Keçmiş SSRİ-də yeganə olan Şuşa Şərq milli musiqi alətləri fabriki 1962-ci ildən sex kimi fəaliyyətə başlamış, 1972-ci ildən isə istehsal imkanları genişləndirilmişdi. Moskvadan, Tbilisidən, Leninqraddan təzə avadanlıqlar alınmış və yeni bina inşa edilərək sex fabrik statusunu almışdı.
Şuşanın Şərq musiqi alətləri fabrikinin məhsullarına dövlət keyfiyyəti nişanı verilmişdi. Fabrikdə düzəldilən tar, kamança, qaval, nağara və.s milli musiqi alətləri Gürcüstan, Rusiya, Qazaxıstan, Orta Asiya və digər müttəfiq resbublikalara göndərilirdi. Bununla yanaşı Yaxın Şərq ölkələri və Hindistana da ixrac edilirdi. Fabrikin məhsulları ümumittifaq və beynəlxalq sərgilərdə nümayiş olunur və yüksək mükafatlara layiq görülürdü. Fabrikdə 100-dən çox usta çalışırdı. İstehsal üçün xammal kimi əsasən yerli ağaclardan istifadə edilirdi. Lakin Azərbaycanın digər bölgələrindən də ağac tədarük edilirdi. Xüsusilə tut ağacından geniş istifadə olunurdu.
1992-ci il Şuşa ermənilər tərəfindən işğal edildikdən sonra başqa tarixi abidələr kimi fabrik də düşmənlər tərəfindən dağıdıldı. Müzəffər Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Rəşadətli Ordumuz Şuşanı azad etdikdən sonra şəhərdə genişmiqyaslı təmir-bərpa işlərinə start verilib.
Hazırladı: Mina RƏŞİD