Məlum olduğu kimi, dekabrın 26-da keçirilən MDB dövlət başçılarının qeyri-rəsmi zirvə toplantısında iştirak etmək üçün Sankt-Peterburqa gedən Ermənistanın baş naziri N.Paşinyan 11 nəfərlik rəsmi nümayəndə heyətindən başqa həyat yoldaşı və kiçik qızı Arpini də aparıb. «Joğovurt» qəzeti 27 dekabr tarixli sayında göstərir ki, baş nazirin və nümayəndə heyətinin bütün xərcləri Ermənistan respublikasının müvafiq qanunları ilə tənzimlənir və bununla bağlı hökumət hər il hesabat verir. Özündən əvvəlki iqtidarları dövlət əmlakını mənimsəməkdə dəfələrlə ittiham edən və onları talançı adlandıran Nikol Paşinyan, qəzetin etibarlı mənbədən aldığı məlumata görə, özünün yaxın adamlarını məhz dövlət vasitəsi hesabına müayinə və müalicə etdirir.
Qəzet yazır ki, məsələn, Ağvan Ayvazyan, Robert Qafqazyan və Paşinyana yaxın daha 10 nəfər bu il dövlət hesabına xaricdə uzun müddət müalicə olunublar. Paşinyan kiçik qızını Sankt-Peterburqa müayinə və yeri gələrsə müalicə etdirmək üçün dövlətin ayırdığı nəqliyyat vasitəsindən istifadə etməsini də qeyri-qanuni hesab edən «Joğovurt» qəzeti baş nazirin xalqa hesabat verməsinin vaxtının gəlib çatdığını da vurğulayıb. Qəzet bildirir ki, sözdə korrupsiyaya qarşı mübarizə aparan Ermənistan iqtidarı öz əməlləri ilə xalqın cibinə girib onun daha da çətin həyat yaşamasına səbəb olub.
NƏSİB