Hələ 1829-cu ildə Şuşada 28 Bez Karxanası fəaliyyət göstərirdi. 80 toxucu dəzgahında il ərzində 8 min ədəd on arşınlıq bez toxunurdu. Həm xaricdən gətirilən, həm də yerli istehsala məxsus, xalq arasında “Məni aldatdı”, “Alışdım-yandım”, “Hacı, mənə bax”, “Küçə mənə dar gəlir”, “Pinti məni geyinməz”, “Qonşu bağrı çatladan”, “Dəymə, gülüm tökülər” adlandırılan parçalardan müxtəlif geyimlər tikilirdi. Qarabağın qadın geyimləri “Alt paltarı” və “Üst paltarı”ndan ibarət idi. Kasıb qadınların alt paltarı bəzəksiz, boğaz altında sadə düymə ilə bağlanırdı. Varlı qadınlarda qızıl düymə olur və rəngarəng bəzəklərdən istifadə edilirdi. Gənc qızlar və gəlinlər üçün gözoxşayan rənglər seçilir, yaşlı qadınlar isə daha sadə və tünd parçalardan istifadə edirdi.
Milli Azərbaycan Tarixi Muzeyinin Geyim Fondunda Qarabağa aid qadın tumanları mühafizə olunur ki, bunlardan ikisi Xurşudbanu Natəvana məxsusdur. Bu geyim növü alt, ara və orta tuman olmaqla 3 çeşiddə hazırlanırdı. İqlim şəraitindən asılı olaraq beş, hətta səkkiz tumanı da üst-üstə geyinirdilər. Qarabağ bölgəsində qış aylarında “Yorğan tuman” da geniş yayılmışdı. Sırınmış yorğanı xatırladan bu geyimi yaşlı və xəstə qadınlar geyinirdi. Həmin dövrdə qadının topuğu görünməməli idi. Bu səbəbdən tumanların uzunluğu topuğu örtürdü. Tumanlar ənənəvi xalq geyimlərinin yeganə növüdür ki, xırda dəyişikliklərlə bu gün də əhalinin yaşlı təbəqəsi tərəfindən istifadə edilir. Kostyumlar isə əvvəllər kübar ailələrin xanımlarının geyim kolleksiyasına daxil idi. Etnoqrafiya Fondunun Geyim Kolleksiyasında saxlanılan ən gözəl kostyumlardan biri də XIX əsrin ortalarında əllə tikilmiş, məşhur Kəbirlinskilər ailəsinə məxsus kostyumdur.
XIX əsrin sonlarında Qarabağın Savorsk məktəbinin nəzarətçisi Nikolay Qriqoriyey yazırdı: “Qarabağda yaşayan erməni qadınları öz libaslarını bir kənara qoyaraq, azərbaycanlıların nisbətən gödək biçimli arxalıqlarını, çəpkənlərini geyinirdilər”.
Qadın baş geyimləri iki qrupa bölünürdü: geyinmə və bağlama. Birinci qrupa tac, araqçın, təsək, çutqu, dincə, ikinci qrupa isə ləçək, çalma, kələğayı, örpək, çadra, duvaq və sair aid idi. Qarabağda qızlar öz toy günlərində başlarına tac qoyurdular. Qarabağda əsas təsək növü araqçın adlanırdı. Qalın və qiymətli parçadan tikilən araqçınların alın hissəsinə iki cərgədə qızıl pullar tikilirdi. Çalma başda möhkəm dayansın və gözəl görünsün deyə, evli qadınlar onun üstündən qarmaq vururdular. Kəlağayılardan varlı qadınlar gündəlik istifadə edirdilərsə, yoxsul qadınlar ancaq bayram günlərində istifadə edirdi. Həmin dövrdə corab da abır-həya rəmzi sayılırdı. Adətə görə qadının ayağı görünməməli idi. Buna görə də qadınlar isti yay günlərində də corabla gəzirdi. Qarabağda boyanmış ipək saplardan “keçi corablar” toxunurdu. Bu corabları adətən qız evinin adamları və ya nişanlı qızın özü bəy və onun sağdış-soldışı üçün toxuyurdu. Həmin corabları yalnız toy günü geyinirdilər. Qarabağ bölgəsində geniş istifadə edilən qadın geyimlərindən biri də quşkeçən adlandırılan (dikdaban) geyim idi. Quşkeçən ayaqqabılar nişanlı qızlara bayram və toy hədiyyəsi kimi aparılırdı. Etnoqrafiya Fondunda Xan qızı Xurşudbanu Natəvana məxsus, onun öz əlləri ilə bəzədiyi başmaq nümunəsi də saxlanılır. Bu başmaq qiymətli material hesab olunur.
Hazırladı: Tahirə AĞAMİRZƏ