Çimnaz xanım söhbətə gənclik illərindən başlayır:
- Mən 17 yaşında orta məktəbi bitirəndən sonra ali məktəbə qiyabi qəbul olundum və Ağdamda rayon komsomol komitəsində əmək fəaliyyətinə başladım. Burda ən aşağı vəzifədən pillə-pillə irəli getdim. 1977-ci ildə Ağdam Rayon Komsomol Komitəsinin birinci katibi vəzifəsinə seçildim və iki ilə qədər bu vəzifədə işlədim. Təşkilatımız 25 minə yaxın gənci birləşdirirdi. Çox böyük məsuliyyət tələb edən iş idi. Ağdam çox zəngin ziyalı potensialı var, yüksək mədəni səviyyəyə malik bir rayondur. Bu rayonda vəzifədə işləmək, həqiqətən, də çox çətin idi və mən çalışmışam ki, o vəzifələrin öhdəsindən layiqincə gəlim. Rayon komsomol katibinin birinci vəzifəsindən sonra Ağdam Rayon Partiya Komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri vəzifəsinə təyinat aldım, burda da 3 il işlədim. Ən uzun müddət işlədiiyim vəzifə isə Ağdam mədəniyyət şöbəsinin müdiri vəzifəsi oldu. 1982-ci ildən 1996-cı ilə kimi mən bu vəzifədə çalışdım. 1996-cı ildə təkrar seçkilərdə Azərbaycan Respublikasının Milli Məclisinin birinci çağırış üzrə deputatı seçildim və bütün bu illərdə çalışmışam ki, xalqıma, elimə-obama layiqincə xidmət edim. Buna nə qədər nail olmuşam, bunu xalqım deyər, mən bu barədə heç nə deyə bilmərəm.
Ağdam mənim qayğısız gəncliyimin, qayğısız uşaqlığımın, bəxtəvər gənclik illərimin unudulmaz ünvanıdır. Ağdamsız yaşamağı heç xəyalıma gətirə bilməzdim, bilməzdim ki, mən Ağdamsız hardasa bir həftə, on gün yaşaya bilərəm. Elə ona görə də ali məktəbi qiyabi oxumuşam. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişəm... Uca Tanrı bizə hər şey vermişdi, bütün gözəllikləri, amma təəssüf, o gözəlliklərlə yanaşı bizə mənfur qonşu da qismət eləmişdi ki, bu mənfur qonşular da başımıza məlum hadisələr gətirdilər....
1980-ci illəri mən Ağdamın tərəqqi, intibah dövrü adlandırardım. Allah rəhmət eləsin Sadıq Murtuzayevə, çox dəyərli insan idi. O, birinci katib təyin olunduqdan sonra Ağdamda böyük bir dirçəliş başladı. Tikinti, sənaye, kənd təsərrüfatı - bütün sahələr sürətlə inkişaf etdi və eyni zamanda mədəniyyət sahəsinin inkişafına da xüsusi diqqət yetirildi. Mən 1982-ci ildə rayon mədəniyyət şöbəsinin müdiri təyin olunan gündən bu sahədə də təməlli işlərə başladıq. Mədəniyyət evinin tikintisi yarımçıq qalmışdı, o tikinti başa çatdırıldı, mədəniyyət evini istifadəyə verdik, muğam musiqi məktəbi açdıq...
