15.01.2026, 16:08
AZ EN
15.01.2026, 13:52 77

Şuşa bulaqları: XIX-XX əsrlərdə şəhərin su təminatı və memarlıq irsinin formalaşması

QARABAĞ
  • Şuşa şəhərinin memarlıq kompleksinə daxil olan əsas tikililərdən biri də bulaq və ovdanlardır. XIX əsrin ikinci yarısından etibarən şəhərin əhalisi artdığı üçün burada suya tələbat çoxalıb və şəhərdə onlarla bulaq inşa olunub. Qeyd etmək lazımdır ki, ilk dövrlərdə əhalinin su ehtiyatı həyətlərdə qazılmış quyular hesabına ödənilirdi. Lakin bir çox hallarda quyulardan çıxan su içməyə yararlı olmadığı üçün əhalinin su ehtiyatlarını ödəmək üçün yeni su xətlərinin çəkilməsinə ehtiyac yaranırdı.

Şəhərin su ehtiyacının təmin edilməsində şəhər əsilzadələrinin və zənginlərinin, ələlxüsus Xurşidbanu Natəvanın əvəzsiz rolu olub. Belə ki, 1871-ci ildə onun vəsaiti hesabına Şuşanın 7 kilometrliyində yerləşən Xəlfəli dağından saxsı borularla şəhərə su çəkilmiş və iki böyük bulaq tikilmişdi. “Xan qızı bulağı” adlanan bu bulaqlardan biri 12 gözdən və 8 guşəli çarhovuzdan ibarət olub Xurşidbanu Natəvanın evi qarşısında tikilmişdi. Bu bulağın çəkdirilməsi Xan qızına həmin dövrdə olduqca böyük məbləğ sayılan 20 min manat qızıl pula başa gəlmişdi.

Adətən, bulaqlar məhəllə məscidlərinin meydanlarında yerləşirdi. Çox vaxt onların yanında hovuz tikilirdi. Məscidlər kimi bulaqlar da yerləşdikləri məhəllələrin adları ilə adlanırdı. XIX əsrin ikinci yarısından sonra Şuşada inşa edilmiş bulaqlara misal olaraq Meydan, Çuxur, Dördlərqurdu, Köçərli, Çöl qala, Hamamqabağı, Mamay, Hacı Yusilli və başqa bulaqları qeyd etmək olar.

Bu fikirləri açıqlamasında Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri dosent Elnur Mustafayev söyləyib.

Alimin sözlərinə görə, Şuşa bulaqlarının əksəriyyəti kifayət qədər yığcam, ölçüləri kiçik, adətən dördbucaqlı formada, plastik dizaynlı fasad arxitekturasına uyğun tikilirdi. Şuşa bulaqları eyni üslubda hazırlanmış kiçik formalı memarlıq abidəsi kimi şəhərin küçə və meydanlarının ansambllarını əhəmiyyətli dərəcədə tamamlayır və ümumşəhər ansamblının üslub vəhdətinə gözəllik verirdi.

O qeyd edib ki, Şuşa şəhərində inşa edilən bulaqların bəzilərində ərəb və fars dillərində yazılmış kitabələrə rast gəlmək mümkündür. Adətən, kitabələrdə suyu çəkdirmiş şəxsin adı və bulağın inşa edildiyi tarix qeyd edilirdi. Bu cür bulaqlardan biri də Mamay məhəlləsində yerləşən bulaqdır. Bulaq məhəllənin adına uyğun olaraq Mamay bulağı adlandırılır. Bulaq müsəlmanların su ehtiyacını təmin etmək məqsədilə 1900-cu ildə, Şuşanın zəngin tacirlərindən Səməd Ağa Cavanşir tərəfindən çəkdirilib. Bulağın çəkilməsi o dövrün pulu ilə 10 min manata başa gəlib.

Mamay bulağı Şuşa memarlığının inkişafında yeni mərhələ təşkil edir və Şuşa memarlığına xas olan xüsusiyyətləri özündə əks etdirir. Baş fasad hissəsi düzbucaqlı şəkildə birləşmiş, incə və mürəkkəb quruluşlu sütunlarla bəzədilmişdi. Divar hissəsi əhəng məhlulundan ibarət yerli daşlardan hörülmüş və dəmir damla örtülmüşdü.

“Bulağa üzərinə fars dilində bir kitabə də əlavə hörülmüşdü. Lakin işğal dövründə bulaq ermənilər tərəfindən özününküləşdirilməsinə cəhd edilib, ərəb əlifbalı kitabə dəyişdirilərək erməni dilində olan xaç və simvollarla əvəz edilib. Bununla yanaşı, əvvəllər mövcud olmayan yeni simvol və yazılar da əlavə olunmuşdu.

Hazırda ermənilər tərəfindən əlavə olunan bütün simvol və yazılar sökülərək, bulaq öz əvvəlki görkəminə uyğun bərpa edilib. Abidənin ermənilər tərəfindən dağıdılan ilk kitabəsi olduğu kimi yenidən yazılaraq yerinə qaytarılıb.

Kitabənin üzərinə bu sözlər yazılıb: Tərcümə: “Bağışlayan və mehriban Allahın adı ilə. Müsəlmanların su payını mərhum Səməd ağa Cavanşir mənbəyindən bura qədər gətirmiş və bu imarəti inşa etmişdir. Allah ondan (bu xeyir işi) qəbul etsin. 1318 hicri. Göründüyü kimi, Mamay məhəlləsində yerləşən bu bulaq, hicri-qəməri 1318, Miladi 1889/1900-cu ildə tacir Səməd ağa Cavanşirin vəsaiti hesabına çəkilib və burada ovdan inşa edilib”, - deyə alim bildirib.

E.Mustafayev əlavə edib ki, Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən təcavüzkar əməllərin qurbanları təkcə ölkə vətəndaşları deyil, həm də yaşı min illərə söykənən tarixi-mədəni abidələrimizdir. Azərbaycanın mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsi olduğundan ölkəmizin ərazisində xalqımızın çoxəsrlik tarixi keçmişindən yadigar qalmış mədəniyyət abidələrinin erməni vandalizmindən mühafizəsi beynəlxalq əhəmiyyət kəsb edən bir problemdir. Ona görə ki, təcavüzkar Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində mədəni irsin məhv edilməsinə və saxtalaşdırılmasına yönələn, beynəlxalq konvensiyalarda bəşəri cinayət kimi qiymətləndirilən əməllər törədib.

Ermənistan Azərbaycanın işğal edilmiş torpaqlarında ölkəmizə qarşı mədəni təmizləmə siyasəti həyata keçirərək, tarixi və mədəni irsimizi məqsədyönlü şəkildə və xüsusi qəddarlıqla məhv edib. Bu əməllər isə ümumilikdə bəşəriyyətə qarşı mənəvi soyqırımıdır. (AZƏRTAC)

Oxşar xəbərlər