Məlum olduğu kimi, Azərbaycanın Milli Məclisi noyabrın 8-də Ermənistan-Azərbaycan münasibətləri, Ermənistanın qeyri-konstruktivliyi barədə sənəd qəbul etmişdir. Ermənistan parlamentinin «Hayastan» fraksiyası isə bununla bağlı parlamentə müraciət edərək dekabrın 2-də növbədənkənar iclas keçirib müvafiq bəyənat qəbul etməyi istəmişdir. Erməni mətbuatının verdiyi xəbərə görə dekabrın 1-də «Vətəndaş müqaviləsi», «Hayastan» və «Badiv unem» fraksiyalarının nümayəndələrindən ibarət bir qrup deputat iclasın gündəliyi üçün nəzərdə tutulmuş məsələni və qəbul ediləcək sənəd layihəsini müzakirə ediblər. Toplantıda iştirak edən xarici əlaqələr üzrə daimi komissiyanın rəhbəri, Paşinyan komandasının üzvü Eduard Ağacanyan bununla bağlı fikir bildirərkən vurğulayıb ki, sənədin layihəsində Ermənistan hökumətinin mənafeyi ilə uyğun gəlməyən 4 bənd vardır və onlar müzakirədən çıxarılmalıdır. Dekabrın 2-də saat 11-də isə Ermənistan parlamentinin sözügedən məsələ ilə bağlı növbədənkənar iclası başlayıb və bu birbaşa yayımlanıb. Parlamentin sədri Alen Simonyan Qətər dövlətinin rəhbərinin dəvəti ilə futbol oyunlarına baxmağa getdiyi üçün iclası «vətəndaş müqaviləsi» fraksiyasının üzvü, Ermənistan parlamentinin sədr müavini, Türkiyə ilə danışıqlar üzrə xüsusi nümayəndə Ruben Rubinyan aparıb. «Hayastan» blokunun nümayəndəsi Andranik Tevanyan Azərbaycan Milli Məclisinə cavab üçün nəzərdə tutulan bəyanatın mətnini oxuyub. İlk cümlədəncə bunun beynəlxalq hüquqlara zidd olduğu açıq-aydın görünür. A.Tevanyan «arsaxın müstəqilliyinin» qəbul edilməsini və onun Azərbaycanın tərkibində qalmaması üçün bütün vasitələrdən istifadə olunmasının zəruriliyini bildirib. Beynəlxalq qanunları ermənisayağı yozan bu deputatın fikirləri parlamentin xarici əlaqələr üzrə daimi komissiyasının sədri Eduard Ağacanyanın konkret faktları ilə təkzib edilib. «Hayastan» blokundan deputat Anqesa Xamoyan, Geğam Manukyan, Mamicanyan və b. A.Tevanyanı dəstəkləməklə iqtidarın ünvanına tənqidi fikirlər səsləndiriblər. Deyiblər ki, Azərbaycanla danışıqlarda Paşinyan və komandası güzəştə yol verir, onlar «arsaxın müstəqilliyi» barədə deyil, orada yaşayan ermənilərin azsaylı xalq kimi hüquqlarının qorunması və təhlükəsizliyinin təmin edilməsi barədə dialoq aparırlar. Beynəlxalq siyasi arenada Azərbaycanın mövqeyinin getdikcə möhkəmləndiyini bildirən Eduard Ağacanyanı isə siyasi səriştəsizlikdə və öz komandasının hakimiyyətini möhkəmləndirməyə çalışmaqda təqsirləndiriblər. Tərəflər arasında getdikcə qızışan mübahisə «Hayastan» fraksiyasının digər üzvü, 3 aydan çox davam edən etiraz aksiyalarının liderlərindən olan İşğan Sağatelyanın da düzgün mövqedə olmadığını, daha doğrusu müharibəyə meylliliyini yenə də təsdiqləyib. Rusiya Federasiyasının xarici işlər naziri S.Lavrovun DQMV-nın Azərbaycan SSR-in tərkibində olması və həm BMT, həm də Alma-Ata sənədlərində bunun öz əksini tapmasını deməsi də müxalif erməni deputatların ciddi tənqidi ilə qarşılaşıb. Andranik Tevanyan Azərbaycanın guya Ermənistana təcavüz etdiyini və yeni təcavüz üçün bəhanələr axtardığını saxta faktlarla vurğulayaraq bildirib ki, «əgər «arsax» getsə, Vardenisi, Sevanı, Sünixi, İrəvanı da verməliyik ki, rahat yaşayaq».
Etibarlı dost hseab etdikləri Fransanın, İranın, Hindistanın Ermənistanın mövqeyini müdafiə etmələrini beynəlxalq ictimai rəy kimi dəyərləndirən erməni müxalif deputatlar çıxışlarında qardaş Türkiyənin və Azərbaycanın dostlarının ünvanına da təhqiramiz ifadələr işlədiblər. Onlar Türkiyənin adını dəfələrlə çəkərək onun beynəlxalq təşkilatlara təzyiq göstərdiyini vurğulayıblar. «Hayastan»ın nümayəndələri belə bir gülməli ifadə də işlədiblər ki, 44 günlük müharibədə Ermənistan deyil, «arsax» məğlub olub. Ermənistanın isə guya güclü ordusu var və o dostlarının dəstəyi ilə nəinki öz ərazisini, hətta Türkiyə və Azərbaycanın müqavilə imzaladıqları Şuşa şəhərini tutmağa qadirdir. Bütün bunlardan sonra yenidən deməyə əsas yaranır ki, erməni xəstəliyi sağalan deyil, əksinə Fransa və İran kimi mənəviyyatdan kənar rejimlərin dəstəyi nəticəsində həmin xəstəlik Ermənistanı birdəfəlik məhv edəcək. Bəlkə, elə bunun qarşsısını müvəqqəti də olsa almaq üçün “Hayastan” blokunun bəyanat layihəsi səsvermə zamanı qəbul edilmədi və erməni deputatlar didişə-didişə parlamentin binasını tərk etdilər.
Nəsib QARAMANLI