Çimnaz xanım Ağdam Çörək Muzeyinin necə yarandığı barədə maraqlı məlumat verir:
- Bir gün rəhmətlik Sadıq müəllim məni dəvət elədi, getdim, mənə bir “İzvestiya” qəzeti verdi, orada bir neçə cümlədən ibarət olan kiçik yazı idi. Almaniyanın Olim şəhərində fəaliyyət göstərən çörək muzeyi barədə idi. Muzeydə1500 eksponatın olduğu bildirilirdi. Bu, qısa bir məlumat idi. Sadıq müəllim belə bir muzeyin Ağdamda yaradılması məsələsinə münasibətimi soruşdu. Düzü, mənə də çox xoş gəldi bu ideya. Ağdamın mərkəzində köhnə bir dəyirman binası varıydı, “Od dəyirmanı” deyirdik. Dəyirmanın binasında 1941-45-ci illərdə şəhəri həm işıqla, həm də ətraf əraziləri unla təmin eləyirmiş, camaat buğdasını orada üyütdürürmüş. Bina bir az uçulub-sökülmüşdü. Dedim, “Sadıq müəllim, bizim çox qəşəng bir yerimiz var, ondan istifadə eləmək mümkündür”. Mən belə deyəndə, o, qayıtdı ki, mən elə ora baxıb gəlmişəm, oranı nəzərdə tutmuşam, sənin də fikrini bilmək istədim. Sən, get, eksponat toplamaqla məşğul ol. Mən getdim, Sadıq müəllim tikinti təşkilatlarını yığdı, tapşrıq verildi, qərargah yaradıldı, çox qısa müddətdə, özü də Ağdamın öz ehtiyatları hesabına, yəni, heç bir yerdən maddi kömək almadan, öz vəsaitimiz hesabına çox qısa müddətə istifadəyə verildi, dəyirman binası restavrasiya olundu. Hər şey qaydasına düşəndən sonra, biz, Mədəniyyət Nazirliyinin Muzeylərin Bərpası və Tərtibatı İdarəsi var idi o dövrdə, onlardan nümayəndələr dəvət elədik, briqadalar da gəldi, eksponatlar topladıq, məktub göndərdik bütün rayonlara, qonşu respublikalara, çox qısa müddətdə gözəl də əks-səda doğurdu. Bizim məktublarımıza çox yaxşı cavablar verildi, xeyli eksponat göndərildi və qısa müddətdə biz o muzeyi yaratdıq. Muzey açılmalıydı 1983-cü il noyabrın 23-də. Həmin gün Ağdamda Zaqafqaziya respublikalarının heyvandarlıq işçilərinin ümumittifaq müşavirəsi keçirilməli idi. Biz muzeyin açılışını həmin gün etməliydik, ona görə də gecə-gündüz işləyərək həmin muzeyi yaratdıq. O muzey mənim üçün çox əzizdi, çox doğmadı, çünki mən ora çox böyük əmək sərf eləmişdim, inanın ki, mən elə bilirdim ki, muzey elə mənim övladlarımdan biridir, yəni o dərəcədə mənə doğma idi. Unikal bir mədəniyyət obyekti alındı. Muzeydə gündə, ən azı, 100-150 nəfər ziyatrətçi olurdu. Məktəblilər, texnikumlarda, ali məktəblərdə təhsil alan tələbələr, rayona qonaq gələn hər bir kəs muzeyi mütləq ziyarət eləməliydi. Azərbaycanın incəsənət, mədəniyyət, təhsil işçilərinin böyük əksəriyyəti, vəzifədə olan rəhbərlər bizim muzeylə tanış olmuşdular. Çox da gözəl rəylər yazılmışdı. Hətta xarici ölkələrdən də gəlib muzeylə tanış olurdular. O dövrdə SSRİ məkanında bizim muzey haqqında çox böyük təəssüratlar varıydı, deməli, bizim muzey o dövrdə dünyada ikici, SSRİ-də isə birinci muzey idi. Bizim muzey haqqqında o vaxtlar Mərkəzi Televiziyanın “Vremya” verilişində sujet getmişdi, bu sujet gedəndən sonra biz Leninqraddan Qalina Andreyevna Kanayeva adlı bir qadından məktub aldıq. Yazırdı ki, mən Leninqrad mühasirəsi dövründən saxladığım çörək payım var, mən sizin muzey haqqında eşitmişəm, o çörək payını istəyirəm sizin muzeyə təqdim eləyəm. Biz onu dəvət elədik, həmin qadın iki dəfə Ağdama gəldi. O blokada çörəyi idi, çox balaca qara çörək parçası idi. Deməli, bunun tarixçəsi beləydi: qadın 2 yaşlı uşağı evdə qoyub gedib çörək normalarını almağa, gəlib görüb uşaq ölüb və bu çörəyi yeyə bilməyiblər, saxlayıblar və uzun illər saxlayandan sonra bizim muzey haqqqında məlumat gedəndə bu qadın fikirləşib ki, gətirsin versin bizim muzeyə ki, həmin o pay muzeydə saxlanılsın. Çox maraqlı eksponatlardan biri idi. Digər eksponatımız, çox qiymətli eksponat Ağdam ərazisində Çalağan təpədən (tarixi eradan əvvələ gedib çıxırdı) tapılmış buğda dənələri idi. Onu isə bizə akademik İman Mustafayev təqdim eləmişdi o zaman. Kosmonavatların istifadə elədiyi çörək nümunələrini məktub yazıb göndərmişdilər bizə. Demək olar ki, tarixi xronoloji ardıcıllıqla Azərbaycanda əkinçilik mədəniyyətini əks etdirən vəldən, xışdan tutumuş son dövrlərə qədər işlənilən alətlərin hamısı sərgilənirdi, çörək nümunələri sərgilənirdi. Hətta Naxçıvandan, səhv eləmirəmsə, 120 kq-dan ardıq daş duzlar göndərmişdilər. O da maraqlı idi ki, muzeyi ziyarət eləyənlər muzeyin yanında yaradılmış “Sünbül” kafesində oturub həm çay içər, həm də un məmulatlarından yeyirdilər..
Əsrimizin ən ağır problemindən olan Xocalı faciəsinə toxunan Çimnaz xanım bildirir ki, o zamanlar biz Ağdamda çox ağrı-acılarla qarşılaşdıq:
- Həm əsirlərin xilas olması, həm meyidlərin gətirilməsi, təsəvvür edin, ağ tapılmırdı meyitləri kəfənləməyə, tabut tapılmırdı. Çox ağır bir dövr idi. Xocalılara Ağdam camaatı qucaq açdı, həm meyitlərə sahib çıxdı. Ağdamda “Uzundərə” adlanan yerdə yeni bir Şəhidlər xiyabanı yaradıldı. Əsirlərin xilas olması, onların müalicəsi üçün hospital yaradıldı, burda əsirlərin müalicəsi üçün həkimlər dəvət etdik, məşğul oldular və eyni zamanda ağdamlılar xocalıları öz evlərində qonaq kimi yerləşdirdilər. Baxmayaraq ki, biz onların bir qismini yataqxanalarda, sanatoriyalarda yerləşdirmişdik. Bütün Ağdam camaatı ayağa qalxdı, onlara hər cür yardım elədi. Qərargah fəaliyyət göstərirdi, çox böyük işlər aparıldı və xocalılar orda qeydiyyata alındı. Çox dəhşətli bir mənzərə idi...
