Həm də “Tərnəküt” adilə tanınan Şahbulaq qalası 1751-1752-ci illərdə Ağdam şəhərinin 10 kilometrliyində dağların ətəklərində çeşməli bir ərazidə Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilib. Xanlığın mərkəzi olacaq qalanın burada salınması hər cəhətdən əlverişli idi. Tarixi mənbələrə əsasən, Bayat döyüşündən sonra Pənahəli xan daha bir etibarlı qalaya ehtiyac olduğunu anlayıb. Çünki Bayat qalasının strateji mövqeyi zəif, iqlimi isti olduğundan orada uzun müddət böyük hərbi qüvvə saxlamaq mümkün deyildi. Buna görə də Pənahəli xan Ağdamda “Şahbulaq” adlanan yerdə inşaat işlərinə başladı.
XVIII əsrin memarlıq abidəsi olan qalanın adı da buradakı gursulu bulağın adından götürülüb. Şahbulaq qalasının coğrafi mövqeyi əlçatmaz və ağaclarla bağlı olan bir ərazi idi. Qalanın dörd bir tərəfi sıldırım qayalarla əhatə olunmuşdu.
Şahbulaq qalası Qarabağ xanlığının ərazisində inşa edilən ikinci ən böyük qala hesab olunur. Divarları 7 metr, bürcləri isə 8,5 metr hündürlükdədir. XIX əsr Qarabağ tarixçilərinin məlumatına görə, Pənahəli xanın göstərişi ilə qalanın ətrafında daş evlər, məscid, hamam və bazar inşa edilib. Müdafiə tipli qala müəyyən bir dövr ərzində yaşayış yeri olsa da, sonralar gözətçi məntəqəsi kimi istifadə olunub.
Şahbulağın və buradakı məscidin memarlıq üslubu sonradan Şuşada aparılan inşaat işlərinə əhəmiyyətli təsir göstərib. Şuşanın qaladaxili qəsrlərinin memarlıq-planlaşdırma və həcm-fəza strukturu bütünlüklə Şahbulaq qəsrinin xüsusiyyətlərini təkrarlayır.
Qarabağ bölgəsinin ən iri rayonu olan Ağdam 1993-cü ildə erməni işğalına məruz qaldı. Otuz ilə yaxın davam edən işğal nəticəsində tarixi-mədəni abidələr, məscidlər dağıdılııb, Şahbulaq qalasından isə kilsə kimi istifadə edilib.
Röya SALMANQIZI