zamanı Cəbrayıl və Qubadlıda vacib enerji obyektlərinin açılışını xüsusi qeyd etmək lazımdır.
Oktyabrın 19-da Cəbrayılda "Azərişıq" ASC-nin 35 kilovoltluq yarımstansiyanın və Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimi olub. Rəqəmsal idarəetmə mərkəzi 110/35/10 kilovoltluq "Cəbrayıl" yarımstansiyasından enerji alacaq. Mərkəz Cəbrayıl şəhərinin elektrik enerjisinə olan tələbatının bir hissəsini təmin etməklə yanaşı, tikintisi planlaşdırılan digər enerji mərkəzlərini də rəqəmsal platforma vasitəsilə idarə etməyə imkan verəcək. Rəqəmsal İdarəetmə Mərkəzində tətbiq olunacaq müasir dispetçer idarəetmə sistemi elektrik enerjisinin real vaxt rejimində istehlakçılara çatdırılması məsələsində abunəçi məmnunluğunu təmin edəcək. Cəbrayılda da 330/110 kilovoltluq qovşaq yarımstansiyasının tikintisi sürətləndirilir ki, bu da Qarabağ və Şərqi Zəngəzur bölgələrinin elektrik enerjisi ilə fasiləsiz təchizatını təmin edəcək, həyata keçirilən meqa layihələrin tələbatını ödəyəcək, yarımstansiyalar vasitəsilə Cəbrayıl-Naxçıvan-Ağrıya (Türkiyə) və oradan isə Türkiyənin enerji sistemi vasitəsilə Avropa enerji bazarlarına əlavə çıxış imkanı, ixrac imkanlarını artırmaq, uzun illərdən sonra Naxçıvan Muxtar Respublikasını Azərbaycanın ümumi enerji sisteminə birləşdirmək imkanı əldə edəcək.
Bundan başqa, 330 kilovoltluq "Cəbrayıl" yarımstansiyasının tikintisi İranla birgə inşa olunan "Xudafərin" və "Qız Qalası" su elektrik stansiyalarında, eləcə də alternativ və bərpa olunan enerji mənbələrində və kiçik su elektrik stansiyalarında istehsal olunan enerjinin Azərbaycanın ümumi enerji sisteminə ötürülməsi üçün vacibdir.
Qubadlı şəhərində tikiləcək Rəqəmsal İdarəetmə Mərkəzi isə 110/35/10 kilovoltluq "Qubadlı" yarımstansiyasından enerji alacaq. Mərkəz Qubadlı şəhərinin elektrik enerjisinə olan tələbatının bir hissəsini təmin etməklə yanaşı, tikintisi planlaşdırılan digər enerji mərkəzlərini də rəqəmsal platforma vasitəsilə idarə etməyə imkan verəcək. Rəqəmsal İdarəetmə Mərkəzində tətbiq olunacaq müasir dispetçer idarəetmə sistemi real vaxt rejimində istehlakçıların elektrik enerjisi ilə təchizatı məsələsində abunəçi məmnunluğunu təmin edəcək.
35/0,4 kilovoltluq "Qubadlı şəhəri" yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzini 35/0,4 kilovoltluq "Cəbrayıl şəhəri" yarımstansiyası və "Hadrut" qovşaq yarımstansiyası ilə birləşdirən xətlərin yaradılması ilə dairəvi təchizat sistemi yaradılacaq. Eyni zamanda, 35/0,4 kV-luq "Qubadlı şəhəri" və "Cəbrayıl şəhəri" yarımstansiyaları arasında ikidövrəli kabel xəttinin çəkilməsi Cəbrayıl və Qubadlı şəhərləri arasında qarşılıqlı enerji mübadiləsini təmin edəcək.
Bundan əlavə, Zəngilanda Arximed turbini tipli su elektrik stansiyası istifadəyə verilib. Arximed qurğusunun digər enerji istehsal edən sistemlərlə müqayisədə böyük üstünlüyü ondan ibarətdir ki, o, təzyiqsiz sudan enerji hasil edə bilir, quraşdırılması asandır və iqtisadi baxımdan qənaətlidir. Üç generatoru olan stansiya Ağalı kəndinin elektrik enerjisinə olan tələbatını tam ödəyə biləcək.
Bütün bu və Azərbaycanda, xüsusən də Qarabağda həyata keçirilən digər mühüm layihələr ölkəmizi Avropa ölkələrinin böyük maraq göstərdiyi elektrik enerjisi ixracatçısına çevirməyə imkan verir. Xüsusilə Rumıniya Azərbaycandan Gürcüstan vasitəsilə elektrik enerjisinə çıxış əldə etmək üçün Qara dənizin dibi ilə marşrut çəkilməsini təklif edir.
Bu layihə çərçivəsində Gürcüstanla Rumıniya arasında 1 195 kilometr uzunluğunda min meqavatt elektrik ötürücü xəttinin çəkilməsi və rəqəmsal birləşdirici kabelin quraşdırılması nəzərdə tutulur. Bu məqsədlə Dünya Bankının dəstəyi ilə 2023-cü ilin sonuna qədər layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması planlaşdırılır. Hazırda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında dördtərəfli əməkdaşlıq formatının yaradılması məsələsi müzakirə olunur.
Amma bu, Azərbaycandan Avropaya "yaşıl" enerjinin nəqli üçün təklif olunan yeganə marşrut deyil. İkinci marşrut Naxçıvandan keçən Azərbaycan-Türkiyə-Avropa Enerji Dəhlizidir, üçüncü marşrut isə Gürcüstan və Türkiyədən keçəcək.
Bütün bunlar "yaşıl" dəhliz yaratmağa imkan verəcək, Azərbaycandan elektrik enerjisinin ixracı bazarını şaxələndirəcək, ölkənin tədarükçü kimi rolunu artıracaq və Xəzər regionunun Avropa və Qara dəniz regionu ilə inteqrasiyasını gücləndirəcək. Beləliklə, Azərbaycanın "yaşıl" enerjidən istifadə etməklə Avropaya enerji təchizatı mənbələrinin şaxələndirilməsi üçün böyük perspektivləri var. Növbəti illərdə ölkədə elektrik enerjisi istehsalının dinamikası artıq bərpa olunan enerji mənbələrinə əsaslanacaq. Bunun üçün zəngin potensial, bərpa olunan enerjinin inkişafı sahəsində dövlət siyasətinin prioriteti, yeni qanunvericilik bazası və xarici sərmayə kimi bütün zəruri şərait var.
TREND