...Ağdamsız yaşamaq yaşamaq yox, mövcud olmaq deməkdi. Yəni, biz Ağdamsız günlərimizi ömrümüzdən saymırıq, o ömür deyildi, o cəzaydı, o xəcalət idi, yəni, o hissləri mən sözlə ifadə edə bilmirəm. O dövrdə mən Ağdam Rayon İcra Hakimiyyətinin başçısının sərəncamı ilə Bakıda Ağdam qərargahının rəhbəri təyin olunmuşdum. Eyni zamanda həm xidməti vəzifəmi yerinə yetirirdim, həm də ictimai işlərlə məşğul olurdum. O dövrdə 42 min ağdamlı təkcə Bakıda müvəqqəti məskunlaşmışdı. Ümumiyyətlə, ağdamlılar respublikanın 58 bölgəsində məskunlaşmışdılar. 160 min Ağdam əhalisi köçkün vəziyyətində yaşayırdı. O dövrdə ölkədə vəziyyət də bərbad idi, müharibə gedən bir ölkədə problemlər hədsiz idi, evi-eşiyi dağılmış insanlar çox ağır vəziyyətdə gəlmişdilər, təbii ki, onların yerləşdirilməsi, işlə təmin olunması məsələləri və s. ən azından sosial-məişət problemlərini qorumaq üçün çalışırdıq və müəyyən qədər də işlər uğurlu görməyə nail olurduq. Ağdam köçkün məktəbləri Bakıda açıldı, orda da əhalinin bir hissəsi işlə təmin olunurdu, Ağdamı 4 musiqi məktəbinin Bakıda fəaliyyətini bərpa elədik və hər bir təşəbbüsdən çalışırdıq ki, istifadə edək ki, insanları işlə təmin edə bilək, insanlar ələbaxım yaşamasınlar, gözləməsinlər ki, kimsə gəlib bunlara yardım edəcək. Bizim əhalinin də ən gözəl, mənə də xoş olan bir cəhəti o idi ki, hamı deyirdi ki, bizə iş verin, işləyək, bizə heç kimin payı lazım deyil. Bu mənada, biz çox işlər gördük və bunun nəticəsi olaraq deyim ki, göstərdiyim fəaliyyətimə görə elim-obam məni millət vəkilli seçdi. Birinci çağırış üzrə müstəqil Azərbaycanın deputatlarından biri oldum. O illər ərzində mən hər an, hər gün çox böyük ümidlə yaşamışam ki, biz Ağdama qayıdacağıq.
Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli addımları, sərkərdəlik istedadı, rəşadətli ordumuzun misilsiz qəhrəmanlğı sayəsində düşmən təslim oldu və 2020-ci il noyabrın 20-də Ağdam bir güllə atılmadan Azərbaycana təhvil verildi.
Ağdama 2021-ci ilin mayın 29-da yenidən ayaq basdım, mən görəcəklərimə hazır idim, çünki bilirdim ki, Ağdamım Ağdamlıqdan çıxıb. Bilirdim ki, ermənilər Ağdamdan çox yanıqlıdı, Ağdamı dağıdacaqlar, dağıdılmağını bilirdim, amma bu dərəcədə dağıntını təsəvvür eləməzdim... Yəni, Ağdamda gördüyümüz yeganə İmarətdəki məqbərələrin qalmasıydı, o da dağılmış formada, Çörək muzeyinin iki-üç divarıydı, o düşmənin acığına ki, rəngi solmayıb qalan o mozaikalar idi ki, onu gördük, məscidin binasıydı ki, o da yarıuçulmuş vəziyyətdə idi və Ağdam Dövlət Dram teatrının fasadının üç sütununu gördük, başqa Ağdamda heç nə yox idi, nə yaşıllıqdan, nə güllü-çiçəkli, yaşıl Ağdamımızdan, 200 illik yaşı olan Xan çinarlarımızı qırıblar, ümumiyyətlə, yaşıllıqdan əlamət qalmamışdır, özümü möhkəm sıxdım ki, ağlamayacağam. Ağlamasam da, gözlərimdən yaş axdı. Mən evimi tapa bilmədim, darmadağın olmuşdu hər yer... Buna da şükür, torpaq bizimdir, Ayağımı o torpağa basanda sanki mənə elə gəldi ki, uçuram, göylərdəyəm. Sevinc, kədər, həsrət hamısı qarışmışdı bir-birinə. Yəni o hissləri ifadə eləməkdə mümkün deyil. Amma çox şükür. Mən şəhidlərimizin qarşısında baş əyirəm, onların valideynlərinin qarşısında baş əyirəm, Allah şəhidlərimizin hamısına rəhmət eləsin, qazilərimizə canım qurban, onların hamısına Allah şəfa versin. Allah əsgərlərimizi qorusun, Ali Baş Komandanımız cənab İlham Əliyevə Allah cansağlığı versin. Arzu eləyirəm ki, tezliklə Allah bizi Ağdama qovuşdursun...
Hazırladı: Tahirə AĞAMİRZƏ