21.11.2024, 16:28
AZ EN
04.02.2022, 09:20 230

Şuşanın ədəbi məclisləri

QARABAĞ

Ədəbi məclislər vaxtilə hökmdarların saraylarında yaradılıb. Məlik-üş-şüaraların rəhbərlik etdiyi həmin məclislərə dövrün görkəmli şeir-sənət adamları toplaşardılar. XVIII əsrdə Şuşada əvvəllər xanın saraylarında, sonralar isə şəxsi evlərdə ədəbi məclislər fəaliyyət göstərib. Ədəbi-bədii fikrin inkişafında böyük rol oynayan həmin məclislərdə Azərbaycan və Şərq klassiklərinin əsərləri, məclis üzvlərinin yeni şeirləri müzakirə olunur, ədəbiyyat, tarix, fəlsəfə, musiqi və s. məsələlərə dair söhbətlər aparılırdı. Şuşa məclislərində məşhur xanəndə və musiqiçilər də iştirak edirdi.

“Məclisi-üns” ədəbi məclisi 1864-cü ildə Şuşada şairlər Mirzə Rəhim Fəna və Hacı Abbas Agahın təşəbbüsü ilə dövrün görkəmli ziyalısı Mirzə Əli Qazinin mədrəsəsində təşkil olunub. Məşğələlər bir müddət sonra Hacı Abbas Agahın evində keçirilib, 1872-ci ildən isə Xan qızı Natəvanın sarayında davam etdirilib. Otuzdan çox üzvü olan məclisin rəhbəri Xurşidbanu bəyim idi. Mirzə Rəhim Fəna, Hacı Abbas Agah, Mirzə Ələsgər Növrəs, Mirzə Həsən Yüzbaşov, İsgəndər bəy Rüstəmbəyov, Mirzə Sadiq Piran, Baxış bəy Səbur, İsmayıl bəy Daruğə, Məşədi Nəsir Lövhi və başqaları məclisin daimi və nüfuzlu üzvləri idilər. Qarabağın görkəmli xanəndə və sazəndələri də məclisin yığıncaqlarında fəal iştirak edirdilər. 1897-ci ildə Xurşidbanu Natəvan vəfat edənə qədər “Məclisi-üns” öz fəaliyyətini davam etdirib.

“Məclisi-fəramuşan” ədəbi məclisi 1872-ci ildə Şuşada Mir Möhsüm Nəvvabın təşəbbüsü ilə onun mənzilində təşkil olunub. Məclisin rəhbəri Mir Möhsün Nəvvab, üzvləri isə “Məclisi-üns”ün “fəramuş etdiyi”, yəni unutduğu şairlər olublar. Qırxa yaxın üzvü olub. Həsənəli xan Qaradağı, Fatma xanım Kəminə, Abdulla bəy Asi, Məşədi Əyyub Baki, Mirzə Məhəmməd Katib, Bəhram bəy Fədai, Mirzəli Aşıq və başqa şairlər məclisin fəal iştirakçısı idilər. Şairlərlə yanaşı, Qarabağın məşhur xanəndə və sazəndələri də məclisin yığıncaqlarında iştirak edirdilər. “Məclisi-fəramuşan” 1919-cu ilədək fəaliyyət göstərib.

1925-1927-ci illərdə “Azərbaycan ədəbiyyat cəmiyyətinin Şuşa şöbəsi” fəaliyyət göstərib. Şöbəyə istedadlı şair və jurnalist, görkəmli ictimai xadim, Şuşa Dairə İcraiyyə Komitəsinin sədri Ağahüseyn Rəsulzadə rəhbərlik edirdi. Ədəbi məclis xarakteri daşıyan bu cəmiyyət, əsasən, müəllim və tələbələr başda olmaqla Qarabağın bütün gənc ədəbi qüvvələrini-yerli şair, yazıçı və jurnalistləri öz ətrafına toplamışdı. Əksəriyyəti bu yaradıcı təşkilatın üzvü olan bəzi yazarlar ədəbiyyata vəsiqəni həmin cəmiyyətdən almışdılar. Şöbənin nəzdində bir çox dərnəklər təşkil olunmuşdu. Dərnəklərin xətti ilə qərarlar çıxarılır və tədbirlər həyata keçirilirdi. Cəmiyyətin bütün üzvləri şəhərin mədəni mühitində fəal rol oynayır, onların yaxından köməyi ilə Bakıdan məşhur musiqi və mədəniyyət xadimləri Şuşaya dəvət olunur, görüşlər təşkil edilirdi.

1925-ci ilin yayında cəmiyyətin yaradıcı üzvləri dahi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyinə həsr edilmiş təntənəli ədəbi-bədii, musiqili gecə keçirmişdilər. Tədbirdə Cabbar Qaryağdıoğlu, Məşədi Cəmil Əmirov, Bülbül, Cəfər Cabbarlı və digər ədəbiyyat və incəsənət xadimləri dəvət olunmuşdu. Gecədə xanəndə və müğənnilər muğam, təsnif, xalq mahnıları oxumuş, bədii qiraət ustaları Füzuli şeirlərindən nümunələr söyləmiş, yerli poeziya həvəskarları və musiqiçilər çıxış etmişdilər. Sözləri Cabbar Qaryağdıoğluna, musiqisi Bülbülə aid Füzuliyə həsr olunmuş xorla oxunan bir mahnı da tədbirdə ilk dəfə səslənmişdir.

Böyük təntənə və uğurla keçən gecədən sonra hər il yay aylarında məclislərin təşkil edilməsi və Azərbaycanın müxtəlif guşələrindən incəsənət nümayəndələrinin Şuşaya dəvət olunması ənənə halını almışdı.

Ötən əsrin 30-80-ci illərində Şuşada bir-birinin ardınca müxtəlif adlarla ədəbi məclislər fəaliyyət göstərib. Onlardan biri də “Şuşa” rayon qəzeti nəzdində idi və özündən əvvəlki ədəbi məclislərin yolunu davam etdirirdi. Bu ədəbi məclis əvvəllər “Qönçələr”, sonra isə “Vaqif çeşməsi” adlanırdı. 1982-ci ildə “Mamayi” məscidi bərpa edildikdən sonra ora yerli şairlərin ixtiyarına verilərək Natəvan adına Poeziya evi kimi fəaliyyət göstərib. Ətrafında 30-dan artıq gənc şair və yazıçını birləşdirən birlik ildən-ilə yeni yazmağa başlayan istedadlı yazarlar hesabına öz fəaliyyətini daha səmərəli şəkildə davam etdirirdi. 1984-cü və 1989-cu illərdə “Yazıçı” nəşriyyatında birlik üzvlərinin şeirlərindən ibarət “Vaqif çeşməsi” adlı poeziya almanaxı buraxılıb. Birlik hazırda “Şuşa” qəzetinin nəzdində fəaliyyətini davam etdirir.

Vasif QULİYEV

tədqiqatçı-jurnalist

Oxşar xəbərlər