Azərbaycan Respublikasının Xocalı rayonunun Harov kənd inzibati ərazi dairəsinə daxil olan Dağdağan kəndi Qarabağ silsiləsinin ətəyindədir. Ermənilər bu kəndi Krasnıy adlandırırdılar. Toponim Azərbaycanda bitən və qədimdən müqəddəs, pis qüvvələrdən qoruyucu hesab edilən dağdağan ağacının adı ilə bağlıdır. Azərbaycanda bu adla xeyli oronimlər də vardır. Göygöl və Şahbuz rayonlarında Dağdağan dağı, Oğuz, Qəbələ, Qubadlı, Zəngilan, Qazax, Cəlilabad rayonlarında Dağdağanlı dərə, Şəki rayonunda Dağdağanlı Qobu, Cəbrayıl rayonunda Dağdağanlı düz, Xocavənd rayonunda Dağdağan təpəsi və s. göstərmək olar.
İsa Musayev