23.01.2026, 17:55
AZ EN
23.01.2026, 17:00 144

Erməni alimin məruzəsində diqqətdən yayınan məqam - 1926-cı il Türkoloji Qurultayı

XƏBƏRLƏR
  • 1926-cı ildə Bakıda keçirilən I Ümumittifaq Türkoloji Qurultayda qeyri-türk xalqlarının nümayəndələri də iştirak edirdi. Onlardan biri erməniəsilli Raçiq Açaryan (Qraçiq Acayran) idi. Açaryanın Türkiyə türkcəsində etdiyi “Türk və erməni dillərinin qarşılıqlı təsiri” adlı məruzə bu gün də bir çox tədqiqatçılar tərəfindən “obyektiv” kimi dəyərləndirilir. Çünki o, çıxışında türk dilindən erməni dilinə təxminən 4000 söz keçdiyini, bəzi hallarda bütöv cümlələrin tamamilə türk sözlərindən ibarət olduğunu, türk dillərinin tarix boyu erməni dilinə bütün dil səviyyələrində təsir göstərdiyini qeyd etmişdi. Məruzədə qədim erməni dili (qrabar) ilə yeni erməni dili (aşxarabar) arasındakı keçidə xüsusi diqqət yetirilir və bu keçidin əsas dil stimullarından birinin türk dili olduğu fikri irəli sürülürdü. İlk baxışdan bu yanaşma qulağa və qəlbə xoş gəlir. Lakin bu, aysberqin yalnız görünən hissəsidir.

Bu fikirlər türkoloq, tarix elmləri doktoru Güllü Yoloğlunun “1926-cı il Türkoloji Qurultayı: Məruzədə diqqətdən yayınan məqam” məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Əsl problem Açaryanın çıxışının ilk cümləsində gizlənir. O deyir: “1021-ci ildə türklər ilk dəfə Ermənistana daxil olub. Qısa müddət ərzində bütün ölkəni fəth edərək daha da qərbə doğru irəliləyiblər”. Beləliklə, erməni alim türklərin bu ərazilərə gəlişini XI əsrə bağlayır. Təəssüf ki, bu iddiaya nə qurultayda fikir verməyiblər və ya bilərəkdən görməzdən gəliblər.

Açaryan daha sonra bildirir: “O vaxtdan (1021-ci il) bu günədək (1926-cı il), doqquz əsr ərzində ermənilər və müxtəlif türk-tatar tayfaları səlcuqlar, tatarlar, türkmənlər, özbəklər, azərbaycanlılar və osmanlılar yanaşı yaşayıblar. Bu birgə yaşayış mədəni həyatın müxtəlif sahələrində qarşılıqlı təsirə səbəb olub. Lakin mən yalnız dil hadisələri üzərində dayanacağam”.

Beləliklə, Qraçiq Açaryana görə, biz türklər cəmi doqquz əsrdir ki, gəlib ermənilərlə qonşu olmuşuq. Düşünürəm ki, erməni alimin məmnunluqla dilə gətirdiyi erməni dilindəki 4000 türk sözü məhz bu torpaqlarda formalaşmış qədim və zəngin türk tarixinin üzərində qurulub.

Maraqlıdır ki, Türkoloji Qurultayda qeyri-türk xalqlarının iştirakından bəhs edən bir çox müəlliflər Açaryanın adını ya ümumiyyətlə çəkmir, ya da onun məruzəsinin mahiyyətinə toxunmurlar.

Açaryan Eçmiədzində nəşr olunan “Eminsk Etnoqrafiya Məcmuəsi”ndə də yazır ki, Konstantinopol, Van, Qarabağ və Don üzərindəki Naxçıvan şivələrində türk dilindən alınmış sözlərin ümumi sayı 4000-ə çatır. Bu vurğular, əslində, onun elm pərdəsi altında ciddi siyasət yeritdiyini də açıq şəkildə ortaya qoyur. Təbii ki, o dövrdə Moskvanın nəzarəti altında keçirilən həmin qurultayda isə bu cür incə, lakin təhlükəli məqamları görən və ya görmək istəyən olmadı.

Niyə erməni dilindəki 4000 türk sözündən danışan Qraçiq Açaryan niyə çıxışının ilk cümləsində türklərin tarixini təhrif edir? Ona bu cəsarəti verən nə idi?

Bu sualın cavabını onun tərcümeyi-halında tapmaq mümkündür. Qraçiq Açaryan 1876-cı ildə İstanbulun Fatih ilçəsinə bağlı, yunanların Samatya adlandırdığı məhəllədə doğulub, burada Kedronakan erməni liseyini bitirib, daha sonra Sorbon və Strasburq universitetlərində təhsil alıb. Müxtəlif mənbələrdə onun İstanbulda, Tehranda, Təbrizdə, Eçmiədzində, hətta Şuşada erməni məktəblərində müəllimlik etdiyi qeyd olunur.

Erməni və yunan məhəlləsində böyüyən, erməni liseyində və ermənipərəst universitetlərdə təhsil alan, ömrü boyu erməni dilində dərs deyən və ən əsası, 1915-ci il hadisələrinin şahidi və iştirakçısı olan bir şəxsin bu cür auditoriyada öz mövqeyini nümayiş etdirməsi təsadüfi deyildi. (AZƏRTAC)

Oxşar xəbərlər