1960-cı illərdə Dağlıq Qarabağ Muxtar Vilayətinin erməni millətçiləri qəsəbənin adını inzibati əraziyə aid yaşayış məntəqələrinin siyahısından çıxararaq qəsəbəni Xankəndi şəhərinin inzibati ərazisinə birləşdirib. Bu qanunsuzluq və özbaşınalıq azmış kimi, Xankəndinin adını dəyişərək “Stepanakert” adlandırıblar. Qarabağda yaşayan separatçı ünsürlərin İrəvanda özlərinə dayaq tapmasından sonra Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü məhz buradan Xankəndidən və Kərkicahandan başlamışdı.
Xankəndi şəhəri vaxtı ilə Qarabağ xanı Pənahəli xanın oğlu Mehdiqulu xan Kərkicahan yaxınlığında salıb. “Kərkicahan” oykonimi mənbələrdə “Kərkican” və ya “Kirkican” kimi qeydə alınıb. Əsli Kərkican olan bu etnotoponim kərki tayfa adından və yer, məkan bildirən-can topoformantından ibarət olub, "kərki tayfasının məskəni" mənasındadı.
Kərkicahanda 1988-ci ildə qazıntılar zamanı III əsrdən qalma yazılı daşlar, qoç fiqurlu kiçik daşlar və bir çox bəylərin-xanların vaxtilə gizlətdiyi küplər və xəzinələr tapılıb. Məlum olub ki, bu kəndin əsası bizim eranın yaranışı dövründə qoyulub. Qəsəbədə Məhəmmədhəsən xanın evi (1940-1950-ci illərdə məktəb, daha sonra ev muzey kimi fəaliyyət göstərib), XII əsrə aid qəbirlər, səkkizguşəli minarələr, kurqanlar, qədim məhəllələr (ən cavanı XV əsrdə tikilib), abidələr və heykəllər tapılıb. Bunların bir çoxu torpaqlarımızın işğalı dövründə ermənilər tərəfindən məhv edilib.
Yaşlı sakinlərin sözlərinə görə, Kərkicahan uğrunda gedən döyüşlərdə 150-dən çox azərbaycanlı şəhid olub. Həmin vaxt kəndin müdafiəsi yerli əhali, polis və yenicə yaranmış Azərbaycan Ordusunun bir qrup əsgəri tərəfindən təşkil olunub. Lakin Xankəndi istiqamətindən qəsəbəyə hücuma keçən ermənilərin istifadəsində hərbi texnika və ağır silahlar olduğunda geri çəkiliblər. Buna baxmayaraq, pis silahlanmış Azərbaycan əsgərləri bir müddət erməni silahlılarının hücumlarının qarşısını ala biliblər və bunun sayəsində dinc əhali qəsəbədən çıxarılıb.
Kərkicahan 28 dekabr 1991-ci ildə Ermənistan ordusu tərəfindən işğal edilib. Otuz ildən artıq düşmən tapdağında qalan Kərkicahan 44 günlük Vətən müharibəsindən sonra öz qapılarını yenidən doğma sakinlərinin üzünə açıb. Hazırda qəsəbədə bərpa-quruculuq işləri sürətlə davam edir. Artıq xan yurdu Xankəndinin Kərkicahan qəsəbəsi öz sakinlərini qarşılayır. Qədim ata-babalarımızın torpaqlarında sönən ocaqların işıqları yenidən həyat eşqiylə yanmağa başlayıb.
Röya SALMANQIZI