Cabbar bəy Vəlibəyov 1893-cü ildə Şuşa qəzasının I Baharlı (indiki Ağdam rayonunun I Baharlı kəndi) kəndində anadan olmuşdur. O, tarixin müxtəlif zamanlarında görkəmli şəxsiyyətləri, dövlət, elm, mədəniyyət xadimləri ilə tanınan, eləcə də Qaraqoyunlu, Qütbşahlar adlı iki qüdrətli dövlətin qurucuları olan Baharlı tayfasının layiqli nümayəndələrindəndir.
Cabbar bəy Vəlibəyov ilk təhsilini ruhani məktəbində alaraq ərəb və fars dillərini, şəriət elmlərini öyrənmişdir. Dayısı Məşədi Məhəmməd bəy Qasım bəy oğlunun təklifi ilə təhsilini sonralar Şuşa realnı məktəbində davam etdirmişdir. I Baharlı kəndindəki evində 1913-cü ildə məktəb açaraq, yeni tipli məktəbin əsasını qoymuşdur. Burada o, şagirdlərə şəriət elmlərini, ərəb və rus dillərini, tarixi, riyaziyyatı, Azərbaycan ədəbiyyatını tədris etmiş, ehtiyacı olan yoxsulları dərs ləvazimatı ilə təmin etmişdir. Onun gözəl əl qabiliyyəti olduğu üçün istedadlı rəssam kimi də tanınmışdır.
Cabbar bəy Vəlibəyov Azərbaycan Xalq Cümhuriyyəti dövründə də müəllimlik fəaliyyətini I Baharlı kəndində açdığı məktəbdə davam etdirmişdir.
Cabbar bəy Vəlibəyov Sovet hakimiyyətinin ilk illərində bəy, ziyalı, dindar olduğu üçün yeni hökumətin yerli nökərləri tərəfindən təqib olunmuşdur. Kollektivləşmə adı altında torpaqları, mal-qarası müsadirə olunmuş Cabbar bəy Vəlibəyov haqqında o dövrün mətbuat səhifələrində böhtan dolu yazılar dərc edilmişdir. Lakin Cabbar bəy ona olunan haqsızlıqlara, ədalətsizliklərə səbirlə dözmüş, öz etirazını bildirməkdən belə çəkinməmişdir. Həyatı boyu müəllim adını şərəflə daşımış Cabbar bəy Sovet hakimiyyəti illərində Xalq Maarif Komissarlığının qərarı ilə I Baharlı kənd məktəbinin müdiri işləmişdir. Yaratdığı məktəbin müdiri işləməklə yanaşı 1920-ci ildə Qiyaslı kəndində, 1926-cı ildə Güllücə kəndində məktəbin təşkilində də yaxından iştirak etmiş, pedaqoji fəaliyyətini bu məktəblərdə də davam etdirmişdir.
I Baharlı kəndi 1930-cu ildə yaranmış Ağdam rayonunun tərkibinə keçdikdən sonra da Cabbar bəy yaratdığı ibtidai təhsil ocağının müdiri vəzifəsində çalışmışdır. O, 1937-ci ilə kimi Ağdam rayonunun I Baharlı kənd məktəbinin müdiri işləmişdir.
1935-ci ildən başlayaraq Cabbar bəy Vəlibəyova hücumların sayı artmaqda idi. Yerli mətbuat səhifələrində Cabbar bəy Vəlibəyovun əleyhinə dərc edilmiş yazılar, ədalətsiz ittihamlar onun tutulmasının başlanğıcı oldu. Ən böyük “günahı” isə bəy, ziyalı, dindar olması idi. Cabbar bəy təbiət etibarı ilə qoçaq, mərd, dözümlü, iradəli insan idi. O, doğma Vətənini sevdiyi üçün Qarabağda elinə, obasına bağlı ziyalı kimi tanınmışdır. Cəmiyyətdə tutduğu mövqeyinə, prinsipiallığına görə Cabbar bəy Vəlibəyov Azərbaycan tarixinin qara səhifələrindən sayılan 1937-ci il repressiyasından xilas ola bilməmişdir.
İmperiyanın yerli nökərləri Cabbar bəy Vəlibəyovu həyatından artıq sevdiyi Vətəninə xəyanətdə ittiham edərək onun həbsinə nail ola bilmişdilər. Cabbar bəy Vəlibəyovun 11 oktyabr 1937-ci ildə evində axtarış aparıldığı zaman bütün yazıları, kitabları müsadirə olunmuş, özü isə 44 yaşında “xalq düşməni” kimi Sibirə sürgünə göndərilmişdir. 19 noyabr 1941-ci ildə, 48 yaşında Vətən həsrətilə orada dünyasını dəyişmişdir.
