Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev bildirib.
O qeyd edib ki, Cənubi Qafqaz Avropa ilə əməkdaşlıq baxımından Asiya qitəsində mühüm geosiyasi mövqeyə malikdir. Lakin son 30 ildə regionda baş verən geosiyasi hadisələr burada yaşayan xalqların təhlükəsizliyinə və davamlı sosial-iqtisadi inkişafına mənfi təsir göstərib.
Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsində Azərbaycanın əldə etdiyi möhtəşəm Zəfər regionda yeni reallıqlar formalaşdıraraq əsaslı inkişaf strategiyalarının müzakirəsi üçün yeni imkanlar yaradıb.
M.Əfəndiyev bildirib ki, martın 11-də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri və Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatı ölkəmizin Avropa İttifaqı ilə qarşılıqlı dialoqa və əməkdaşlığa verdiyi əhəmiyyətin bariz göstəricisidir. Dövlətimizin başçısının çıxışı zamanı səsləndirdiyi fikirlər Azərbaycanın yenidən formalaşan qlobal siyasi arxitektura şəraitində regionun inteqrasiyası istiqamətində Avropa İttifaqı ilə fəal əməkdaşlıq etdiyini bir daha nümayiş etdirir. Prezident İlham Əliyevin “Bu ilin yanvarında ticari dövriyyəmizin 50 faizi Avropa İttifaqı ilə bağlı olub. Ötən il dövriyyə bir az aşağı olmuşdur, lakin o, həqiqətən göstərir ki, Avropa İttifaqı bizim üçün bir nömrəli ticari tərəfdaşdır”, - sözləri Azərbaycan-Aİ münasibətlərinin müsbət dinamika ilə inkişaf etdiyini göstərir.
Deputatın sözlərinə görə, xüsusilə 2022-ci il iyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasından sonra ölkəmiz Aİ üçün regionda əsas aktorlardan birinə çevrilib.
Dördüncü Sənaye İnqilabı fonunda qlobal siyasi arxitektura sürətlə dəyişir və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu prosesdə təkcə enerji resurslarına malik dövlət kimi deyil, həm də qlobal təhlükəsizlik və sabitlik təminatçısı kimi çıxış edir. Avropa İttifaqı Şurası Prezidentinin Bakıya səfəri də Brüsselin Azərbaycanı Avrasiya məkanında söz sahibi olan, müstəqil xarici siyasət yürüdən və regional konfiqurasiyaları müəyyən edən mühüm tərəfdaş kimi qəbul etdiyini göstərir.
Azərbaycan Avropanın enerji xəritəsinin dəyişməsində mühüm rol oynayır
M.Əfəndiyev qeyd edib ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanmış tarixi bəyannamədən irəli gələrək Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə bağlı əldə olunan anlaşma Avrasiya məkanında yeni nəqliyyat imkanları yaradacaq. Bu isə Avropa ilə Asiyanın daha sıx birləşməsinə, həmçinin Azərbaycan-Avropa İttifaqı tərəfdaşlığının daha da möhkəmlənməsinə şərait yaradacaq.
Deputat vurğulayıb ki, indiyədək Azərbaycan ilə İttifaq arasında qurulan münasibətlər qarşılıqlı hörmətə və real nəticələrə əsaslanan səmərəli əməkdaşlıq nümunəsidir. Enerji təhlükəsizliyi sahəsində həyata keçirilən Cənub Qaz Dəhlizi və yaşıl enerji layihələri bu əməkdaşlığın mühüm nəticələrindəndir. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu münasibətlər artıq ənənəvi çərçivələri aşaraq yeni istiqamətləri də əhatə edə bilər. Belə ki, davamlı inkişafın təmin olunmasında süni intellekt texnologiyalarının tətbiqi tərəflər üçün ortaq maraq doğurur və Azərbaycan bu sahədə qabaqcıl rəqəmsal həlləri tərəfdaşlıq formatında təqdim etməyə hazırdır.
“Dövlət xidmətlərinin müasirləşdirilməsi sahəsində Azərbaycanın “ASAN xidmət” modeli də Avropa ilə təcrübə mübadiləsi üçün mühüm platforma yaradır. Qlobal və regional təhlükəsizliyin həssas istiqamətlərindən biri olan kiberməkanın qorunması və sərhədlərin intellektual idarə olunması sahəsində birgə səylər həm Cənubi Qafqazın, həm də Avropanın təhlükəsizliyinə mühüm töhfə verə bilər. Azərbaycan Avropanın enerji xəritəsinin dəyişməsində mühüm rol oynayaraq yeni dünya düzənində təhlükəsizlik və inkişaf dəhlizlərinin mərkəzində dayanır. Azərbaycan-Avropa İttifaqı tərəfdaşlığı həm ölkəmizin milli maraqlarına cavab verir, həm də qlobal çağırışların həlli istiqamətində etibarlı əməkdaşlıq platforması yaradır”, - deyə M.Əfəndiyev bildirib. (AZƏRTAC)