16.03.2026, 16:01
AZ EN
16.03.2026, 14:30 201

Qarabağda torpaqlar əkin dövriyyəsinə qaytarılır

QARABAĞ
  • Qarabağ və Şərqi Zəngəzurda məskunlaşan əhalinin kənd təsərrüfatı torpaqları ilə təminatı "Böyük Qayıdış" proqramının prioritetlərindən biridir. Bu proses Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 2024-cü il tarixli 544 nömrəli Qərarı ilə təsdiq edilmiş qaydalarla tənzimlənir. İşğaldan azad olunmuş ərazilərdə məskunlaşan sakinlərin kənd təsərrüfatı torpaqları ilə təmin olunması xüsusi güzəştli icarə mexanizmi əsasında həyata keçirilir. Əkin, heyvandarlıq və digər təsərrüfat fəaliyyətləri üçün torpaq sahələri icarə və ya mülkiyyət hüququ ilə verilir, həmçinin ərazinin minalardan təmizlənməsi, infrastrukturun qurulması və subsidiyalarla dəstək təmin edilir.

"Böyük Qayıdış" proqramı çərçivəsində sakinlərin məşğulluğunu təmin etmək üçün Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində mal-qara, toxum, gübrə və digər kənd təsərrüfatı aktivləri (avadanlıqlar) də təqdim edilir. Buraya güzəştli kreditlər, suvarma sistemləri və su mənbələrindən istifadə imkanları da daxildir. Xüsusilə işğaldan azad olunmuş kənd və qəsəbə sakinlərinə torpaqlar güzəştli şərtlərlə icarəyə verilir. Hazırda həmin ərazilərdə torpaqlar xüsusi mülkiyyətə deyil, dövlət mülkiyyətində saxlanılaraq uzunmüddətli icarəyə verilir. Torpaqların ayrılması prosesi Kənd Təsərrüfatı Nazirliyinin "Elektron kənd təsərrüfatı" informasiya sistemi (EKTİS) vasitəsilə idarə olunur. Birillik əkinlər (məsələn, taxıl, tərəvəz) və yonca əkinləri üçün ilkin olaraq 2 il müddətinə, çoxillik əkmələr (bağçılıq, üzümçülük və s.) üçün 5 il müddətinə müqavilə bağlanılır. Müddətin sonunda torpaqdan təyinatı üzrə səmərəli istifadə edildiyi halda icarə müddəti uzadıla bilər. Bu proqramın əsas məqsədlərindən biri də Qarabağ və Şərqi Zəngəzur bölgəsində iqtisadi fəallığı artırmaq, həmin ərazilərə köçürülmüş əhalinin məşğulluğu təmin etmək və ərzaq təhlükəsizliyinə töhfə verməkdir.

Röya SALMANQIZI

Oxşar xəbərlər