Xocavənd rayonunun Edilli kəndi Qarabağ silsiləsinin cənub-şərq ətəyində yerləşir. Toponim qırğızların edilli tayfa adından götürülmüşdür. Mənbələrdə qeyd olunur ki, Xəzərlərin üç paytaxt şəhərlərindən birinin adı İdil, Volqa çayının keçmiş adlarından biri İtil olmuşdur. Türkiyənin Qars əyalətində Edilli adlı kənd mövcuddur. 1185-ci ilə aid rus mənbələrində Cənub-Şərqi Avropa çöllərində yaşayan qıpçaqların bir tayfasının adı Etebiçi kimi qeyd edilmişdir. 1588-ci ilə aid mənbədə Gəncə qəzasında Kürək aranı (Kürəkçay sahilində qışlaq) adlı yerdə İdlu adlı bir el qışlamışdı. Göyçə mahalında Etil və yuxarıda qeyd etdiyimiz kimi , Türkiyədə Edilli kənd adları mənşəcə eynidir. Kəndin adı 1727-ci ildə Osmanlı qaynaqlarında Dizaq nahiyəsinin Eydilli (Beydilli) kəndi kimi yazılmışdır. Erməni işğalı dövründə kənddə azərbaycanlılara məxsus tarixi abidələr, qəbiristanlıqlar və yaşayış evləri dağıdılaraq məhv edilmişdir. Edilli kəndi 15 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
İsa Musayev