03.12.2024, 21:58
AZ EN
04.03.2022, 13:00 183

Qarabağda kompleks elmi tədqiqatların aparılması zəruridir

QARABAĞ

Martın 1-də AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov Biologiya və Tibb Elmləri Bölməsinin elmi müəssisələrinin baş direktorları, icraçı direktorları və elmi katibləri ilə görüşüb.

AMEA-nın rəsmi internet səhifəsi (https://science. gov.az/az/) bu barədə məlumat yayıb. Arif Həşimov qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsi dövlət siyasətinin əsas prioritetlərindən biridir və bu baxımdan Biologiya və Tibb Elmləri Bölməsinin elmi müəssisə və təşkilatlarının da üzərinə xüsusi məsuliy­­yət düşür. Ermənilər tərəfindən törədilmiş ekoloji fəlakətin miqyasının qiymətləndirilməsi, regionun biogeoekoloji vəziyyətinin monitorinqi, işğaldan azad olunmuş ərazilərin biosenozlarının və bioloji müxtəlifliyinin işğaldan əvvəlki vəziyyətlə müqayisəli kompleks tədqiqi, Qarabağ ərazisi üzrə xarakterik, o cümlədən nadir və itmək təhlükəsində olan bitkilərin introduksiya və reintroduksiyası ilə bağlı tədqiqatların aparılması, genofondun bərpası məqsədilə bitkilərin biotexnoloji üsullarla çoxaldılması, işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının bərpasının elmi əsaslarının işlənilməsi, müvafiq torpaq-iqlim şəraitinə uyğun və məhsuldar bitki sortları və heyvan cinslərinin yaradılması və tətbiqi istiqamətində kompleks tədqiqatlar həyata keçirilməlidir.

AMEA-nın vitse-prezidenti, Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurasının sədri akademik İradə Hüseynova bu gün bölmənin müəssisələrində akademik Cəlal Əliyev məktəbinin yetirmələrinin çalışdığını və əməkdaşların zəngin elmi potensiala malik olduğunu söyləyib. Qeyd edib ki, XXI əsr biologiya, həyat elmləri, biotexnologiyalar əsridir və bu da Biologiya və Tibb Elmləri Bölməsinin elmi müəssisələri və alimləri qarşısında ciddi məsuliyyət qoyur. Akademik İradə Hüseynova bu gün elmimizə ölkə rəhbərliyi tərəfindən böyük diqqətin olduğunu deyib və Prezident İlham Əliyevin alimlər qarşısında qoyduğu vəzifələrin həyata keçirilməsi üçün səylə çalışmağın zəruriliyini vurğulayıb.

Akademik İradə Hüseynova Qarabağın işğaldan azad edilmiş ərazilərində elmi tədqiqatların aparılması istiqamətində görülən işlərdən söz açıb. O, Genetik Ehtiyatlar İnstitutunun Qarabağ Elmi-Tədqiqat Bazasının infrastrukturunun bərpası istiqamətində proqramın hazırlandığını, 2021-ci ildə bölmənin təşkilatçılığı ilə Tərtər rayonunun Şıxarx qəsəbəsində tarla seminarının, eləcə də AMEA-da “Qarabağın biomüxtəlifliyi, torpaq və su ehtiyatları: keçmişi, bu günü və gələcəyi” mövzusunda beynəlxalq konfransın keçirildiyini diqqətə çatdırıb. Həmçinin bildirib ki, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev son aylarda Şuşa və Ağdam şəhərlərinin içməli su ilə təchizatına dair yaradılmış müvafiq komissiyanın iclaslarında iştirak edib. Bölmə sədri, eyni zamanda, “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı” çərçivəsində və Kür çayında suyun səviyyəsinin aşağı düşməsi problemləri istiqamətində bölmənin alimlərinin mühüm tədqiqatlar apardıqlarını deyib.

Görüşdə AMEA-nın müxbir üzvləri Əlövsət Quliyev, Zeynal Əkpərov, Tofiq Məmmədov, Pənah Muradov, professorlar Səyyarə İbadullayeva, Ulduz Həşimova, dosent Ələddin Eyvazov və Mərkəzi Nəbatat Bağının baş direktoru Natiq Allahverdiyev çıxış ediblər.

Oxşar xəbərlər