Cabbar bəy Vəlibəyov 29 noyabr 1957-ci ildə Azərbaycan SSR Ali məhkəməsinin qərarı ilə bəraət almışdır.
Bir faktı da qeyd etmək lazımdır ki, ata babam Cabbar bəy sürgündə olduğu illərdə anası Xanım nənə Stalinin adına dəfələrlə məktub göndərərək, oğlunun günahsız olduğunu bildirmişdir. 1941-ci ildə ulu nənəm oğlunun azadlığa buraxılmasını xalqımızın düşmənindən istəyəndə ata babam Cabbar bəy artıq həyatda yox idi. Xanım nənə oğlunun vəfatından xəbərsiz 1942-ci ildə dünyasını dəyişmişdir.
Azərbaycan xalq təhsilinin inkişafında əvəzsiz xidmətlər göstərmiş Cabbar bəy İsmayıl bəy oğlu Vəlibəyovun 1993-cü ildə anadan olmasının 100, yaratdığı məktəbin 80 illik yubileyi münasibəti ilə həyatı və pedaqoji fəaliyyətini əks etdirən məqalələr çap olunmuş, radioda veriliş səslənmişdir. 1913-cü ildə əsasını qoyduğu Ağdam rayonunun I Baharlı kənd tam orta məktəbinə Cabbar bəy Vəlibəyovun adı verilmiş, Ağdamda 25 may 1993-cü ildə tədbir keçirilmişdir. Hazırda I Baharlı kənd tam orta məktəbi Cabbar bəy Vəlibəyovun adını daşıyır.
Atam - milli fəlsəfi irsimizin əvəzolunmaz tədqiqatçısı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədovun (Baharlı) "Qırmızı taxtapuşlu bina" adlı ata-baba yurdu haqqında xatirələri 1993-cü ildə "Dalğa" qəzetində çap olunmuşdur. O, atasına həsr etdiyi "Atama ithaf!" şeirində yazmışdır:
Cabbar bəy, keçsə də ömrüm sürgündə
Müəllim şöhrətin durur bu gün də
İyirmi yaşında açdığın məktəb
Adını daşıyır yüzilliyində.
(21.II.1993-cü il)
Cabbar bəy Vəlibəyovun anadan olmasının 110 illik yubileyi münasibətilə bu sətrlərin müəllifinin 2003-cü ildə "Azərbaycan müəllimi" qəzetində məqaləsi çap edilmişdir. Eyni zamanda görkəmli pedaqoqun anadan olmasının 120, əsasını qoyduğu I Baharlı kənd tam orta məktəbin 100 illik yubileyi münasibətilə "Cabbar bəy Vəlibəyov və davamçıları" (Bakı, 2014), "Cabbar bəy Vəlibəyov adına I Baharlı kənd tam orta məktəbi" (Bakı, 2015) adlı kitabları işıq üzü görmüşdür. 2018-ci ildə onun anadan olmasının 125 illik yubileyi münasibətilə “Cabbar bəy Vəlibəyov adına I Baharlı kənd tam orta məktəbinin tarixi” adlı adlı monoqrafiyası nəşr edilmişdir.
Fəxr edirəm ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin (indiki Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi) "Qarabağın məşhur müəllimləri" layihəsinin 3 dekabr 2020-ci il tarixli buraxılışında ata babam Cabbar bəy Vəlibəyovun ömür yolu Kütləvi İnformasiya Vasitələrində (muallim.edu.az. və s.) işıqlandırılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mayın 10-da Şuşa Realnı Məktəbində həyata keçiriləcək təmir-bərpa işləri ilə tanış olmalarına aid yayılan informasiyalarda məktəbin yetirmələri sırasında ata babam Cabbar bəy Vəlibəyovun adını oxuyanda qürur hissi keçirdim.
Bu il Cabbar bəy Vəlibəyovun anadan olmasının 130, yaratdığı məktəbin 110 illik yubileyi tamam olur. 19 noyabr eyni zamanda görkəmli maarif xadiminin anım günüdür. Azərbaycan xalq təhsilinin inkişafında ömrünü şam kimi əritmiş görkəmli maarif xadiminin ömür yolu tədqiq edildikcə əziz xatirəsi hər zaman ehtiramla anılacaqdır.
Orxan Zakiroğlu (Baharlı)